11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyevin 20 illik fəaliyyət dövründə vergi sistemi iqtisadi inkişafın təminində fəal iştirakçıya çevrilib

Prezident İlham Əliyevin rəhbərliyi dövründə vergi sistemi Azərbaycanda iqtisadi inkişafın təmin edilməsində fəal iştirakçıya çevrilib. Azərbaycanın dövlət quruculuğu, iqtisadi tərəqqisi, ictimai-siyasi və sosial həyatda inkişafını şərtləndirən möhkəm bünövrənin qurulduğu bir zaman kəsiyi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin nəticəyə hesablanmış siyasəti sayəsində Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm parametrlərindən biri - güclü milli iqtisadiyyatın qurulması istiqamətində ciddi uğurlar əldə edilib.

Azərbaycanın müasir vergi sisteminin fundamental əsasları da Ümummilli Liderin birbaşa təşəbbüsü ilə yaradılıb, onun rəhbərliyi ilə vergi siyasətinin konseptual əsasları hazırlanıb. “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” tezisi ilə vergilərin iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi aparıcı rolunu ehtiva edən Ulu Öndər vergi sistemində aparılacaq islahatların fəlsəfəsi, strategiyası və əsas istiqamətlərini müəyyənləşdirib. Azərbaycanda vergi sahəsində təkmil qanunvericilik bazasının yaradılması da bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə Vergi Məcəlləsinin ilkin layihəsi hazırlanaraq 2000-ci ildə qəbul edilib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemi son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə əsaslı modernizasiya prosesi keçib, maddi-texniki bazası genişləndirilib, vergi inzibatçılığı texnoloji cəhətdən yenidən qurulub. Vergi Məcəlləsinə mütəmadi edilən dəyişikliklərlə vergi inzibatçılığı təkmilləşdirilir, vergi sisteminin geniş spektrli texniki imkanlara malik texnoloji bazası yenilənir, biznes mühiti münbitləşir. Nəticədə ölkəmizin iqtisadi inkişafında həlledici rola malik, müasir və beynəlxalq standartlara cavab verən müasir vergi xidməti yeni standartlarla zənginləşir.

Vergi sisteminin maliyyə dayanıqlığında artan rolu

Vergi xidməti ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi, sahibkarlığın dəstəklənməsi prosesində fəal iştirakçıdır. Bu gün dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergiödəyicilərinə xidmətlər çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərini təşkil edir.

İqtisadi artımın bərpasında vergi təşviqi alətləri iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Vergilərin ölkənin maliyyə dayanıqlığının təmin edilməsində rolu ildən-ilə artır. Əgər dövlət büdcəsinə vergi daxilolmalarının həcmini 2002-ci illə müqayisə etsək, iqtisadiyyatımızla yanaşı, dövlətimizin maliyyə imkanlarının nə qədər artdığının şahidi ola bilərik.

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2002-ci illə müqayisədə vergi daxilolmalarında artım 23 dəfəyə yaxın, qeyri-neft-qaz sektorundan daxilolmalar isə 23,4 dəfəyədək artıb. Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi nəticəsində bölgələrdən daxilolmalarda son 20 il ərzində 35,8 dəfə artım olub. Vergi daxilolmalarının əhəmiyyətli artımı ölkəmizin maliyyə imkanlarının genişlənməsinə mühüm dəstək olub. Azərbaycan iqtisadiyyatının böyüməsi işgüzar aktivliyin artmasına, sahibkarların sayının da ildən-ilə artmasına gətirib. Əgər 2002-ci ildə ölkədə cəmi 180 minə yaxın sahibkarlıq subyekti mövcud idisə, 2022-ci ilin sonuna qeydiyyatda olan vergiödəyicilərinin sayı 1,4 milyondan çox olub, aktiv vergiödəyicilərinin sayı isə 2022-ci ilin sonuna 712 min təşkil edib.

2018-ci ilə, yəni vergi sistemində “yeni keyfiyyət başlanğıcı” adlandıra biləcəyimiz dövrdən başlayaraq vergi sistemində aparılan islahatlar sosial rifah üçün də mühüm lokomotivə çevrilib. 2019-cu ildən etibarən vergi orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin bağlanması intensiv xarakter almağa başlayıb. 2019-cu ilin əvvəlindən tətbiq olunan vergi güzəştləri sayəsində qeyri-neft özəl sektorunda əmək müqavilələrinin sayı həmin dövrlə müqayisədə 340 mindən çox artıb ki, bu da islahatın ortamüddətli dövrdə səmərəliliyinə dəlalət edir. Əmək müqavilələrinin sayının artımının təsiri ilə əməkhaqqı fondunun böyüməsi sosial sığorta haqlarının yığım bazasının genişlənməsinə səbəb olur. Qeyri-neft-qaz özəl sektorun əmək müqavilələrində payı islahatın başlanğıcında olan 38,5 faizdən 49,8 faizə yüksəlib.

“Kölgə iqtisadiyyatı” ilə mübarizə və iqtisadiyyatda şəffaflıq

Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir. İnkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından və iqtisadiyyatın inkişafı üçün müəyyənləşdirilmiş hədəflərdən də asılıdır. Dövlət başçısı İlham Əliyev tərəfindən sahibkarlıq mühitində və vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi tələbi müəyyənləşdirilib. “Kölgə iqtisadiyyatı” ilə mübarizə və iqtisadiyyatda şəffaflığın təmin edilməsi üzrə vergi sistemində həyata keçirilən tədbirlər vergi daxilolmalarının artımında özünü büruzə verir.

