6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəxsi avtomobillə yükdaşıma xidmətinə görə vergi öhdəlikləri

Qırx səkkiz yaşlı Elnur Vəliyev 20 ildən artıqdır Aran regionunda fərdi qaydada tikinti işləri ilə məşğul olan şəxslərə yükdaşıma xidməti göstərir. Fiziki şəxslərə məxsus mişar daşlarını şəxsi istifadəsində olan "Kamaz" markalı yük avtomobili ilə Qaradağdakı daş karxanalarından Bərdə, Ağdam və Tərtər rayonlarındakı ünvanlara çatdırır. Bakıya qayıdanda isə əsas sifarişçiləri qum və çınqıl gətirtmək istəyən vətəndaşlar olur. Elnur Vəliyev indiyədək rəsmi qaydada aylıq əməkhaqqı almayıb. Amma Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra o, fəaliyyətini fərdi qaydada yükdaşıma xidməti göstərən sürücü kimi vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırmaq istəyir. 

Regionlardan paytaxta yük daşıyanlar hər ton üçün vergi ödəməlidirlər

Mövcud qanunvericiliyə görə, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə fərdi qaydada yükdaşıma fəaliyyəti göstərən şəxslər sadələşdirilmiş verginin ödəyiciləri hesab edilirlər. Bu isə o deməkdir ki, şəxsi mülkiyyətində olan "Kamaz"la fiziki şəxslərə yükdaşıma xidməti göstərən Elnur Vəliyev sadələşdirilmiş verginin ödəyicisi kimi yaşadığı ərazi üzrə vergi orqanında qeydiyyatdan keçməli və dövriyyədən asılı olmayaraq, hər ay üçün müəyyən edilmiş vergini dövlət büdcəsinə ödəməlidir.

Bəs mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə fərdi qaydada yükdaşıma xidməti göstərən şəxslərin ödəyəcəyi vergi necə hesablanmalıdır?

"Fərqlənmə nişanı" almaqla avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıma xidmətlərini həyata keçirən vergi ödəyiciləri üçün aylıq sadələşdirilmiş vergi avtomobilin yükgötürmə qabiliyyətinə uyğun şəkildə hesablanır. Belə xidmətlər üzrə sadələşdirilmiş verginin aylıq məbləği hər ton üçün 1 manatdır. Vergi Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, yük daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, yükdaşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında - 2,0;
  • Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhərində istisna olmaqla) - 1,5;
  • Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) -1,0.

Avtomobil nəqliyyatı vasitələrinin yükgötürmə qabiliyyəti qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir. Yükgötürmə qabiliyyəti qeydiyyat şəhadətnaməsində göstərilmədiyi halda, həmin göstəricilər Daxili İşlər Nazirliyi tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir.

Misal: Bakının Qızıldaş qəsəbəsindən Aran rayonlarındakı sifarişçilərinə yük çatdıran Elmar Vəliyevin ödəyəcəyi sadələşdirilmiş verginin məbləğini hesablayaq. Nəzərə alsaq ki, fiziki şəxs olan E.Vəliyevin "Kamaz" markalı avtomobili 20 ton yükgötürmə qabiliyyətinə malikdir, bu halda onun ödəyəcəyi sadələşdirilmiş verginin aylıq məbləği belə olacaq: 20 ton x 1 manat (sabit məbləğ) x 2 (əmsal) = 40 manat.

Daşınan yük paytaxt ərazisindəki sifarişçilərə məxsusdursa, sadələşdirilmiş verginin məbləği Bakı şəhəri üçün, rayonlara daşınan yüklər isə aparıldığı rayon üzrə müəyyən edilmiş əmsala vurulur.

"Fərqlənmə nişanı" almaq üçün nə etməli?

Fiziki şəxs hesablanmış vergini banka ödəyərkən bankın ona təqdim etdiyi ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. Bundan sonra vergi ödəyicisi ərizə ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət etməklə öz istəyinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdır. Yük avtomobilinin sahibi "Fərqlənmə nişanı"nı almaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

  • vergi ödəyicisi tərəfindən ərizə;
  • Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin, vəkalətnamənin (etibarnamənin) və ya icarə müqaviləsinin surəti;
  • Verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin surəti.

"Fərqlənmə nişanı"nda aşağıdakı məlumatlar əks olunmalıdır:

  • vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı;
  • vergi ödəyicisinin VÖEN-i;
  • nişanın qüvvədə olma müddəti;
  • avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı;
  • avtonəqliyyat vasitəsinin yükgötürmə qabiliyyəti;
  • daşımanın həyata keçirildiyi ərazi;
  • ödənilmiş verginin məbləği.

Avtonəqliyyat xidməti göstərən şəxslər tərəfindən ödənilmiş vergi, həmin ay onların fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə, həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur. Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliyyat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edildikdə isə vəkalətnamə və ya icarə müqaviləsi ilə idarə edən şəxs məsuliyyət daşıyır. Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.

Elxan SALAHOV

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?