15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tibbi xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi necə olacaq?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri də tibb müəssisələri üzrə vergi güzəştinin tətbiqi ilə bağlıdır. Səhiyyə sahəsi üzrə əməliyyatların şəffaflaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə ƏDV üzrə güzəştlər verilib. Qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən, səhiyyə müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi tutulan ümumi dövriyyədən çıxılması nəzərdə tutulur. Eyni zamanda, dövlət büdcəsinə hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir və mənfəət vergisindən azad olunub.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Vergi Məcəlləsinə tibb müəssisələri ilə əlaqədar edilmiş son dəyişiklikləri şərh edib. TƏBİB-dən “vergiler.az”ın sorğusuna cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 164.1.51-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə uzadılıb. Eyni zamanda, Vergi Məcəlləsinə yeni əlavə edilmiş 174.5-ci maddəyə əsasən, tibb müəssisələrinin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Məsələn, ay ərzində ödənişli xidmətlərdən cəmi daxilolmalar 2360 manatdır (ƏDV-li):

1. POS-terminal üzrə 1770 manat,

2. Digər vasitələrlə daxilolmalar isə 590 manat.

Bu halda ay ərzində büdcəyə olan ƏDV öhdəliyi aşağıdakı qaydada hesablanır:

1770/1.18*50%=750 (güzəşt olunan dövriyyə)

2360/1.18-750=1250 (vergi tutulan dövriyyə)

1250*18%=225 manat ƏDV dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin, Vergi Məcəlləsinə yeni əlavə edilmiş 106.1.34-cü maddəyə əsasən, tibb müəssisələri tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər (yuxarıdakı nümunədə 750*18%=135 manat) mənfəət vergisindən azaddır.

İlhamə İSABALAYEVA

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?