Vergi ölkənin inkişafının mühüm amilidir
Vergilər Nazirliyində Avropa İttifaqının TAIEX institusional quruculuq aləti çərçivəsində keçirilmiş "Startapların vergiyə cəlb olunması" mövzusunda ekspert missiyasının iştirakçılarından olan Macarıstan Maliyyə Nazirliyinin Vergi siyasəti və beynəlxalq vergitutma departamentinin analitiki Nandor Marmolı saytımıza müsahibə verib.
- Cənab Marmolı, startaplara və kiçik biznesə dəstək iqtisadiyyat üçün hansı faydaları verə bilər?
- Statistikaya görə, kiçik və orta biznes müəssisələri Avropa İttifaqında ümumi şirkətlərin 70-80 faizini təşkil edir və burada bütün işçi qüvvəsinin 60 faizi çalışır. Ona görə də iqtisadiyyatda bu müəssisələrin dəstəklənməsi çox vacib və faydalıdır.
- Kiçik və orta biznesə dəstəyin göstərilməsində vergi siyasəti necə qurulmalıdır?
- Kiçik və orta biznesin dəstəklənməsi siyasəti ona görə ortaya çıxıb ki, kiçik müəssisələr iri müəssisələrə nisbətən daha zəif olurlar. Onların nisbi xərcləri - mühasibat işlərinin aparılması, hesabların saxlanması kimi xərcləri nisbətən yüksəkdir. Digər bir məsələ də bu tip fəaliyyətin qeydiyyatsız həyata keçirilməsidir ki, bu da dövlət büdcəsinə daxil olan vəsaitin itkisinə səbəb olur. Bunlar daha çox qeyri-rəsmi sektorda işləyirlər və məqsəd onları rəsmi fəaliyyətə cəlb etməkdir. Bu isə dövlət tərəfindən əlavə gəlirlərin əldə edilməsinə gətirib çıxarır. Kiçik və orta sahibkarlıq subyektlərinin ilkin mərhələdə dəstəklənməsinin digər bir faydası da say artımı ilə bağlıdır. Gələcəkdə onların fəaliyyətləri müvəffəqiyyətli olduqda, saylarının artması da yüksək olur.
- Vergitutmada davranış anlayışının tətbiqi və bunun potensialı haqqında məlumat verərdiniz...
- Hazırda bu, iqtisadiyyatda geniş yayılmış tendensiyadır. Bu istiqamətdə iqtisadi nəzəriyyə, psixologiya, koqnitiv psixologiya nəzərə alınır. Qəbul olunub ki, iqtisadiyyatın oyunçuları rasional hərəkət edirlər. Xüsusilə söhbət qısamüddətli qərarın qəbul edilməsi hallarından gedəndə, onları rasional yönləndirmək üçün müxtəlif psixoloji metodlardan istifadə olunur. Əgər vergi ödəyicilərinə aid xüsusi tədbirlər həyata keçirilsə, onda kiçik məbləğ və kiçik xərclərin əvəzində çox böyük məbləğləri almaq mümkündür.
- Macarıstanda kiçik və orta biznes üçün sadələşdirilmiş vergi rejimi necə həyata keçirilir?
- Macarıstanda ən kiçik müəssisələr özüməşğulluq rejimi ilə dəstəklənir. Bu rejimin sayəsində belə müəssisələrin idarəetməsi asanlaşır və onlar sabit məbləğ ödəmiş olurlar. Əsas ideya bundan ibarətdir ki, bu tip sahibkarlar az səylə vergi öhdəliklərinə riayət etmiş olsunlar.
- Avropada startapların və "mələk investorlar"ın dəstəklənməsi hansı istiqamətdə aparılır? Macarıstanda bu sahədə nə kimi işlər görülür?
- "Mələk investor" kiçik müəssisələr üçün xilaskar rolunu oynayır. Bu tip investorlar kiçik müəssisəyə investisiya qoyursa, həmin məbləğ vergi bazasından çıxılmış olur. Bu investorların kiçik və orta biznesə cəlb olunması Avropa İttifaqında və ABŞ-da geniş yayılıb. Kiçik müəssisələr inkişaf dövründə böyük çətinliklərlə üzləşirlər. Bu, nədən irəli gəlir? Belə müəssisələr ilkin mərhələdə çox vaxt özlərini doğrultmadıqlarına görə onların ənənəvi maliyyə mənbələrindən faydalanması, məsələn, kredit almaq kimi çətinlikləri olur. Belə məsələlərin həllində "mələk" dediyimiz investorların cəlb olunması bu şirkətlərin gələcək inkişafı nöqteyi-nəzərindən vacib amildir.
- Ekspert missiyası çərçivəsində Bakıya səfərinizlə bağlı nə deyə bilərsiniz?
- Bir məsələni deyim ki, bu səfərdən əvvəl müxtəlif mənbələrdən Azərbaycanın vergi sistemi ilə bağlı məlumatlar əldə etdik və həmin məlumatlardan faydalandıq. Topladığımız məlumatlarda Azərbaycanın vergi sahəsində inkişaf etmiş ölkə olduğunu gördük. Bu, ölkənin inkişafı üçün çox mühüm məsələdir.
Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI