15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara daha bir şans – elektron qaimə-faktura ilə kredit

Azərbaycanda iş adamlarının maliyyə resurslarına rahat çıxışını təmin etmək məqsədilə daha bir mexanizm işə salınıb. Söhbət bu il faktorinq əməliyyatları üzrə edilmiş qanunverici dəyişikliklər nəticəsində kredit resurslarına çıxış imkanlarının asanlaşdırılmasından gedir.

Faktorinq nədir?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.

Sadə formada desək, mal və ya xidmətləri təqdim edən şəxsə ödənişi elektron qaimə-faktura əsasında alıcı deyil, faktorinq xidmətini göstərən təşkilat edir. Mal və xidmətlərin alıcısı isə ödənişi artıq satıcıya deyil, faktorinq xidmətini təqdim edən təşkilata edir.

Banklar hazırlaşır

Mövzu ilə bağlı “vergiler.az”ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib ki, artıq bir çox kredit təşkilatı və faktorinq şirkətləri sözügedən xidməti göstərməyə başlayıb:

“Hazırda bu sahədə qanunvericilik çərçivəsinin və infrastrukturun səmərəliliyinin artırılması ilə bağlı işlər görülür. Həm qanunvericilik çərçivəsində dəyişiklik layihəsi, həm də texnoloji infrastrukturun qurulması istiqamətləri üzrə bankların əməkdaşları da cəlb olunmaqla işçi qrupları formalaşdırılıb. Belə ki, dəyişikliklərin xidməti təqdim edən əsas tərəf ilə razılaşdırmaqla həyata keçirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, hüquqi şəxslərlə yanaşı fərdi sahibkarlar da faktorinq əməliyyatı vasitəsilə kreditləşmədən yararlana bilərlər. Kreditlərin verilməsində hər hansı limit nəzərdə tutulmayıb. Lakin bankın müştərisinə münasibətdə kredit riskləri ilə bağlı müvafiq prudensial normativlərə riayət etməsi istiqamətində baxılacaq.

Hansı məlumatlar sorğulanacaq?

Mərkəzi Bank faktorinq əməliyyatları çərçivəsində kredit almaq üçün müraciət edən sahibkarlardan uçot məlumatlarının tələb olunub-olunmaması ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirilib ki, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əsasən hər bir kredit tələbi üzrə sözügedən məhsul da istisna edilməməklə təhlil nəticələri və sənədləri əhatə edən müvafiq kredit dosyesi olmalıdır. Kredit dosyesində ehtiva olunan sənədlər müvafiq qaydanın Əlavə 1-də ehtiva edilir.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata əsasən, elektron qaimə-fakturaların həqiqiliyi və statusunun yoxlanılması üçün məlumat mübadiləsinin qurulması istiqamətində qurumlararası işçi qrupu fəaliyyət göstərir. Məlumat mübadiləsinə dair razılaşma prosesi yekunlaşmaq üzrədir.

Vergi qanunvericiliyindəki son dəyişikliklər

Məlumat üçün qeyd edək ki, bu ildən faktorinq əməliyyatları üzrə ƏDV əvəzləşmə mexanizmi vergi qanunvericiliyində təsbit olunub. Belə ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, ƏDV-nin əvəzləşdirilməsi üçün alınmış malların, işlərin, xidmətlərin əsas dəyəri satıcının bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilməlidir. Lakin faktorinq əməliyyatları üzrə əməliyyatların əsas dəyəri satıcıya deyil, müvafiq kredit təşkilatına ödənilir. Bu zaman Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV-nin əvəzləşdirilməsində məhdudiyyətlər yaranırdı.

Faktorinq aləti mülki qanunvericilikdən irəli gələn və biznes subyektlərinə verilən hüquq olduğundan bunun vergi qanunvericiliyində də aydın şəkildə təsbit edilməsinə zərurət yaranıb. 2024-cü ildə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərlə maliyyələşmə alətlərinin cəlbediciliyinin artırılması və biznesin fasiləsizliliyinin təmin edilməsi üçün faktorinq alətindən istifadə zamanı ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinin mümkünlüyü qanunvericiliyə daxil edilib. Başqa sözlə, faktorinq əməliyyatları zamanı ƏDV-nin əvəzləşdirilməsi mümkündür. Bu da sahibkarların maliyyə yükünün azalmasına imkan verir. Eyni zamanda istehsalçıların nağd vəsaitlərə əlçatanlığını təmin edir.

Təcrübədə istehsalçılar və topdansatış ticarət fəaliyyətini həyata keçirən biznes subyektləri tərəfindən satılan malların dəyəri adətən 2-3 ay ərzində və bəzi hallarda daha gec müddətdə geri ödənilir. Bu isə istehsalçı və topdansatış ticarət subyektlərinin fəaliyyətində nağd pul çatışmazlığına səbəb olur. Belə vəziyyətdə banklar faktorinq alətindən yararlanmaqla biznes subyektlərinin maliyyə likvidliyini təmin edir və alıcılardan vəsaitlərin daxil olması ilə bağlı çətinliklər aradan qalxır.

Xatırladaq ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda kiçik və orta biznesin (KOB) maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi prioritet istiqamətlərindən biri kimi nəzərdə tutulub. Bu baxımdan dövlət qurumları sahibkarların maliyyələşməsinə dəstək verməkdə davam edir.

Fərqanə ALLAHVERDİQIZI

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?