Nağdsız ödənişlər: faydalı, sərfəli və rahat
Yaxın gələcəkdə ən kiçik ödənişlər də elektronlaşdırılacaq. Buna xərcləri əhəmiyyətli dərəcədə azaldan nağdsız ödənişlərin genişlənməsi və istehlakçı davranışı kömək edəcək.
Nağdsız ödənişlərin tarixi
1775-ci ildən Böyük Britaniyada veksellərdən istifadə olunmağa başlayıb. Onların prototipləri hələ qədim Yunanıstanda mövcud idi və “sinqrafik” adlanırdı. 19-cu əsrin sonlarında veksellə hesablamaşlar ABŞ və Avropada geniş istifadə olunmağa başladı. Saxta veksellərin dövriyyəyə çıxarılması ilə bu sahədə qanunvericiliyə dəyişiklik edildi, orijinal nüsxələrdə veksel sahibinin adı göstərilməyə və əlavə təhlükəsizlik vasitələri tətbiq olunmağa başlandı. Üçtərəfli müqavilə (bank - ödəniş məntəqəsi - kart sahibi) ilə real nağdsız ödənişlər 20-ci əsrdə yarandı: əvvəlcə ən çox kartları xatırladan “AmEx” səyahət çekləri, daha sonra isə 1914-cü ildə Kaliforniyanın Ümumi Petrol Korporasiyası tərəfindən yaradılmış benzin və neft məhsullarını ödəmək üçün kartlar və s. Ödəniş kartı biznesi ABŞ-da 1940 və 1950-ci illərin "ticarət bumu" zamanı yaranıb. O zaman üç amerikalı dost - maliyyəçi Frank Maknamara, prodüser Alfred Bloominqdeyl və hüquqşünas Ralf Snayder restoranlarda ödənilə bilən “Diners Club” kartını yaratdılar. Kart çox populyar idi, istifadəyə verildikdən bir il sonra, 1950-ci ildə 20 min insan ilk kredit kartından istifadə etdi. Bununla da klub dünyanın ilk ödəniş şirkəti kimi tarixə düşdü. Təxminən 70 illik plastik bankçılıq tarixinin nəticəsidir ki, hər bir amerikalıda ən azı bir debet və iki kredit kartı var. Plastik kartların tətbiqindən demək olar ki, 70 il keçməsinə baxmayaraq, “MasterCard” şirkətinin qənaətinə görə, dünyada alışların 85%-i hələ də nağd pulla həyata keçirilir. Bununla belə, bəzi ölkələrdə nağd ödənişlərin payı artıq, demək olar ki, sıfıra endirilib. Məsələn, 1661-ci ildə dünyada ilk dəfə əskinasları dövriyyəyə buraxan İsveçdə bunu müşahidə etmək olar. 2011-ci ildə İsveçdə hesablaşmaların yalnız 3%-i, 2015-ci ildə isə cəmi 2%-i nağd pulla həyata keçirilib. Bu ölkədə kilsə haqlarının hətta 40%-i bank köçürməsi ilə qəbul edilir. Böyük Britaniyada əskinaslardan tamamilə imtina etdiklərini bəyan etməsələr belə, 2015-ci ildə ölkədə elektron ödənişlərin həcmi artıb. 2014-cü ildə istehlakçılar, biznes və maliyyə təşkilatları tərəfindən nağd ödəniş əməliyyatlarının ümumi payı 48%-dək azalıb.
