Özəlləşdirmədə iştirak edən investorlar iki il müddətinə əmlak vergisindən azad olunub
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, dövlət əmlakını özəlləşdirmiş sahibkar dövlətə ödədiyi əmlak vergisini geri ala və ya onu digər vergilərin ödənilməsi üçün istifadə edə bilər
Məcəlləyə yeni daxil edilmiş 199.12-ci maddədə qeyd edilmişdir ki, 2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək vergi ödəyicisinin özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin hesabat ilində digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği özəlləşdirilməsi başa çatmış əmlaka görə həmin hesabat ili üçün dövlət büdcəsinə hesablanmış və ödənilmiş verginin məbləğindən az olmadığı və ödənilmiş əmlak vergisinin qaytarılımasına dair ərizə ilə müraciət edildiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadığı hallarda ödənilmiş əmlak vergisi vergi ödəyicisinə qaytarılır və ya onun razılığı ilə sonrakı öhdəliklərin ödənilməsi hesabına aid edilir.
İqtisadi səmərəlilik imkanları genişlənir
Dəyişiklik bütövlükdə sahibkarlığın dəstəklənməsinə, özəlləşmədə iştirak edən investorların stimullaşdırılmasına xidmət edir. Bu yenilik özəlləşdirilən müəssisənin fəaliyyətinin stimullaşdırılması, özəlləşmədə iştirak edən investorların maraqlarının təmin edilməsi üçün geniş imkanlar yaradır. İnvestorlara verilən güzəştlərin qısamüddətli olması isə onların özəlləşdirilən müəssisələrin mümkün qədər tez fəaliyyətə başlaması baxımından maraqlarını təmin edir. Üstəlik, bu güzəştlər özəlləşmənin həyata keçirildiyi hesabat ilində tətbiq ediləcək. Dəyişikliyin daha bir müsbət tərəfi ondan ibarətdir ki, sahibkar vergi güzəştini əldə etmək istəyirsə, özəlləşdirdiyi müəssisəni boşuna saxlamamalı, onun fəaliyyətini dərhal təmin etməlidir. Bu isə özəlləşdirmənin əsas məqsədinə, yəni özəlləşdirilmiş əmlakın effektiv istifadəsinə və fasiləsiz saxlanılmasının qarşısını almağa xidmət edir.
Güzəştlərdən səmərli istifadə naminə...
Məcəlləyə edilmiş daha bir dəyişiklik vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmlərinin satışına vergi güzəştinin tətbiq edilməsini nəzərdə tutur. Halbuki indiyədək hüquqi şəxsdəki iştirak paylarının (səhmlərin) satışı Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada vergiyə cəlb edilirdi və bu zaman həmin iştirak payının vergi ödəyicisinin mülkiyyətində uzun müddətə və ya daha az müddətə olması nəzərə alınmırdı. Yeni dəyişiklik vergi ödəyicilərinin hüquqlarını genişləndirir və onların fəaliyyətini daha da stimullaşdırır. Ən azı 3 il ərzində vergi ödəyicisinin mülkiyyətində olan hüquqi şəxsdəki iştirak payı və ya hüquqi şəxsin səhmi satılarkən bu əməliyyatdan əldə olunan gəlirlərin vergidən azad edilməsi həm də səhm bazarının dəstəklənməsinə xidmət edəcək.
Yeri gəlmişkən, investisiya təşviqi sənədi əldə etməklə investisiya layihəsi üzrə fəaliyyət göstərən şəxslərə Vergi Məcəlləsində əhəmiyyətli vergi güzəştləri nəzərdə tutulub. Vergi güzəştlərindən səmərəli istifadə olunması və sui-istifadə hallarına yol verilməməsi məqsədilə investisiya layihəsi üzrə nəzərdə tutulan şərtlər yerinə yetirilmədikdə vergi öhdəliklərinin hesablanması mexanizmi qanunla təsbit edilib. Vergi Məcəlləsinə əlavə olunmuş yeni maddəyə əsasən, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə investisiya təşviqi sənədi ləğv olunduqda, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə investisiya təşviqi sənədi verilmiş şəxslər vergilərin hesablanmasına və dövlət büdcəsinə ödənilməsinə borcludurlar.
Vergi güzəştləri özəlləşdirilən müəssisələrin iqtisadi səmərəliliyinin
artmasında mühüm rol oynaya bilər
Deputat sahibkarları sərmayə qoymağa çağırır
Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Vergi Məcəlləsinə edilmiş bu dəyişiklikləri biznes mühitinin yaxşılaşdırılması, ölkəyə əlavə investisyaların cəlb olunması baxımından müsbət dəyərləndirib. Onun sözlərinə görə, dövlət tərəfindən özəl sektorun hərtərəfli dəstəklənməsi ölkədə istehsal və xidmət sahələrində sahibkarların çəkisinin ildən-ilə artmasına imkan yaradır. Bunun sayəsində iqtisadiyyatın müxtəlif sahələrində qeyri-dövlət sektorunun payı əhəmiyyətli dərəcədə artır və getdikcə bu tendensiya özünü daha qabarıq göstərir: "Son illər Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirilib. Xüsusən də iqtisadiyyatın diversifikasiyası üzrə kompleks tədbirlər görülüb, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb. Vergi Məcəlləsinə edilən son dəyişikliklər sərmayə qoyuluşunun artırılması üçün yeni imkanlar açır. Hesab edirəm ki, investorlarların əmlak vergisindən azad edilməsi onların iqtisadiyyatın ayrı-ayrı sahələrinə sərmayə qoymaq planlarının reallaşmasını bir qədər də sürətləndirəcək".
V.Əhmədov onu da əlavə edib ki, indiyədək özəlləşdirilən müəssisələrin bir qismi özünün iqtisadi potensialını tam şəkildə realizə edə bilməyib. Bunun əsas səbəblərindən biri özəlləşdirilən müəssisələrin yenidən qurulması, müasir texnika və texnologiyalarla təchiz edilməsi üçün sahibkarların kifayət qədər vəsaitlərinin olmamasıdır: "İnvestisiya layihəsi üzrə fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulan vergi güzəştləri özəlləşdirilən müəssislərin iqtisadi səmərələliyinin artırımasında mühüm rol oynaya bilər. Yeni vergi güzəştləri özəl sektorun formalaşması və inkişafı istiqamətində görülən tədbirlərin davamıdır. Ona görə də sahibkarlar bu imkanlardan istifadə etməlidirlər. Hesab edirəm ki, bu dəyişikliklər iş adamlarını öz bizneslərini inkişaf etdirməyə, özəlləşdirilən müəssisələrə əlavə investisiyalar qoymağa həvəsləndirəcək".
Elxan SALAHOV