İqtisadçı-ekspertlər: “Prefiling” sistemi məlumatların dürüstlüyü və risklərin azalmasına müsbət təsir edəcək”
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əlverişli biznes mühitinin təkmilləşdirilməsi və vergi inzibatçılığının asanlaşdırılması istiqamətində icra etdiyi layihələrin davamı olaraq, “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) sistemi vergi ödəyicilərinin istifadəsinə verilib. Artıq 2025-ci ilin 3-cü rübünün sadələşdirilmiş vergi bəyannaməsi vergi ödəyiciləri tərəfindən yeni istifadəyə verilmiş qaydada təqdim edilə bilər.
Bu fikri “vergiler.az”a açıqlamasında "Bizcon Audit" MMC-nin direktoru, auditor Anar Bayramov səsləndirib. Onun sözlərinə görə, sadələşdirilmiş vergi bəyannamələrinin öncədən doldurulması sistemi vergi ödəyicisinin vergi orqanlarının məlumat bazasında mövcud olan məlumatları əsasında vergi orqanları tərəfindən avtomatik hazırlanır və bəyannamə vergi ödəyicisinə göndərilir: “Əgər vergi ödəyicisi həmin bəyannamədəki məlumatlar ilə razıdırsa, o zaman bəyannaməni təsdiq edib vergi orqanına təqdim edir. Məsələn, yeni sistem vasitəsilə vergi ödəyicisinin rüb ərzində yeni nəsil nəzarət-kassa aparatında qeydiyyatdan keçmiş satışla bağlı dövriyyə məlumatları avtomatik olaraq sadələşdirilmiş vergi bəyannaməsinin müvafiq sətri və sütünunda qeyd ediləcək. Təqdim edilmiş mal və xidmətlərin dəyəri kimi, habelə həmin kassa çeklərindəki məlumatlara əsasən, pərakəndə satış zamanı müştəridən daxil olmuş məbləğlər bəyannamənin müvafiq sətir və sütunlarında hasilat olaraq əks olunacaq”.

Ekspert bildirib ki, vergi ödəyicisi vergi orqanı tərəfindən öncədən doldurulmuş bəyannamədəki məlumatlarla razılaşmaya da bilər. Məsələn, vergi ödəyicisinə məxsus elə təsərrüfat əməliyyatı (nümunə: satışdankənar gəlir və s.) ola bilər ki, həmin əməliyyat barədə vergi orqanında məlumat olmasın və vergi orqanı tərəfindən öncədən tərtib edilmiş bəyannamədə həmin əməliyyatın dəyəri qeyd edilməsin. O zaman vergi ödəyicisinin “prefiling” sistemi ilə tərtib edilmiş bəyannamədəki məlumatları redaktə edərək daha dürüst məlumatları bəyannamədə əks etdirib düzgün bəyannaməni vergi orqanına təqdim etmək imkanı var: “Prefiling” sistemi ilə bəyannamələrinin tərtib edilməsi vergi orqanlarının inzibati yükünün azaldılmasına, vergi ödəyicilərinin vaxta qənaət etməsinə, məlumatların daha dürüst, etibarlı doldurulmasına və risklərin minimallaşdırılmasına müsbət təsir edəcək. Gözlənilir ki, eyni qaydada digər vergi bəyannamələrin də öncədən doldurulma (“prefiling”) sistemi vergi ödəyicilərinin istifadəsinə veriləcək” – deyə auditor vurğulayıb.
İqtisadçı Eyyub Kərimli hesab edir ki, “prefiling” sistemi, xüsusilə, mikro və kiçik sahibkarlıq subyektlərinin əlavə xərclərinin və vaxt itkisinin aradan qaldırılmasına dəstək olacaq: “Sadələşdirilmiş vergi ödəyiciləri daha çox mikro və kiçik sahibkarlıq subyektlərini əhatə edir. Sahibkarlar vergi bəyannamələrini özləri tərtib edirdi. Çünki vəsaitlərin azlığından mühasib xidmətlərindən istifadə edə bilmirdilər. Ona görə də çətinliklər yaranırdı, qeyri-dəqiq məlumatların təqdim edilməsi halları baş verirdi. Bu da izafi vaxt itkisinə, əlavə texniki işlərə səbəb olurdu. Bu baxımdan “prefiling” sistemini sahibkarların fəaliyyətinin dəstəklənməsi, onlara operativ texniki yardım göstərilməsi kimi qiymətləndirmək olar”.

“Prefiling” sisteminin vergi bəyannamələrinin təqdim edilməsinin asanlaşmasına, şəffaflaşmasına, sahibkarların fəaliyyətinin dəqiqləşdirilməsinə imkan verəcəyini deyən E.Kərimli bunun vergi inzibatçılığının tətbiq edilməsində vaxt itkisinin qarşısını alacağı qənaətindədir. Onun sözlərinə görə, yeni layihə bəyannamələrin daha dəqiq hesablanmasına səbəb olacaq: “Bu həm də beynəlxalq təcrübəyə uyğundur. Mikro və kiçik sahibkarlıq subyektlərinə vergi bəyannamələrini daha rahat və asan formada təqdim etmələrinə, eləcə də onların maliyyə itkilərinin qarşısını almağa imkan verəcək. Sahibkarlar bu sistemdən rahat yararlana biləcəklər”.
Fərqanə ALLAHVERDİQIZI
