Ali təhsil müəssisələrinin professor-müəllim heyəti üçün vergi savadlılığı üzrə təlim keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrinin professor-müəllim heyəti üçün vergi savadlılığı üzrə təlim təşkil olunub.
Azərbaycan Dövlət İqtisad Universitetində baş tutan təlimdə 15 ali təhsil müəssisəsini təmsil edən professor-müəllim heyəti iştirak edib. Tədbirin məqsədi vergi sahəsi üzrə tədris aparan müəllimlərin peşəkar bilik və bacarıqlarını artırmaq, vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqinə dəstək olmaqdır.
Təşəbbüsün ali təhsil müəssisələrində vergi sahəsi üzrə tədrisin təkmilləşdirilməsinə, elmi-praktiki əlaqələrin inkişafına və vergi savadlılığının genişləndirilməsinə töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, vergi mədəniyyətinin formalaşdırılması və maliyyə savadlılığının inkişafı istiqamətində tədbirlərin davamı olaraq, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin professor-müəllim heyəti üçün də təlimlərin keçirilməsi nəzərdə tutulur.
