6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi ardıcıllığı

Vergi Məcəlləsinin 88.1 və 88.2-ci maddələrinə uyğun olaraq vergilər və məcburi dövlət sosial sığorta üzrə yaranmış borcların silinmə qaydaları müəyyən edilir. “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Fidan Sadıqzadə bu maddə ilə bağlı öhdəlikləri ”vergiler.az”- a şərh edir.

Hər bir verginin ödənilmə müddətləri Vergi Məcəlləsi ilə müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər.

Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.

Vergilər üzrə yaranmış borc bu Məcəllənin yuxarıda qeyd edilmiş 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir:

1. Yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;

2. Hesablanmış faizlərin məbləği;

3. Tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

Misal 1: “AA” MMC-nin 2023-cü ilin iyun və iyul aylarında müvafiq olaraq 500 və 700 manat ƏDV öhdəliyi, 100 manat faiz borcu, 200 manat maliyyə sanksiyası mövcuddur. Vergi ödəyicisi avqust ayında 1500 manat ödəyıb.

Yuxarıda qeyd olunmuş ardıcıllığa əsasən ödənilən 1500 manat ilk öncə iyun ayının vergi borcunun (500 manat), daha sonra iyul ayının vergi borcunun (700 manat) silinməsinə yönəlidiləcək. Ardınca faiz borcu (100 manat) və maliyyə sanksiyası ( 200 manat) borcuna çıxılacaq.

Məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir:

1. Cari rüb üzrə borc;

2. Cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq;

3. Yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği;

4. Yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

Misal 2: “BB” MMC-nin 2023-cü il 1-ci və 2-ci rüblər üzrə müvafiq olaraq 1000 manat və 1500 manat məcburi dövlət sosial sığorta üzrə, 200 manat faiz borcu, 500 manat maliyyə sanksiyası borcu vardır. 10 iyul 2023-cü il tarixində şirkət 3200 manat ödəniş edib.

Yuxarıda qeyd olunan ardıcıllığa əsasən, ödənilən 3200 manat ilk öncə 2-ci rübün məcburi dövlət sosial sığorta üzrə 1500 manat borcunu, daha sonra 1-ci rüb üzrə 1000 manat borcunu silməyə yönəldiləcək. Qalan 700 manat isə faiz borcu (200 manat) və maliyyə sanksiyası borcuna (500 manat) hesablanıb çıxılacaq.

Cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait Vergi Məcəlləsinin 88.2.2 və 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?