Dövlət Vergi Xidməti maarifləndirici flayerlər hazırlayıb
Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qanunvericiliyə edilmiş yeniliklər nəzərə alınmaqla maarifləndirici flayerlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.Hazırlanan flayerlər aşağıdakı mövzuları əhatə edir:
- Aksizin tətbiqi dairəsinin genişləndirilməsi və sıfır dərəcə ilə vergiyə cəlb olunan əməliyyatların əhatə dairəsinin artırılması;
- Ölkəyə idxal edilmiş minik avtomobillərinə görə aksiz dərəcələrinin dəyişdirilməsi
- Bir sıra aksizli malların aksiz dərəcələrinin yenilənməsi;
- Amortizasiya xərclərinin məhdudlaşdırılması ilə bağlı vacib məqamlar;
- Sərbəst auditorlar və mühasiblər üçün məcburi dövlət sosial sığorta haqlarının hesablanması qaydaları;
- Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər üçün yeniliklər;
- Dövlət müəssisələri üçün nəzərdə tutulmuş dəyişikliklər;
- ƏDV ödəyiciləri üçün azadolmalar və güzəştlər;
- Elektron qaimə-fakturaların tətbiqi ilə bağlı yeniliklər;
- Əmlak vergisi üzrə azadolma və güzəştlər;
- Əmtəəsiz əməliyyat anlayışının genişləndirilməsi;
- Fiziki şəxslərin vergi uçotu ilə bağlı müraciət qaydalarında dəyişikliklər;
- Vergi tutulan gəlirin müəyyənləşdirilməsi zamanı nəzərə alınmayan hallar;
- Yaşayış sahələrini kirayə verən şəxslər üçün tələblər;
- İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün yeniliklər;
- Balıqçılıq fəaliyyəti üzrə vergi ödəyiciləri üçün məlumatlar;
- Mədən vergisi üzrə yeniliklər;
- Media fəaliyyəti ilə məşğul olan şəxslər üçün dəyişikliklər;
- Muzdlu işçisi olan qeyri-dövlət sektoru üçün tələblər (neft-qaz sahəsi istisna olmaqla);
- Qeyri-dövlət sektorunda fəaliyyət göstərən sığortaedənlər üçün yeniliklər;
- Qeyri-rezident müəssisələrdən dividend əldə edən şəxslər üçün qaydalar;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğlə işləyən şəxslər üçün tələblər;
- Sadələşdirilmiş vergi ödəyiciləri üçün dəyişikliklər;
- Texnologiyalar parkı rezidentləri üçün gəlir vergisinin hesablanması qaydaları;
- Tullantı yağlarının qəbulu ilə məşğul olan vergi ödəyiciləri üçün məlumatlar;
- Üfüqi monitorinq modelinin tətbiqi;
- Vəkillər Kollegiyasının üzvləri və sərbəst mediatorlar üçün sosial sığorta qaydaları;
- Bəzi vergi ödəyiciləri üzrə vergi borclarının ödənilməsi qaydalarının dəyişdirilməsi;
- Yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər üçün yeniliklər (muzdlu işçi cəlb etmədən fəaliyyət göstərənlər üçün).
Vergi ödəyiciləri flayerlərlə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş “Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə (flayerlər, 2026)” altbölməsi vasitəsilə tanış ola bilərlər.
