5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət - sahibkar münasibətləri yeni müstəvidə

Son illərdə vergi sahəsində aparılan islahatlar arasında dövlət - sahibkar münasibətlərinin yeni müstəviyə çıxarılması, qarşılıqlı dialoqa əsaslanan işgüzar münasibətlərin qurulması diqqət mərkəzindədir. bu apsketdə horizontal platformanın qurulması hədəfinə nail olmaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsi tərəfindən biznes təmsilçiləri ilə əlaqələrin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Struktur tərəfindən assosiasiyalarla əməkdaşlıq çərçivəsində mütəmadi görüşlər təşkil edilir, müzakirələrin nəticəsi olaraq verilən təkliflər nəzərə alınır və qanunvericilik təkmilləşdirilir.

Maliyyə, bank və sığorta fəaliyyəti üzrə təşviqlər

“Azərbaycan Banklar Assosiasiyası”, “Azərbaycan Sığortaçılar Assosiasiyası” və lizinq şirkətləri ilə keçirilən çoxsaylı müzakirə görüşlərinin nəticəsi olaraq bir sıra istiqamətlərdə qanunvericiliyə dəyişikliklər edilib. Mərkəzi Bank və “Azərbaycan Banklar Assosiasiyası” ilə birlikdə banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydası hazırlanıb. Digər dəyişikliklə, banklarda ya digər kredit təşkilatlarında kreditin təminatı kimi girov qoyulan və sonradan hərrac yolu ilə onların mülkiyyətinə keçə əmlakın sonradan üçüncü şəxslərə təqdim edilməsi ƏDV-dən azad edilib. Dəyişiklik nəticəsində bank və ya digər kredit təşkilatlarının vergi yükünün azalması ilə yanaşı maliyyə itkisinin maksimum kompensasiya edilməsinə zəmin yaradılıb. 2023-cü il fevralın 1-dən etibarən fiziki şəxslərin 5 il müddətində Azərbaycan ərazisində və ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilib və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirləri gəlir vergisindən azad edilib. Dəyişikliyin edilməsində əsas məqsəd qiymətli kağızlar bazarının stimullaşdırılmasıdır. Vergi ödəyicilərinin bank hesabı açması prosedurunun sadələşdirilməsi və məhdudiyyətlərin azaldılmasına nail olmaq üçün müvafiq dəyişikliyə əsasən 2022-ci ildən etibarən prosesin DVX-nin nəzarəti ilə banklar tərəfindən bir pilləli mexanizmlə aparılması, həmçinin borclu vergi ödəyicilərinə bank hesabı açılması imkanın yaradılması təmin edilib.

Sığorta sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin təklifləri əsasında sığorta və təkrarsığorta haqlarının gəlirdən çıxılması dövrünün vergi ödəyicisinin hesablama metoduna uyğun tənzimlənməsi və təkrarsığortaçı tərəfindən sığortalanan əsas vəsaitlər barədə məlumat formasının istənilməməsi ilə bağlı dəyişikliklər edilib.

Maliyyə lizinqinin obyekti olan əmlakın alınması zamanı ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi imkanının yaradılması üçün əmlakın maliyyə lizinqi çərçivəsində təqdim edilməsinin ƏDV-yə cəlb olunmasının mümkünlüyü növbəti illərin büdcə layihəsi çərçivəsində ediləcək dəyişikliklərdə nəzərdə tutulur. Lizinq fəaliyyəti ilə məşğul olan, həmçinin istehsal sahəsi üzrə fəaliyyət göstərən ödəyicilərin təklifləri nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilən müvafiq siyahı üzrə əsas vəsaitlərin idxalının ƏDV-dən azad edilməsi barədə Vergi Məcəlləsində müvafiq dəyişiklik edilib. Strukturun fəaliyyət göstərdiyi dövr ərzində ərzaq, tikinti materialları məhsullarının istehsalçıları, rəqəmsal texnologiyalar sənayesinin təmsil olunduğu assosiasiyalar, o cümlədən istehsal sahəsində fəaliyyət göstərən sahibkarların aktiv əməkdaşlıq etdiyi “Türk İş Adamları” İctimai Birliyi, “Azərbaycanda Amerika Ticarət Palatası” İctimai Birliyi, "Alman-Azərbaycan Xarici Ticarət Palatası" Hüquqi Şəxslərin İttifaqı, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi, "Caspian Energy Club" MMC, Gənc Mühasiblər Birliyi kimi ictimai birliklərin iştirakı ilə keçirilən görüşlərdə bildirilən təkliflərə bir çox istiqamətlərdə tədbirlər görülüb.

Xidmət sahələri üçün stimullaşdırıcı tədbirlər

Struktur tərəfindən səhiyyə xidməti göstərən vergi ödəyiciləri ilə keçirilən görüşlərdə səhiyyə turizminin inkişaf etdirilməsi ilə bağlı təkliflər dinlənilib, bu istiqamətdə beynəlxalq təcrübə nəzərə alınaraq təhlillərin aparılmasına başlanılıb. Həmçinin əczaçılıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüşlər keçirilib və həlli bilavasitə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlər, o cümlədən dərman vasitələrinin qiymət tənzimlənməsi ilə bağlı problemlər aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılıb. Ölkədə turizm sahəsində fəaliyyət göstərən sahibkarlar və bu sahəni tənzimləyən dövlət qurumları arasında keçirilən görüşlərin nəticəsi olaraq, növbəti ilin büdcə layihəsi çərçivəsində turizm sektorunun inkişafını stimullaşdıran yerləşdirmə vasitələrinin üzərinə düşən sabit vergi xərclərinin minimallaşdırılması ilə bağlı təşviqlərin verilməsi nəzərdə tutulub. Turagentlər və daşıyıcı şirkətlər arasında vergi uçot sənədləşmələrinin tənzimlənməsi ilə turagentlərin inzibtçılıq yükünün azaldılması, onların vergi yükünün agent fəaliyyəti üzrə formalaşması ilə bağlı tənzimləmələr vergi inzibatçılığının daha da sadələşməsinə səbəb olub.

