“Liderlik” təlimləri: hədəf əməkdaşların peşəkarlığını artırmaqdır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) kadr potensialı və insan resurslarının təkmilləşdirilməsi daim diqqətdə saxlanılır. Əməkdaşların peşəkarlığının artırılması, əmək fəaliyyətinin yeni çağırışlara uyğun təşkili və səriştələrin inkişafı üçün müxtəlif layihə və proqramlar tətbiq edilir. Bu istiqamətdə keçirilən təlimlərdə DVX-də orta rəhbər heyətində çalışanlar da öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar. “DVX-də çalışan əməkdaşların bilik və bacarıq potensialının gücləndirilməsi” layihəsi çərçivəsində “Liderlik” təlimlərinə qatılan iştirakçılar fikirlərini “vergiler.az”ın oxucuları ilə bölüşüblər.
“Günün sonuna kimi necə pozitiv qalaq” sualına cavab
“Liderlik” təlimində vergi ödəyicilərinin qəbulu zamanı stres vəziyyətindən asanlıqla çıxmağın üsullarını öyrənmək imkanı qazanan Leyla Hüseyn-zadə təlimdə vətəndaş məmnunluğunun artırılması üçün necə ünsiyyət formalaşdırmaqla bağlı geniş fikir mübadiləsi apardıqlarını deyir. “Sözsüz ki, günün birinci yarısı daha enerjili olmağımıza rəğmən, sonrakı saatlarda enerjimiz tükənir və bu da işdəki səmərəliliyimizə təsirsiz ötüşmür”, - deyən həmsöhbətimiz təlimlər zamanı mütəxəssislərdən günün sonuna kimi dinamik və pozitiv qalmaq üçün yeni üsullar öyrəndiklərini bildirir. O əlavə edir ki, bununla yanaşı, treninqlərə qatılanlar vətəndaşlara xidmət zamanı təcrübələrində yaşadıqları maraqlı və diqqətçəkici məqamları bölüşmək imkanı da qazanıblar.
Ünsiyyət və emosional intellektlə bağlı bilikləri təkmilləşdirmək imkanı
5 ilə yaxın rəhbərlik təcrübəsi olan Aytac İmanova bildirir ki, başqaları ilə effektiv işləmək və bunu emosional intellektlə birgə etmək hər bir rəhbərdən tələb olunan əsas bacarıqlardandır. Məhz bu baxımdan müsahibimiz treninqlərdə təlimçilərin peşəkar izahlarının bu kimi bacarıqları təkmilləşdirmək üçün çox faydalı olduğunu düşünür: “Təlimçilər 5 gün boyunca effektiv liderliklə bağlı yeni yanaşmalar, şəxsi təcrübələr və praktiki strategiyalar təqdim etdilər ki, bu da qısa zamanda liderlik bacarıqlarını, xüsusən də qərar qəbuletmə, komandanın düzgün yönləndiriliməsi və xidmət yönümlü idarəetmə bacarıqlarını inkişaf etdirmək istəyənlərə böyük dəstək oldu”.
“Təlim zamanı ən çox nəyi bəyəndiniz” sualına gəlincə, həmsöhbətimiz bir sıra aspektləri önəmli hesab etdiyini vurğuladı: “Onu xüsusi qeyd etmək istərdim ki, işçilər və həmkarlarla düzgün və effektiv əks əlaqənin təmin edilməsi ilə bağlı ciddi biliklər əldə etdik. Bundan əlavə, əməkdaşların performans və motivasiyasını yaxşılaşdırmaq üçün vaxtında, konkret və balanslaşdırılmış rəyin verilməsinin vacibliyini bir daha ciddi şəkildə təkrarlamış olduq. Onu da deyim ki, öyrəndiklərimi gündəlik işimdə tətbiq etməyə səy göstərir və belə təlimlərin davamlı olmasını arzulayıram”.
Təlimdə psixoloji aspektlər
Təlimlərə qatılan Çimnaz Talıbova vətəndaşlara xidmət təlimini daha çox bəyənib. O, təlimçi Zümrüd Əkbərovanın bir psixoloq kimi yorucu olmayan tədris metodu seçdiyini və önəmli psixoloji aspektlərə diqqət çəkdiyini bildirib: “Təlimçimiz fərqli bucaqlara toxundu və auditoriyanın ritmini tam tutmağı bacardı. Görünən bu idi ki, həmkarlarımın yumşaq bacarıqlardan başqa, psixoloji, motivasional mövzulara da kifayət qədər maraqları var”.
Nəticəyönümlülük ön plandadır
Təlimlərə qatılan Cəfər Yaqubov isə faydalı məzmunu və praktiki yanaşması baxımdan nəticəyönümlülük mövzusunun daha yaddaqalan olduğunu bildirir. O deyir ki, təlim zamanı həmkarları ilə birlikdə məqsədlərə çatmaq üçün strateji planlaşdırma, resursların effektiv idarə olunması və operativ qərarvermə bacarıqları üzərində dayanıqlı müzakirələr aparmaq şansı qazanıblar. Real nümunələr və interaktiv tapşırıqlar sayəsində öyrənilən bilikləri tətbiq etməyin asan olduğunu vurğulayan Cəfər Yaqubov təlimlərdə iş proseslərini daha sistemli və məqsədyönlü idarə etmək üçün dəyərli bir təcrübə qazandıqlarını vurğulayıb.
Yeni trendləri öyrənmək imkanı
Artıq 31 ildir DVX-də çalışan və müxtəlif insanlarla iş təcrübəsi olan Rasim Sərdarov da təlim iştirakçıları arasında olub. Həmsöhbətimiz bildirir ki, təcrübəsi çox olsa da, belə təlimlərə qoşulmaqda əsas məqsədi yeni trendlərlə tanış olmaq və bunu iş yerində tətbiq etmək imkanlarını öyrənməkdir. Təlimi yüksək dəyərləndirən Rasim Sərdarov həmkarları ilə faydalı fikir mübadiləsi apardıqlarını düşünür.
Faiq KƏRİMOĞLU