Elxanilər dövründə vergilər I hissə
Çingiz xanın nəvəsi Hülaku xan İran, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Kiçik Asiyanın bir hissəsinin daxil olduğu böyük bir dövlət yaratdı. Monqol Elxanilər dövründə vergi yükü əvvəlki illərə nisbətən xeyli ağırlaşmışdı, iqtisadiyyat getdikcə tənəzzül edirdi. Həmin dövrdə, xüsusilə də Mahmud Qazan xanın islahatlarına qədər Azərbaycanda əhalinin vəziyyəti dözülməz idi. Vergi ödəyə bilməyənlər qorxudan öz yaşadıqları yerləri tərk edib dağlara çəkilirdilər. Çoxlu kənd və şəhər tamamilə boşaldı.
Qazan xanın vəziri Rəşidəddinin yazdığına görə, hökumətin qaçqınları geri qaytarmaq cəhdləri uğursuz olurdu, hətta qanunsuz yığımların olmayacağı barədə vəd verilsə də buna inanan yox idi.
Rəşidəddin yazırdı: "Döyülən qadınların ah-naləsi göyə ucalırdı. Bəzən elə olurdu ki, vergi yığan evin damına çıxıb orada gizlənmiş rəiyyəti görürdü və onu tutmaq istədikdə qaçıb canını qurtarmağa çalışan şəxs özünü yerə atır, qol-qıçını sındırırdı. İyezd vilayətindəki kəndlərə səfərə çıxan orada bir nəfər də tapa bilməzdi ki, onunla kəlmə kəssin, nə isə soruşsun. Yaşayış məntəqələrində qalmış azsaylı rəiyyət bütün günü gözdə-qulaqda olurdu və uzaqdan gələnləri kim görsə, o birilərə xəbər verirdi. Hamı dərhal qaçıb dağılırdı".
Mahmud Qazan xan vergilər sahəsində müəyyən qayda-qanun yaratsa da yenə də vergi yükü ağır olaraq qalırdı. Elxanilər dövründə 40-dan artıq vergi və mükəlləfiyyət növü tətbiq edilirdi. Bunlardan ən mühümləri aşağıdakılar idi:
1. Qopçur
Bu vergi əvvəllər Azərbaycanda ödənilmirdi və onu ölkəmizə monqollar gətirmişdilər. "Qopçur" monqol dilində "otlaq yer” deməkdir və ilk vaxtlar yalnız elatlardan alınırdı. Həmin dövrdə onun dərəcəsi bir faiz idi, hər yüz qoyundan, yaxud atdan, inəkdən və s. birini ödəyirdilər. Sonralar pul şəklində əhalinin qalan hissəsindən də alınmağa başladı. Əvvəlcə varlılardan 7 dinar, kasıblardan 1 dinar alınsa da tədricən artırılırdı. Qazan xanın islahatından sonra qopçur əsasən kənd əhalisindən, həm də hissə-hissə iki dəfə yığılırdı. Birinci hissə ilin başlanğıcında, yaz fəslinin ilk ayında, Novruz günündən 20 gün keçənə qədər, ikinci hissə payız fəslinin ilk ayı olan mizan ayının ilk 20 günündə ödənməliydi. Köçərilərdən isə qopçur bir dəfə - Novruzda yığılırdı. Nəsirəddin Tusinin yazdığına görə, din xadimləri, qocalar, xəstələr, dərvişlər və uşaqlar bu vergini ödəmirdilər. Qazan xanın hakimiyyətindən sonra qopçur tədricən aradan qalxdı.
2. Xərac
Hələ Sasanilər dövründən yığılan bu vergi əsas torpaq vergisi idi. Dərəcəşi çox yuxarı - 70-80 faiz olurdu və bundan 10 faiz maliyyə işçilərinə, vergi yığanlara xərclənirdi. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının daşınması üçün hər xərvərdən (100 mandan) 4 man (1 man təqribən 3 kq idi) daşınma və yükləmə xərcləri üçün alınırdı.
Xərac barədə bundan sonra yazılanlar həmin dövrdə vergi mədəniyyətinin səviyyəsini müəyyən etmək üçün çox maraqlıdır. Vergi yığan şəxs (bunlara amil və ya mühəssil deyirdilər) yaşayış məntəqəşinə gəlir, orada mərkəzə yaxın əlverişli yer seçir və çadır qururdu. Çadırın qarşısında gündə beş dəfə təbil çalınır və bununla vergi ödəməli olan şəxslərə xəbərdarlıq edilirdi. Vaxtında verilməyən vergi üçün bir faiz cərimə alınırdı. Təyin olunan müddət başa çatdıqdan sonra borclu qalanların hər birinə 70-ə qədər çubuq vurulurdu. Əhalinin siyahıya alınması üçün xüsusi mirzələr (o dövrdə "pitikçi" adlanırdılar) ayrılırdı və onlar verginin qədərini müəyyənləşdirirdilər.
