Şəxsi avtomobillə yükdaşıma xidmətinə görə vergi öhdəlikləri

2019.06.01 14:05 (UTC+04:00)

Regionlardan paytaxta yük daşıyanlar hər ton üçün vergi ödəməlidirlər

Mövcud qanunvericiliyə görə, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə fərdi qaydada yükdaşıma fəaliyyəti göstərən şəxslər sadələşdirilmiş verginin ödəyiciləri hesab edilirlər. Bu isə o deməkdir ki, şəxsi mülkiyyətində olan "Kamaz"la fiziki şəxslərə yükdaşıma xidməti göstərən Elnur Vəliyev sadələşdirilmiş verginin ödəyicisi kimi yaşadığı ərazi üzrə vergi orqanında qeydiyyatdan keçməli və dövriyyədən asılı olmayaraq, hər ay üçün müəyyən edilmiş vergini dövlət büdcəsinə ödəməlidir.

Bəs mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə fərdi qaydada yükdaşıma xidməti göstərən şəxslərin ödəyəcəyi vergi necə hesablanmalıdır?

"Fərqlənmə nişanı" almaqla avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıma xidmətlərini həyata keçirən vergi ödəyiciləri üçün aylıq sadələşdirilmiş vergi avtomobilin yükgötürmə qabiliyyətinə uyğun şəkildə hesablanır. Belə xidmətlər üzrə sadələşdirilmiş verginin aylıq məbləği hər ton üçün 1 manatdır. Vergi Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, yük daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, yükdaşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

Avtomobil nəqliyyatı vasitələrinin yükgötürmə qabiliyyəti qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir. Yükgötürmə qabiliyyəti qeydiyyat şəhadətnaməsində göstərilmədiyi halda, həmin göstəricilər Daxili İşlər Nazirliyi tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir.

Misal: Bakının Qızıldaş qəsəbəsindən Aran rayonlarındakı sifarişçilərinə yük çatdıran Elmar Vəliyevin ödəyəcəyi sadələşdirilmiş verginin məbləğini hesablayaq. Nəzərə alsaq ki, fiziki şəxs olan E.Vəliyevin "Kamaz" markalı avtomobili 20 ton yükgötürmə qabiliyyətinə malikdir, bu halda onun ödəyəcəyi sadələşdirilmiş verginin aylıq məbləği belə olacaq: 20 ton x 1 manat (sabit məbləğ) x 2 (əmsal) = 40 manat.

Daşınan yük paytaxt ərazisindəki sifarişçilərə məxsusdursa, sadələşdirilmiş verginin məbləği Bakı şəhəri üçün, rayonlara daşınan yüklər isə aparıldığı rayon üzrə müəyyən edilmiş əmsala vurulur.

"Fərqlənmə nişanı" almaq üçün nə etməli?

Fiziki şəxs hesablanmış vergini banka ödəyərkən bankın ona təqdim etdiyi ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. Bundan sonra vergi ödəyicisi ərizə ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət etməklə öz istəyinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdır. Yük avtomobilinin sahibi "Fərqlənmə nişanı"nı almaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

"Fərqlənmə nişanı"nda aşağıdakı məlumatlar əks olunmalıdır:

Avtonəqliyyat xidməti göstərən şəxslər tərəfindən ödənilmiş vergi, həmin ay onların fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə, həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur. Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliyyat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edildikdə isə vəkalətnamə və ya icarə müqaviləsi ilə idarə edən şəxs məsuliyyət daşıyır. Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.

Elxan SALAHOV