16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Vergilər” mövzusunda ümumrespublika olimpiadasının qalibləri müəyyənləşib

Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının final mərhələsi keçirilib.

DVX-nin Şamaxı şəhərində yerləşən Tədris Mərkəzində təşkil olunan final mərhələsində 59 tələbə iştirak edib və yarışın nəticələrinə əsasən qaliblər müəyyənləşdirilib. Qarabağ Universitetinin tələbələri Əli Yusibov birinci, Əbdülkərim Babayev ikinci, Naxçıvan Dövlət Universitetinin tələbəsi Songül İsmayılova isə üçüncü yerə layiq görülüblər.

Qalib tələbələr diplom və hədiyyələrlə təltif olunublar. Eyni zamanda, universitet nümayəndələrinə diplom, olimpiadanın digər iştirakçılarına isə sertifikat və hədiyyələr təqdim edilib.

Olimpiadanın keçirilməsində məqsəd tələbələr arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, vergi sahəsinə marağın artırılması, həmçinin bu istiqamətdə bilik və bacarıqların inkişaf etdirilməsidir. Bununla yanaşı, olimpiada gənclərin vergi sistemi və qanunvericiliyi barədə məlumatlılığının artırılmasına, analitik düşünmə və peşəkar bacarıqlarının gücləndirilməsinə, eləcə də gələcəkdə vergi sahəsi üzrə ixtisaslaşmış insan kapitalının formalaşmasına töhfə verməyi hədəfləyir.

Tədbirdə çıxış edən DVX-nin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov bildirib ki, olimpiada gənclərin vergi sahəsində biliklərinin artırılması ilə yanaşı, onların şəxsi və peşəkar inkişafına da töhfə verir. Mirəli Kazımov qeyd edib ki, iştirakçıların yarış müddətində qazandıqları bilik və bacarıqlar, həmçinin formalaşdırdıqları yeni əlaqələr gələcək fəaliyyətlərində mühüm rol oynayacaq.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali təhsil müəssisələri iş sektorunun müdiri, SABAH qrupları İcra Komitəsinin rəhbəri, dosent Elza Səmədli çıxışında gənclərin karyera inkişafında yeniliklərə açıq olmasının, əməkdaşlıq etməsinin və təşəbbüskarlıq nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

DVX-nin 13 saylı Ərazi Vergilər İdarəsinin rəisi Altay Rəhimov isə tələbələrə davamlı inkişafın əhəmiyyətindən bəhs edərək, onları müasir dövrün tələblərinə uyğun bilik və səriştələr əldə etməyə, öz üzərlərində daim çalışmağa çağırıb.

Bağlanış mərasimində çıxış edən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi Sevinc Teymurova öz inkişafına vaxt ayıran hər bir gəncin uğura doğru mühüm addım atdığını bildirib. Sevinc Teymurova tələbələrə öyrənməkdən, araşdırmaqdan və sual verməkdən çəkinməməyi, daim inkişaf etməyə çalışmağı tövsiyə edib.

Qeyd edək ki, ümumrespublika olimpiadasında ölkənin 29 ali təhsil müəssisəsini təmsil edən ümumilikdə 352 tələbə iştirak edib. İştirakçılar vergi sistemi və vergi qanunvericiliyi üzrə hazırlanmış test suallarını cavablandırıblar.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?