İstehsal sahəsi təmsilçilərinin də təklifləri nəzərə alınır

Birinci növbədə 2023-cü ildən qüvvəyə minən və idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən vergi ödəyicilərinə gəlirin (mənfəətin) 50 faizinin, həmin fəaliyyət prosesində istifadə etdikləri əmlak və torpağa görə müvafiq olaraq, gəlir, mənfəət, əmlak və torpaq vergiləri üzrə azadolma verilməsini qeyd etmək olar. Bununla da kapital tutumlu sahələrdən olan istehsal sənayesində maya dəyərini təşkil edən əmlak və torpaq vergiləri üzrə xərclərin, habelə mənfəət vergisinin 50% azaldılması ilə biznesin vergi yükünün azalmasına nail olunmuş, nəticə olaraq isə dayanıqlı inkişafın təmin edilməsinə dəstək verilib. İdxalı əvəz edəcək məhsulların istehsalının təşviqi ilə bağlı məsələlər “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da nəzərdə tutulub. Güzəştin verilməsi üçün zəruri hesab olunan sahələrin, habelə güzəşt verilməsi zəruri hesab edilən vergilərin müəyyən edilməsi aqrar emal məhsullarının istehsalı sahəsi üzrə keçirilmiş görüşlərdə sahibkarlarla bu məsələ müzakirə edilib. Bu dəyişiklik dünyada son dövrlərdə baş verən geosiyasi və iqtisadi proseslər, iqlim dəyişiklikləri və artan istehlak tələbinin təsirləri fonunda ərzaq məhsulları üzrə kəskin qiymət artımın qarşısının alınmasına və qeyri-neft sektorunun inkişafına yönəlib.

Daha bir əsaslı dəyişiklik isə yem və yem əlavələrinin sırasında soya paxlasının idxalının ƏDV-dən azad edilməsi ilə bağlı olub. Soya paxlasının bu siyahıya əlavə olunması yem istehsalçıları, heyvandarlıq və quşçuluq təsərrüfatları ilə keçirilmiş görüşlərdə təklif olunub. Soya cecəsi ilə yanaşı, paxlasının da ƏDV-dən azad olunması soya paxlasından cecə istehsal edən yerli istehsalçıların maraqlarının qorunması, heyvandarlıq, quşçuluq sahələrində istifadə olunan yem qiymətlərində artımın təsirlərinin azaldılması məqsədilə edilib. Həmçinin pambıqçılıq sahəsində istehsalın son məhsuladək emalının həyata keçirilməsinin dəstəklənməsi məqsədi ilə iplik istehsalçıları tərəfindən mahlıca görə ödənilmiş ƏDV-nin sürətli geri qaytarılması məsələsi xüsusi diqqətə alınıb.

Dağ-mədən sənayesində fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyətinin təşviq edilməsi məqsədi ilə geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə ödənilməli olan torpaq vergisinin 75 faiz azaldılmasını qeyd etmək olar. İnformasiya texnologiyaları sahəsi üzrə “Azinex” ixrac konsorsiumu, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə keçirilmiş görüşlərdə səsləndirilən texnologiyalar parkından kənarda fəaliyyət göstərməklə parkın rezidenti olmaq imkanının yaradılması, bu şəxslərə vergi və sosial sığorta təşviqlərinin verilməsi, həmçinin beynəlxalq daşımalarla bağlı xaricdə çəkilən xərclərin gəlirdən çıxılması, ekspeditorların beynəlxalq daşımalarla əlaqədar gəlirlərinin ƏDV-yə sıfır dərəcə ilə cəlb olunması da bu qəbildən olan təkliflərin nəticəsidir.

Qeyd olunanlarla yanaşı, əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən xərclərin icarəçi tərəfindən kapitallaşdırılaraq amortizasiya edilməsi, ƏDV-nin qaytarılması zamanı nağdsız ödənişlər üzrə qaytarılan ƏDV-nin faizinin artırılması, bank hesablarının birbaşa kredit təşkilatına müraciət edilməklə açılması, borclu vergi ödəyicilərinə bank hesablarının açılması, malların qaytarılması barədə elektron qaimə-fakturanın tərtibi zamanı geri qaytarılan malın hansı qaimə ilə bağlı olması tələbinin ləğv edilməsi və s. bu kimi təkliflər vergi orqanlarına daxil olmuş müraciətlərdə bildirilib və keçirilmiş görüşlərdə müzakirə edilərək vergi qanunvericiliyinə dəyişikliklər zamanı nəzərə alınıb. Ticarət (pərakəndə və topdan) fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təmsil olunduqları assosiasiyalarla keçirilən görüşlərdə qaldırılan məsələlər, o cümlədən gəlirdən çıxılan xərclərlə bağlı təkliflər də nəzərə alınaraq növbəti ilin büdcə layihəsi çərçivəsində qanunvericliyə dəyişiklik edilməsi gözlənilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?