6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Jurnalistlər nə qədər vergi ödəməlidirlər?

Jurnalistlər nə qədər vergi ödəməlidirlər?

Jurnalistlər öz fəaliyyətlərini həm fərdi sahibkar qismində, yəni VÖEN-lə, həm də hüquqi şəxs kimi həyata keçirə bilərlər. Hər iki halda onların vergi və sosial öhdəlikləri qanunvericilik normalarına uyğun tənzimlənir. Vergi Məcəlləsinin tələblərinə əsasən, müstəqil jurnalistlərin fəaliyyəti həm sadələşdirilmiş vergi, həm də gəlir (mənfəət) vergisi öhdəliyində ola bilər. Bu fəaliyyət sahəsi üçün nəzarət-kassa aparatı, obyekt kodu, POS-terminal, lisenziya tələb edilmir. Bəs bütün hallarda fərdi sahibkar kimi fəaliyyət göstərən jurnalist nə qədər vergi ödəməlidir?

“vergiler.az”ın sualına "Business Service Centre” şirkətinin mikro və kiçik sahibkarlıq subyektləri üzrə xidmət şöbəsinin rəhbəri Nahid İbrahim aydınlıq gətirir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-1.8-ci maddəsinə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar (fiziki şəxslər) təqvim ili ərzində əldə etdikləri gəlirin (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olan hissəsi üzrə 75% məbləğində gəlir vergisindən azadolma hüququna malikdirlər. Bu azadolma yalnız jurnalist fəaliyyətindən əldə edilən gəlirlərə şamil olunur. Əgər həmin fəaliyyət üzrə illik gəlir 45.000 manatdan artıq olarsa, gəlirə vergi güzəşt tətbiq edilmir. Bu halda artıq gəlirdən çıxılan xərclər nəzərə alınmaqla 20% dərəcəsi ilə gəlir vergisi hesablanır.

Qeyd edək ki, əgər jurnalist fəaliyyəti nəticəsində əldə olunan illik dövriyyə 200.000 manatı keçərsə, fiziki şəxs əlavə dəyər vergisi (ƏDV) qeydiyyatına düşməli və müvafiq ƏDV öhdəliklərini yerinə yetirməlidir.

Misal 1: Gəlir vergisi mükəlləfiyyətində olarsa (güzəştli):

Tutaq ki, fərdi sahibkar olan jurnalistin illik gəliri 36.000 manatdır. Bu məbləğin 75%-i vergidən azaddır:

36.000 × 75% = 27.000 manat.

Bu zaman vergiyə cəlb olunan məbləğ 9.000 manat təşkil edəcək:

36.000 – 27.000 = 9.000 manat;

9.000 × 20% = 1.800 manat (gəlir vergisi).

Misal 2: Gəlir vergisi mükəlləfiyyətində olarsa:
Fərz edək ki, fərdi sahibkar olan jurnalistin illik gəliri 65.000 manat, xərcləri isə 35.500 manatdır. Bu halda vergiyə cəlb olunan məbləğ 29.500 manat təşkil edəcək və 20% dərəcə ilə vergiyə cəlb ediləcək:

29.500 × 20% = 5.900 manat.

Misal 3: Sadələşmiş vergi öhdəliyində olarsa:
Fərz edək ki, fərdi sahibkar olan jurnalistin illik gəliri 36.000 manatdır. Sadələşdirilmiş vergi rejimində olduğu üçün ona güzəşt tətbiq edilmir. Bu halda o, illik gəlirinin 2%-ni hesablayıb ödəməlidir:

36.000 × 2% = 720 manat.

Jurnalist fəaliyyəti ilə məşğul olmaq istəyən fərdi sahibkar fəaliyyətə başlamazdan əvvəl fəaliyyət forması, iqtisadi fəaliyyət kodu və vergi rejimini düzgün müəyyənləşdirməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştlərindən maksimum yararlanmaq və əlavə fiskal risklərdən yayınmaq üçün vacibdir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?