“Vergi və hesabatlılıq” İşçi qrupunun iclası keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” İşçi qrupunun videokonfrans formatında növbədənkənar iclası keçirilib. İclasda Azərbaycan Respublikasının İqtisadi Şurası yanında fəaliyyət göstərən “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrupu”nun “Vergi sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Altqrup”u tərəfindən hazırlanmış təkliflər müzakirə edilib.
İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev ölkədə sahibkarlığın inkişafının dəstəklənməsi və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, sahibkarların qarşılaşdıqları çətinliklərin vaxtında müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə vergi inzibatçılığı müasir çağırışlara uyğun olaraq davamlı şəkildə təkmilləşdirilir. Bununla yanaşı, vergi ödəyicilərinin inzibati yükünün azaldılması, rəqəmsal xidmətlərin əlçatanlığının və funksionallığının artırılması, vergi münasibətlərində şəffaflığın, qarşılıqlı etimadın və könüllü əməletmə səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli tədbirlər görülür.
Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev dövlət qurumları ilə özəl sektor nümayəndələri arasında açıq və konstruktiv dialoq platformalarının formalaşdırılmasının mövcud problemlərin operativ şəkildə müəyyənləşdirilməsi, praktik həll yollarının hazırlanması və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
İclas sahibkarlar tərəfindən irəli sürülmüş təkliflərin müzakirəsi ilə davam etdirilib. Təkliflər, əsasən, vergi inzibatçılığı prosedurlarının sadələşdirilməsi, rəqəmsal xidmətlərin imkanlarının genişləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, maarifləndirmə tədbirlərinin gücləndirilməsi, normativ hüquqi aktların tətbiqi zamanı yaranan praktiki məsələlərin həlli, eləcə də vergi orqanları ilə biznes ictimaiyyəti arasında əməkdaşlıq və kommunikasiyanın inkişafı istiqamətlərini əhatə edib. Təqdim edilmiş təkliflərin iqtisadi səmərəliliyi, hüquqi əsasları, tətbiqi imkanları və gözlənilən nəticələri müzakirə olunub. Bununla əlaqədar, təkliflərin prioritetləşdirilməsi, icra imkanlarının qiymətləndirilməsi və həyata keçirilməsi məqsədəuyğun hesab edilən təşəbbüslərin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
İclasda iştirak edən sahibkarlardan “City Services Group” MMC-nin nümayəndəsi Yadulla Rəhimov, “Brightman BMC” MMC-nin nümayəndəsi Afət Əhmədova, Özəl Tibb Müəssisələri Assosiasiyasının nümayəndəsi Vüqar Eyvazov və “Beynəlxalq Maliyyə və Mühasibat Mərkəzi” MMC-nin nümayəndəsi Cavid Nəcəfov müxtəlif təkliflərlə çıxış ediblər.
İşçi qrupunun rəhbərinin müavini, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov təkliflərin daha səmərəli qiymətləndirilməsi və mövqelərin uzlaşdırılması məqsədilə növbəti mərhələdə koordinasiya qrupu üzvlərinin iştirakı ilə əyani formatda geniş müzakirələrin keçirilməsini təklif edib. Bildirib ki, bu format təqdim edilmiş təşəbbüslərin daha dərin təhlilinə və prioritetlərin dəqiqləşdirilməsinə imkan yaradacaq. Eyni zamanda, İşçi qrupunun üzvləri, biznes assosiasiyaları və ekspertlər tərəfindən təqdim ediləcək yeni təşəbbüslərin operativ qaydada nəzərdən keçirilməsi və müzakirəsi üçün əlavə əməkdaşlıq mexanizmlərinin və məsləhətləşmə platformalarının formalaşdırılması nəzərdə tutulur.
İclasın yekununda təqdim olunmuş təkliflərin aidiyyəti üzrə ümumiləşdirilməsi, mərhələli şəkildə qiymətləndirilməsi və tətbiqi mümkün təşəbbüslərin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.
