27 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi güzəştləri bütün İT mütəxəssislərinə tətbiq ediləcək?

27 dekabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən bəzi vergi ödəyicilərinə fərqli yanaşmalar tətbiq edilib.

Qeyd edilən dəyişikliklərlə bağlı ən çox rast gəlinən suallardan biri Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlərin informasiya texnologiyaları sahəsində ixtisaslaşan vergi ödəyicilərinin hamısına tətbiq edilib-edilməməsi ilə bağlıdır. Bununla bağlı “vergiler.az”ın suallarına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Əvvəlcə Vergi Məcəlləsinin 13.2.53-cü maddəsinə edilən dəyişikliyə diqqət yetirək: Texnologiyalar parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında və ya texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir.

Vergi Məcəlləsinin 13.2.53-cü maddəsinə ““və ya texnologiyalar parkından kənar” sözləri əlavə edilib.

Suala cavab olaraq bildirək ki, vergi azadolmaları yalnız texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış hüquqi şəxs və ya fərdi sahibkarlara şamil ediləcək.

Misal 1: Bankla bağlanın müqavilə əsasında sistem inteqrasiyasını həyata keçirən və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinə malik olmayan fərdi sahibkara və ya hüquqi şəxsə vergi azadolmalar ilə bağlı güzəşt tətbiq edilməyəcək.

Misal 2: Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinə malik olub, amma texnologiyalar parkından kənar vergi ödəyiciləri üçün proqram təminatının hazırlanmasını həyata keçirən fərdi sahibkara və ya hüquqi şəxsə Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlər şamil olunacaq.

Bəs vergi ödəyiciləri texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini necə ala bilərlər?

Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli, 168 nömrəli Fərmanı ilə “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib. Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinə malik olmaqla bağlı tələblər əsasnamədə öz əksini tapıb.

Əsasnamənin 9-1.2-ci maddəsinə uyğun olaraq, texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:

- hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatda olmalı;

- fiziki şəxs olduqda - vergi uçotuna alınmalı;

- kiçik, orta və ya iri sahibkarlıq subyektlərindən birinə aid edilməli;

- vergilərin və digər icbari ödənişlərin ödənilməsi ilə bağlı borcu olmamalı;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün qanunla nəzərdə tutulan müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı və ödənişə yönəlmiş girovu olmamalı;

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müvafiq fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməməli;

- bu Əsasnamənin 9-1.1-ci bəndində qeyd edilən sahələrdə (Sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində) ən azı 1 (bir) il fəaliyyət göstərməli;

- fəaliyyət göstərdiyi dövr ərzində ən azı 1 (bir) məhsulu tətbiq edilməli (reallaşdırılmalı), o cümlədən satılmalı;

- informasiya kommunikasiya texnologiyaları sahəsində təhsil almış, o cümlədən əlavə təhsil müəssisələrini bitirmiş və ya ən azı 1 (bir) il iş təcrübəsi olan mütəxəssislərə malik olmalı.

Tələblərlə bağlı diqqət çəkən məqamlardan biri mikro sahibkarlıq subyektlərinin texnologiyalar parkının rezidenti kimi qeydiyyat üçün müraciət edə bilməməsidir. Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli Qərarı ilə təsdiq edilən “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” Meyarlarına əsasən, mikro sahibkarlıq subyekti işçilərinin orta siyahı sayı 1-10 nəfər və illik gəliri 200 min manatdan aşağı olan şəxlərdir.

Yuxarıda qeyd edilən tələblərə uyğun olan hüquqi və fiziki şəxslər sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər vergi orqanında qeydiyyata (uçota) alındıqdan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçməli və texnoparkın qeydiyyat şəhadətnaməsini almalıdırlar.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı

VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub