13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığortaçı fərdi hesabında məlumatların tam əks etdirilməsində maraqlı olmalıdır

Sosial sığorta haqqının ödənişi hər bir vətəndaşın gələcəyinin təminatıdır – bu deviz deyil, artıq hamının dərk və qəbul etdiyi bir reallıqdır. Sosial sığorta ilə bağlı oxucuları daha çox maraqlandıran sualları iqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov cavablandırır:

- Ədalət müəllim, indi ölkəmizdə hər kəsin öz sosial sığorta yığımlarını izləmək imkanı var. Bunun əhəmiyyətini və həssas məqamlarını necə izah etmək olar?

- Vətəndaşlar sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olmasını nəzərə alaraq, öz fərdi hesablarında məlumatların tam əks etdirilməsində xüsusilə maraqlı olmalıdırlar. Çünki avtomatlaşdırılmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır. Təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir.

Məlumat üçün bildirim ki, artıq 2017-ci ildən sığortaolunanların fərdi uçot sistemi yaradılıb və ödənilən sosial sığorta haqqı hər sığortaolunanın fərdi uçotunda (hesabında) toplanır.

- Mövcud qanunvericiliyə əsasən kimlər məcburi dövlət sosial sığorta haqqı ödəməlidir?

- Sosial sığorta haqlarının toplanması qanunla tənzimlənir və aşağıda göstərilən şəxslər sosial sığorta haqqını ödəməlidir:

• Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;

• əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər;

• Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) əcnəbilər istisna olmaqla);

• seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);

• prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri;

• vergi orqanlarının işçiləri;

• vəkillər kollegiyasının üzvləri;

• mediatorlar;

• fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

- Ortaya çıxan suallardan biri də budur ki, hansı ödəmələrdən məcburi dövlət sosial sığorta haqqı ödənilməyə bilər?

- Aşağıdakı ödəmələrdən sosial sığorta haqqı hesablanmır:

• iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;

• faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi;

• müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər;

• əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;

• istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;

• təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;

• aliment ödənişləri;

• donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq;

• məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri;

• Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri;

• sığorta hadisəsi baş verdikdə, sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər;

• muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti (müəlliflik qonorarı istisna olmaqla), sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar);

• yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;

• dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;

• sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət;

• dövlət orqanları tərəfindən köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya;

• rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı;

• fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (sığortaedənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına əcnəbilər üzrə formalaşan əmək haqqı fondu (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası müddətində);

• əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr;

• ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar;

• əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar;

• müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənilən maddi yardım;

• sığortaedənin işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlirləri, o cümlədən üçüncü tərəfə ödədiyi vəsait.

2021-ci il dekabrın 1-nə Azərbaycanda uçota alınan sığortaolunanların sayı 4,58 milyon nəfərə çatıb. Dövlər Sosial Müdafiə Fondunun məlumatına əsasən, təkcə noyabr ayında onların sayı 0,38 faiz artıb. Bu ilin 11 ayında sosial sığorta daxilolmaları isə 9,7 faiz artıb. Daxilolmalarda artım büdcə təşkilatları üzrə 2,7 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 11,5 faiz olub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?