Camaat vergiləri ödəməkdən əlavə, məmurları da ərzaqla təmin etməliydi. Mənbələrdə göstərilir ki, 1318-ci ildə (Elxani hökmdarı Əbu Səidin dövründə) Firuzabad şəhərinə 3 hakim, 6 naib, 7 məmur və 200 nəfərlik dəstə ilə daxil olub, 6 ay ərzində camaatın hesabına yeyib içdilər. Onlar vergiləri elə təyin etdilər ki, ödəmək mümkün olmadı. Borclu qalan əhali şəhərdən qaçıb dağıldı, həmin il torpaqlar becərilmədi.
Çox güman ki, başqa şəhərlərdə də vəziyyət bundan yaxşı olmayıb.
3. Tamğa
Bu vergi də qopçur kimi Elxanilər dövründə tətbiq edilib. Şəhər əhalisindən ticarət və sənətkarlığa görə alınan vergidir. Tamğanın iki mənası var: damğa və mal aparılması üçün rüsum. Rus dilində indi də istifadə olunan "tamojnya" sözü tamğadan götürülüb.
Tarixçilərin yazdığına görə, Qazan xanın dövründə Təbrizin yaxınlığında Qazaniyyə adlı qəsəbə salınıb və Təbrizə gələn rumlular (Kiçik Asiyadan olanları belə adlandırırdılar) və əfrəncələr (yəni avropalılar) bu qəsəbədə yerləşirdilər. Gəlmələr üçün xüsusi karvansara, bazar, hamam və sair tikililər mövcud idi. Burada tamğaçı adlanan vergiyığan gətirilən mallar üçün tamğa vergisini (indiki terminlə desək, gömrük rüsumunu) toplayırdı.
Tamğa, əsasən, pul formasında alınırdı və buna nağd deyilirdi.
4. Bac
Elxanilər dövründə bac yol rüsumu idi, həm quru yol, həm də su yolu ilə gedənlərdən alınırdı. Tacirlər karvan yollarında bac ödəyirdilər. Bu yollar xüsusi adamlar tərəfiğdən qorunurdu. Tacirlər körpüdən keçəndə də bac verirdilər.
5. Qalan
Tarixi mənbələrdə göstərilir ki, Çingiz xanın dövründə maldarlıqla məşğul olan köçərilər qopçur ilə bərabər qalan vergisi də verirdilər. Bəzi fərziyyələrə görə, əkinçiliklə məşğul olan əhali qalan, köçərilər qopçur ödəyirmiş. Mənbələrdə "qalan" (və ya "kalan") yazıldıqda bəzən bütün vergilərin hamısı nəzərdə tutulduğuna görə, bu verginin dəqiq mənasını başa düşmək çətindir. Məsələn, bir mənbədə göstərilib ki, Xuzistanda Tustar əhalisi bir ildə 200 dinar, Dəstəbad əhalisi 20 dinar qalan ödəyib. Bu onu göstərir ki, bu vergi hamıya aid edilirdi və pul şəklində alınırdı. Bir vergi siyahısında isə sütunların birinin başlığı belədir: "Xanın gələn və gedən əmirləri üçün kalan". Ehtimal etmək olar ki, qalan (kalan) elxan tərəfindən vilayətlərə göndərilən əmirlərin xərcləri üçün yığılırdı.
6. Biyar
Orta əsrlərdə geniş yayılmış ən ağır mükəlləfiyyətlərdən biridir və XX əsrin əvvəllərinə qədər tətbiq olunub. Monqol hakimiyyətindən xeyli əvvəl də feodallar rəiyyəti biyara, yəni heyvan otarmağa, ot biçməyə, maldarlıq təsərrüfatında müxtəlif yeyinti məhsulları (yağ, pendir, qatıq və s.) hazırlamağa, atlara qulluq etməyə, əmlakı qorumağa və s. məcbur edirdilər.
Monqol hökmranlığı dövründə də biyar mükəlləfiyyətindən istifadə edilirdi. Lakin əvvəlkinə nisbətən fərqli cəhətlər də var idi. Məsələn, yeni şəhərsalma prosesini sürədəndirmək məqsədilə tikinti materiallarını daşımaq üçün ətraf yaşayış məntəqələrinin rəiyyəti biyara cəlb olunurdu.