4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi və sosial sığorta öhdəlikləri

Fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən taksi sürücüləri nə qədər vergi və  sosial sığorta haqqı ödəməlidirlər? “vergiler.az”ın sualına mühasib İlkin Lələyev aydınlıq gətirib.

Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə uyğun olaraq ölkə ərazisində fərdi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən şəxlər sadələşdirilmiş vergi ödəyiciləridir.

Həmin şəxslər fəaliyyət göstərdikləri hər ay üçün müvafiq qaydada fərqlənmə nişanı almalı, əldə etdikləri gəlir məbləğindən asılı olmayaraq dövlət büdcəsinə sabit məbləğdə aylıq ödəniş etməlidirlər.
Vergi Məcəlləsinin 220.5-ci maddəsinin tələblərinə uyğun olaraq taksi xidməti göstərənlər hər ay bir ədəd nəqliyyat vasitəsi üçün 9 manat məbləği əsasında müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış vergi məbləğini büdcəyə ödəməlidirlər. Həmin əmsallar aşağıdakı qayda üzrə müəyyən edilmişdir:

-Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2 əmsal;

-Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla) istisna olmaqla) - 1,5 əmsal;
-digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərləri istisna olmaqla) – 1 əmsal.

“Sosial sığorta haqqında” qanunun 14.5.1-1.10-cu maddəsinə əsasən fərqlənmə nişanı almış vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqının 6 faizi məbləğinin müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış sosial sığorta məbləğini büdcəyə ödəməlidirlər. Bu əmsallar aşağıdakı qaydada müəyyən edilmişdir:

-Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2 əmsal;

-Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5 əmsal;

-Digər şəhər və rayonlarda – 1 əmsal.

“İcbari tibbi sığorta haqqında” qanunun 15-10.1.3-cü maddəsinə əsasən, fərqlənmə nişanı əldə edərək fəaliyyət göstərən vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqı məbləğinin 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər. Göründüyü kimi, bu sığorta növünün hesablanması zamanı heç bir əmsal tətbiq edilmir.

İndi isə bir neçə misalla taksi xidməti ilə məşul olan şəxslərin aylıq büdcə ödənişi məbləğini hesablayaq.

Misal 1: Fərz edək ki, fiziki şəxs kimi qeydiyyata alınmış vergi ödəyicisi özünə məxsus bir ədəd minik avtomobili üçün fərqlənmə nişanı əldə etməklə Bakı şəhəri daxilində, həmçinin müntəzəm olaraq Bakı və Gəncə şəhərləri arasında taksi ilə sərnişin daşıyır. Həmin şəxsin bir ay üçün dövlət büdcəsinə ödənməli olduğu vəsaiti aşağıdakı miqdarda olacaqdır:

1. Sadələşdirilmiş vergi: 9x2 (əmsal) = 18 manat;

2. Sosial sığorta haqqı: 300x6% x2 (əmsal) = 36 manat;

3. İcbari tibbi sığorta haqqı: 300x4% = 12 manat.

Dövlət büdcəsinə cəmi ödəniləcək məbləğ: 18+36+12 = 66 manat olacaqdır.

Misal 2: Fərz edək ki, fiziki şəxs kimi qeydiyyata alınmış vergi ödəyicisi özünə məxsus bir ədəd minik avtomobili üçün fərqlənmə nişanı əldə etməklə Zaqatala şəhəri daxilində, həmçinin müntəzəm olaraq Şəki və Zaqatala şəhərləri arasında taksi ilə sərnişin daşıyır. Həmin şəxsin bir ay üçün dövlət büdcəsinə ödənməli olduğu vəsaiti aşağıdakı miqdarda olacaq:

1. Sadələşdirilmiş vergi: 9x1 (əmsal) = 9 manat;

2. Sosial sığorta haqqı: 300x6% x1 (əmsal) = 18 manat;

3. İcbari tibbi sığorta haqqı: 300x4% = 12 manat.

Dövlət büdcəsinə cəmi ödəniləcək məbləğ: 9+18+12 = 39 manat olacaqdır.

Bəs fərqlənmə nişanı əldə etmədən fəaliyyət göstərən taksi sürücülərinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması