11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəffaflığın təmin edilməsi sahəsində işlər sürətləndirilir

"İqtisadiyyat" qəzetinin redaksiyasında "Kölgə iqtisadiyyatı və onunla mübarizə" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, professor Akif Musayev, millət vəkili Ziyad Səmədzadə, Auditorlar Palatasının sədri Vahid Novruzov, Dövlət İqtisad Universitetinin Elm departamentinin rəhbəri Zahid Məmmədov, həmin universitetin kafedra müdiri Məhiş Əhmədov, Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, vergilər nazirinin müşaviri Xəqani Abdullayev, Vergilər Nazirliyinin Vergi siyasəti və makroiqtisadi təhlil idarəsinin direktoru Namiq Dərgahov, Bakı Dövlət Universitetinin dosenti Fərhad Qarayev, iqtisadçı ekspert Eldar Təhməzov, "Sinteks" şirkətinin maliyyə məsələləri üzrə müşaviri Sübhan Qasımlı mövzu ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Vergilər nazirinin müşaviri Xəqani Abdullayev çıxışında bildirib ki, vergi risklərinin qiymətləndirilməsi nəticəsində ortaya çıxan təhlillər bəzi fəaliyyət sahələrində vergidən yayınmanın olduğunu göstərir: "Vergilər Nazirliyi olaraq, təbii ki, biz dövlət büdcəsinin gəlirlərini formalaşdıran bir qurumuq. Bizim üçün ən vacib məsələ odur ki, iqtisadiyyatda yığım potensialına uyğun olaraq vergi daxilolmalarını təmin edək. Vergilər Nazirliyi üçün vergidən yayınmanın miqyasının qiymətləndirilməsi metodikaları, yanaşmaları var. Biz vergi risklərini, vergi boşluqlarını qiymətləndiririk, ayrı-ayrı tədiyyə növlərini götürürük və bu növlər üzrə maksimum yığıla bilən vergi həcmini qiymətləndiririk, faktiki yığılan vergilərlə vergi boşluğu əsasında qiymətləndirilmiş vergi məbləği arasında fərqi tapırıq".

Vergilər nazirinin müşaviri son bir ildə vergidən yayınmanın həcminin qiymətləndirilməsi üzrə intensiv metodoloji iş aparıldığını qeyd edib. Onun sözlərinə görə, bu ilin yanvarından qüvvəyə minmiş Vergi Məcəlləsinə dəyişikliklər həmin işlərin nəticəsi üzrə əsaslandırılıb: "Qiymətləndirmələr olmasaydı, bu dəyişikliklər qüvvəyə minməzdi və dəyişikliklərin kökündəki ən böyük stereotiplərdən biri, qeyd etdiyimiz kimi, "kölgə iqtisadiyyatı"dır. Məcəllədə "kölgə iqtisadiyyatı" ilə mübarizə fəlsəfəmizi əks etdirməyə çalışmışıq. Burada balansı gözləmişik – bir tərəfdən sərtləşdirmə, nəzarət, inzibatçılıq, digər tərəfdən isə stimulların verilməsi, yəni dövriyyələrin, gəlirlərin "ağarması" məsələsi. Xərclərin sənədləşdirilməsi əmək bazarında şəffaf münasibətlərin yaranması, əmək müqavilələrinin bağlanması məsələlərinə stimul verilməlidir. Digər tərəfdən də bu "ağarmanın" balanslı şəkildə baş verməsi üçün nəzarət güclü olmalıdır".

X.Abdullayev əmək bazarı ilə bağlı problemlərə də toxunub. Burada ən ciddi məsələnin qeyri-rəsmi münasibətlər olduğu vurğulanıb. Müşavir ölkədə bütövlükdə biznes gəlirlərinin leqallaşdırılması, gəlir və xərclərin sənədləşdirilməsi ilə bağlı problemlərin də diqqətdə saxlanıldığını deyib: "Ən böyük problem ölkədə idxalda və istehsalda sənədləşdirilməmiş mal dövriyyəsidir. Bunun qarşısının alınması ilə bağlı son 3-4 il ərzində idxalda əhəmiyyətli irəliləyiş baş verib. İndi idxal olunan malların dövriyyəsi sənədləşdirilir. Biz bu problemlərin üstünə getdik və getməkdə də davam edirik".

Qeyd olunub ki, ötən il spirtli içkilərin istehsalı ilə bağlı statistika qaydaya salınıb. X.Abdullayev çıxışında Vergi Məcəlləsi ilə iş adamlarına verilən stimullara da toxunub: "ƏDV-nin bir hissəsinin istehlakçılara qaytarılması ilə faktiki olaraq onları özümüzə, bir növ, bələdçi seçirik. Çek tələb edəndə, nağd və ya qeyri-nağd alış-veriş edəndə faktiki olaraq istehlakçı bizim tərəfimizdədir. Eyni zamanda, pərakəndə ticarətçilərə də bu stimullar verilib. POS-terminaldan keçən dövriyyənin həcminə uyğun olaraq, vergi öhdəlikləri də müvafiq qaydada azaldılır. Bu da bir stimuldur”.

Vergi ödəyicilərinin uçotunun aparılması ilə bağlı məsələlərdə vəziyyətin düzəldiyini deyən müşavir risklərin qiymətləndirilməsi, vergidən yayınma hallarının operativ şəkildə aşkar olunmasına imkan verən bir sistemin qurulması ilə bağlı layihələr hazırlandığını bildirib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?