Dünya mobil ödənişə keçir
Bir ölkə rəqəmsallaşma yoluna nə qədər gec qədəm qoysa, ən son texnologiyalar bir o qədər sürətlə tətbiq olunur. Məsələn, Çin öz bazarında nağdsız ödənişlərin tətbiqini kifayət qədər gec - 1987-ci ildə həyata keçirib. Bu ölkədə ilk ödəniş kartı “MasterCard” idi, lakin indi burada təmassız ödənişlərin həcmi əsasən mobil texnologiyalar hesabına böyüyür. 2016-cı ildə Çin bankları 26 milyard, qeyri-banklar isə 164 milyard dollar mobil ödəniş həyata keçirib. Rəqəmsal ödənişlər sahəsinin ekspertlərinin fikrincə, həm nağd pul, həm də kartlar tezliklə ödəniş vasitəsi kimi öz yerini yüksək texnologiyalı alətlərə verəcək. Ekspertlər bildirirlər ki, “Apple” və “Google Pay” insanları 3-4 və ya daha çox bank kartı olan pul kisəsi daşımaqdan xilas edib və hazırda bütün ödənişlər üçün sadəcə mobil telefon kifayətdir. Zamanla kassada ödəniş etmək üçün barmaq izi, gözün və ya üz nahiyəsinin skan olunması kifayət edəcək. Yeri gəlmişkən, 2020-ci ildən Yaponiyada biometrik ödəniş texnologiyaları fəal şəkildə sınaqdan keçirilir.
Ölkəmizdə nağdsız ödənişlərə keçid sürətlənib
Azərbaycanda rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdəndir. Nağdsız ödənişlərin əhatəsinin genişləndirilməsi məqsədilə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” həyata keçirilib. Proqram çərçivəsində dövlət qurumları və bank sektoru ilə birgə ölkədə nağdsız ödəniş səviyyəsinin artırılması, innovativ texnologiyalarının tətbiqinin genişləndirilməsi, əhalinin maliyyə savadlılığının yüksəldilməsi, habelə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib və müxtəlif miqyaslı layihələr reallaşdırılıb.
Nağdsız hesablaşmaların təşviqi vergi orqanlarının da fəaliyyətinin mühüm istiqamətidir. Vergi qanunvericliyində nağdsız ödənişlərin tətbiqi ilə bağlı bir çox məqamlar mövcuddur. 2022-ci ildən etibarən vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən biri nəzarət-kassa aparatlarının tətbiq dairəsinin genişləndirilməsi ilə bağlıdır. Belə ki, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə yanaşı, yerləşmə vasitələri hesab edilən mehmanxana və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər (sabit vergi ödəyiciləri istisna olmaqla) tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmaları vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidirlər. 2022-ci il yanvarın 1-dən ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər, pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4.000 manatdan çox olan ödənişlər yalnız nağdsız qaydada aparılmalıdır. Bu tədbirlər “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və gəlirlərin leqallaşdırılması, habelə fəaliyyət sahələri üzrə vergi münasibətlərində şəffaflığın təmin olunmasına xidmət edir.
Yeri gəlmişkən, təsərrüfat subyektlərində cari ilin 6 ayı ərzində POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 93 faiz artaraq 82,4 milyon ədəd, həcmi isə 41,2 faiz yüksələrək 2,5 milyard manat olub. Mərkəzi Bankın məlumatına görə, hesabat dövründə POS-terminallarla aparılan təmassız ödənişlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 73,3 milyon ədəd, həcmi isə 2,1 dəfə çoxalaraq 2 milyard manat təşkil edib.
Elektron ödənişlərə keçid istehlakçılara təhlükəsizliyin təmin edilməsi və rahatlıq gətirməklə yanaşı, həm də cəmiyyətə daha yüksək idarəetmə, daha yaxşı vergi yığımı, “kölgə iqtisadiyyatı” ilə mübarizə və ÜDM-in artımının sürətləndirilməsi baxımından böyük faydalar gətirir. Pul vəsaitləri elektron ödənişlərdə hərəkət edən ölkələrdə iqtisadi artım sürətlənir, əhaliyə vaxta qənaət imkanı yaradır, nağd pul daşınmasının yaratdığı təhlükələrdən qoruyur, ticarət və xidmət obyeklərində saxta pullarla hesablaşmaların qarşısını alır. Eyni zamanda, vətəndaşların dövlət qurumlarına ödədiyi müxtəlif xidmət haqlarının hesabatlılığını təmin edir, şəffaflığa zəmanət verir. Bu sistem sayəsində vergidən yayınmanın qarşısı alınır və büdcəyə daha çox vəsait toplanır, ölkə iqtisadiyyatında maliyyə intizamı güclənir. Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artırır və sosial sektorun maliyyələşdirilməsi ilə bağlı əlavə mənbələr yaranmış olur.
Gülay NƏBİYEVA