Aliment ödənişi zamanı vergi öhdəliklərinin ardıcıllığı necə müəyyən olunur
Dövlət Vergi Xidmətinə fiziki şəxslərin muzdlu gəlirlərindən aliment tutulması zamanı verginin və sığorta haqlarının hesablanma ardıcıllığı ilə bağlı sorğular daxil olur. Bununla əlaqədar, Vergi Məcəlləsinin 102.1.5-ci maddəsi və Nazirlər Kabinetinin “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndi ilə bağlı ətraflı izahatın verilməsi zərurəti yaranıb.
Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin aliment gəlirləri gəlir vergisindən azaddır. Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində aliment ödənişləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilib.
Bu azadolmalar alimenti alan şəxsə münasibətdə müəyyən edilib. Alimenti ödəyən şəxsə (əməkhaqqı alan işçiyə) münasibətdə işəgötürən tərəfindən əməkhaqqının hesablanması zamanı vergi və sığorta haqları üzrə həmin güzəştlər tətbiq edilmir.
Fiziki şəxslərin muzdlu işdən əldə olunan gəlirlərinin ümumi məbləğindən Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq gəlir vergisi, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Qanunlara uyğun olaraq sığorta haqları hesablanır.
Nazirlər Kabinetinin qərarı ilə “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri” təsdiq edilib və həmin gəlir Növlərinin 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Həmin Qərarla alimenti ödəyən şəxsin əməkhaqqından hesablanan vergi və sığorta haqları üzrə dərəcələrin hansı məbləğə tətbiq olunması müəyyən edilmir, tutulmaların ardıcıllığı tənzimlənir. Burada “vergilər” dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir. Belə ki, alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən vergi və sığorta haqları hesablandıqdan sonra aşağıdakı ardıcıllıqla tutulmalar həyata keçirilir:
1. Gəlir vergisi;
2. Gəlir vergisi tutulduqdan sonra qalan məbləğdən aliment;
3. Aliment ödənildikdən sonra qalan məbləğdən sığorta haqları.
