15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti Macarıstanda keçirilmiş beynəlxalq forumda təmsil olunub

Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “İnsan resurslarının idarə edilməsi” forumu keçirilib. Tədbirdə 25 ölkədən 44 nümayəndə iştirak edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini (DVX) tədbirdə qurumun İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova, İnsan resursları baş idarəsinin şöbə rəisi Leyla Babayeva, Tədris Mərkəzinin şöbə rəisi Ülkər Kazımova təmsil ediblər.

Forumda DVX-nin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova “İnsan resurslarında təkmil qərarların qəbul edilməsinə təkan verən təşəbbüslər və alətlər” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair strategiya”da beş Milli Prioritetdən biri rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasıdır. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. DVX tərəfindən bu çağırışlara uyğun olaraq istedadlı əməkdaşların cəlb edilməsi, inkişafı və mükafatlandırılması proqramlarının tətbiqi ilə işçi təcrübəsi keyfiyyətinin və məmnuniyyətinin artırılması istiqamətində görüləcək tədbirlər müəyyənləşdirilib. A.Kərimova vergi orqanları əməkdaşlarının qiymətləndirilməsi, onların fəaliyyətinin təhlili və işçi heyətinin potensialının artırılması üçün tətbiqi nəzərdə tutulan alətlər və mexanizmlər barədə də məlumat verib. Təqdimatda DVX-nin işçi heyətinin tərkibi və müxtəlif sahələr üzrə təsnifatı barədə göstəricilər diqqətə çatdırılıb.

Forumda qərarların qəbulunu təkmilləşdirmək, işçi kapitalını idarə etmək və insan resurslarının bütün sahələrində məlumatlara əsaslanan qərarları qəbul etmək üçün məlumatların toplanması, emalı və təhlili yanaşmaları barədə fikirlər səsləndirilib. Tədbirdə insan resursları sahəsində məlumatların əldə edilməsi, təhlili və istifadəsi sahəsində daha mükəmməl həllərin müəyyənləşdirilməsi mövzusunda qrup müzakirələri təşkil olunub. DVX-nin nümayəndələri müzakirələr zamanı təmsil etdikləri qurumun təcrübəsini bölüşüb və təkliflər səsləndiriblər.

Forum çərçivəsində Belçika, Estoniya, Finlandiya, Böyük Britaniya, Avstriya, Yunanıstan, İsveçrə, İrlandiya, İsveç, Rumıniya və s. ölkələrdən olan çıxışçıların təqdimatları da dinlənilib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?