“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib. Tədbirdə işçi qrup üzvləri və onun fəaliyyətinə bilavasitə cəlb olunmuş məsul şəxslər, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını salamlayaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev cari il ərzində ölkəmizdə biznesə başlama sahəsində əhəmiyyətli işlər görüldüyünü bildirib. İşçi qrupun bir sıra hüquqi təşəbbüslərlə çıxış etdiyini vurğulayan sektor müdiri bildirib ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması proseslərinin elektronlaşması, asanlaşması və reyestrin proaktivliyinin təmin olunması məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələri hazırlanıb. Hazırda həmin sənədlər Milli Məclisin müzakirəsinə təqdim edilmə mərhələsindədir.
Sonra DVX-nin rəis müavini Samirə Musayeva 2025-ci ildə Yol Xəritəsi çərçivəsində həyata keçirilmiş işlər barədə məlumat verib. Bildirib ki, cari ildə hüquqi şəxslərin qeydiyyat prosedurlarının asanlaşdırılması məqsədilə bir sıra əhəmiyyətli işlər görülüb. Qeydiyyat orqanı tərəfindən benefisiar mülkiyyətçi barədə məlumatların reyestrinin aparılması prosesinə dair hüquqi və texniki imkanlar təmin edilib və artıq prosesə başlanılıb.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” layihələrə toxunan rəis müavini bildirib ki, bu sənədlər təsis payının özgəninkiləşdirilməsi (alğı-satqı, bağışlama müqavilələri və s.) və yüklü edilməsi ilə bağlı müqavilələrin proaktiv olaraq qeydiyyat orqanı tərəfindən notariat orqanından alınması və reyestrdə müvafiq dəyişikliklərin qeydə alınmasını nəzərdə tutur.
İşçi qrupun üzvü, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Seymur İsmayılov xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxsin elektron apostil verilmiş xarici mənşəli sənədlərinin Elektron Apostil Proqramı vasitəsilə yoxlanılmaqla tərcüməsinin notarius tərəfindən distant rəsmiləşdirilməsi və qeydiyyat orqanına təqdim olunması ilə bağlı görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, bununla bağlı hazırlıq prosesi davam edir və bəzi texniki məsələlərin həllindən sonra layihənin istifadəyə verilməsi nəzərdə tutulur.
İşçi qrupun üzvü, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin Vətəndaşlıq məsələləri şöbəsinin müdiri Tamerlan Babayev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliklərdən irəli gələrək XİN tərəfindən “Konsul leqallaşdırılması” informasiya sisteminin təsis edilməsi və həmin sistem üzərindən təqdim olunan sənədlərin qeydiyyat orqanına göndərilməsinədək həyata keçirilən bütün zəruri işlərin yekunlaşdırılması istiqamətində görülmüş işlər barədə danışıb. Qeyd edib ki, elektron informasiya sisteminin işləməsi üçün 37 diplomatik missiya uçun zəruri avadanlıqlar alınıb, hüquqi normativ sənədlər hazırlanıb, texniki təminat üzərində iş gedir.
İclasda biznesin təsis edilməsi proseslərinin daha da yaxşılaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Toplantıda iştirak edən konsaltinq şirkətləri benefisiar mülkiyyətçi barədə məlumatlara dair “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliklər və praktiki məsələlərin müzakirəsi üçün ayrıca görüş təklifi ilə çıxış ediblər.
Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir (https://azranking.az/az/working-groups).