Təkcə onu göstərmək kifayətdir ki, 2022-ci ildə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolması təmin edilib. Dövlət başçısı İlham Əliyev 2022-ci ilin ilk 6 ayının nəticələrinə həsr olunan müşavirədə deyib: “İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı, çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru".

2023-cü ilin ilk 6 ayının nəticələrinə həsr olunan müşavirədə isə dövlət başçısı əldə edilmiş müsbət fiskal nəticələrə əsasən qeyd edib ki, ölkəmizin maliyyə vəziyyətinin yaxşılaşması maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi hesabına baş verib: “Bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır”.

Son illər qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının dinamik artımında və vergitutma bazasının genişlənməsində “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və şəffaflaşma ən mühüm amil kimi təsbit edilib. Bu dövrdə biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların böyük rolu olub.

Rəqəmsal xidmətlər və yeni layihələr

Vergi inzibatçılığının təkmilləşdirilməsi, iqtisadi sistemin yeni çağırışlarına uyğun müasir rəqəmsal platformaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər davam edir. Vergi inzibatçılığının keyfiyyətinin artması şəraitində qarşıda duran fiskal öhdəliklər üzrə proqnozların icra edilməsi, vergiödəyicilərinə xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, risk əsaslı nəzarət sisteminin genişləndirilməsi, ortamüddətli perspektiv üçün vergi siyasəti üzrə əsas hədəflərin həyata keçirilməsi əsas prioritetlərdəndir. Bir milyondan çox aktiv vergiödəyicilərinə münasibətdə effektiv nəzarətin qurulması yalnız bu yolla mümkündür. Rəqəmsal alətlərə malik insan resurslarının mövcudluğu şəraitində vergiödəyicilərinin fəaliyyətini nəzarətdə saxlamaq, vergidən yayınma hallarının qarşısını almaq mümkün olur.

Sahibkarlıq mühitinin inkişafı və təkmilləşdirilməsi, innovativ yanaşmaların tətbiqi dövrümüzün mühüm çağırışlarındandır. 2020-ci ilin may ayından etibarən həyata keçirilən “ƏDV geri al” layihəsi də məhz dövlət-biznes-vətəndaş birliyinin bu iqtisadi çağırışlara adaptasiyası istiqamətində uğurlu örnəkdir. Son illərin ən effektiv layihələrindən biri olan “ƏDV geri al” həm dövlət, həm biznes strukturları, həm də vətəndaşlar üçün faydalıdır. "Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznesin leqal fəaliyyətinin bərqərar olması və uçotun dürüstləşdirilməsi ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Dövlət tərəfindən qanunun tələblərinə cavab verən iqtisadi mühitin yaradılması prosesi “ƏDV geri al” layihəsinin həyata keçirilməsi ilə əsaslı irəliləyiş əldə edib.

Vergi xidməti yeni çağırışlar qarşısında

Ölkədə iqtisadi artımın təmin edilməsi prosesində vergi sisteminin tənzimləyici funksiyaları mühüm rol oynayır. Qarşıdakı dövrdə vergi siyasətinin əsas hədəfləri ilk növbədə iqtisadi təşviq, effektiv nəzarət, rəqəmsallaşma prinsipləri əsasında reallaşdırılacaq. İqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb olunmasında vergi siyasətinin tənzimləyici rolu davam etdiriləcək, "kölgə iqtisadiyyatı" ilə sistemli mübarizənin aparılması yenə də əsas prioritet olacaq. Vergi inzibatçılığının keyfiyyətinin artması şəraitində qarşıda duran fiskal öhdəliklər üzrə proqnozların icra edilməsi, vergiödəyicilərinə xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, risk əsaslı nəzarət sisteminin genişləndirilməsi, ortamüddətli perspektiv üçün vergi siyasəti üzrə hədəflərin həyata keçirilməsi əsas istiqamətlərdir. Beləliklə, vergi siyasətinin iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafında, böyüməsində və güclənməsində iştirakı artmaqda davam edir. Ekosistemin keyfiyyətinin yaxşılaşdırılması, sabit, şəffaf və rəqabətli olması vergi siyasəti vasitəsilə dəstəklənəcək.

Ölkəmizin iqtisadi inkişafında vergi sisteminin mövqeyi

Hazırda ölkə iqtisadiyyatının mühüm bir hissəsini işğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işləri, ənənəvi sahələrin dirçəldilməsi və innovativ biznes modellərinin yaradılması təşkil edir. Vergi sistemində aparılan islahatların mühüm bir bölümü bu tendensiyaya təkan verməkdən ibarətdir. Dayanıqlı iqtisadiyyatın qurulmasına töhfə verən vergi sistemi Qarabağ iqtisadiyyatının reinteqrasiyası üçün lazım olan alətləri təşviq edir. Müasir vergi sistemi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi konsepsiyaya əsasən, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət təkcə iqtisadiyyatımızın maliyyə dayaqlarının möhkəmləndirilməsinə deyil, həm də ölkəmizdə sahibkarlığın inkişafı və tərəqqisinə xidmət edir.

Dövlət başçısı Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən iqtisadi sahədə əldə edilmiş nəticələrə də toxunub: “Biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır”.

Güclü iqtisadiyyat qüdrətli dövlətin təməlidir. Vergi orqanları da bu hədəfə əsaslanaraq dövlətimizin tərəqqisinə töhfə verən təşəbbüsləri uğurla reallaşdırır.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?