Qarabağ Universitetində “Vergi hüquq münasibətlərinin spesifik xüsusiyyətləri” mövzusunda seminar
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Qarabağ Universiteti arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində Universitet tələbələrinin inkişafına yönəlmiş bir sıra tədbirlər həyata keçirilib.
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən Qarabağ Universitetinin professor-müəllim və tələbə heyəti üçün “Vergi hüquq münasibətlərinin spesifik xüsusiyyətləri” mövzusunda seminar təşkil olunub. Seminar Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov və Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev tərəfindən aparılıb. Tədbir zamanı vergi hüquq münasibətləri sahəsində aktual məsələlərin müzakirə olunub və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi qeyd edilib.
İnteraktiv formatda təşkil olunan seminarda dinləyicilərin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bu sahədə tədbirlərin davamlı olacağı qeyd olunub.
