22 Yanvar 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə” forması və onun doldurulması Qaydası

Dövlət Vergi Xidmətinin 29.11.2021-ci il tarixli 2117040100915200 nömrəli əmri ilə “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə” forması və onun doldurulması Qaydası təsdiq edilmişdir. Qaydaya əsasən, “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə” forması əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınmaq məqsədilə vergi ödəyiciləri tərəfindən doldurulmalı və vergi orqanına təqdim edilməlidir. Ərizə vergi orqanına elektron və kağız formada təqdim oluna bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicilərinin vergi orqanının təşəbbüsü ilə uçota alınması zamanı bu ərizə forması tətbiq edilmir.

Ərizə forması 5 bölmədən ibarətdir.

1. “Ərizənin təyinatı” bölməsində ərizənin doldurulma səbəbi lazımi xanada işarə edilməklə göstərilir. Qeydiyyata dair ərizə Vergi Məcəlləsinin 156.1-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçməli olmayan şəxs tərəfindən könüllü qaydada verilirsə, bu halda 1.1 sətrindəki xanada işarə edilir.

Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən qeydiyyata dair ərizə könüllü qaydada verilirsə, bu halda 1.2 sətrindəki xanada işarə edilir. Həmin şəxslər mütləq qaydada aşağıdakı şərtlərə cavab verməlidirlər:

- göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;

- digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;

- göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.

Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 200000 manatdan artıq olan şəxs həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Qeydiyyatın aparılmasına səbəb Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun vergi tutulan əməliyyatların həcminin artması ilə əlaqədar olduqda 1.3 sətrindəki xanada, bir əqd və ya müqavilə üzrə ƏDV-ə cəlb olunan əməliyyatın ümumi dəyərinə əsasən qeydiyyat olduqda isə vergi ödəyicisi tərəfindən 1.4 sətrindəki xanada, Vergi Məcəlləsinin 154.6-cı maddəsinə uyğun aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatı olduqda 1.5-ci sətrdəki xana işarə edilir.

2. “Ərizənin təqdim edildiyi vergi orqanı” bölməsində müvafiq vergi orqanının adı 2.1 sətrindəki xanalarda göstərilir.

3. “Vergi ödəyicisi haqqında məlumat” bölməsində 3.1 sətrindəki xanalarda vergi ödəyicisinin qısaldılmış adı göstərilir. Əgər vergi ödəyicisi fiziki şəxsdirsə, bu halda onun soyadı tam, adı və atasının adının ilk hərfləri göstərilir. 3.2 sətrindəki xanalarda vergi ödəyicisinin 10 rəqəmli VÖEN-i göstərilir.

4. “Ərizənin məzmunu” bölməsində vergi ödəyicisi tərəfindən 4.1 sətrində müvafiq xanada qeydiyyatın qüvvəyə minmə tarixi (gün, ay, il) göstərilir. 1.1-ci sətirdəki xana seçildikdə ƏDV qeydiyyatının qüvvəyə minmə tarixi Vergi Məcəlləsinin 157.3.3.-cü maddəsinə əsasən 3 il müddətindən (156.1-1-ci maddə istisna olmaqla) əvvələ göstərilə bilməz. 1.2-ci sətirdəki xana seçildikdə VM-nin 156.1-1-ci maddəsində nəzərdə tutulan şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı yanvar ayının 1-dən qüvvəyə minir. 4.2, 4.3 və 4.4 sətirlərində ərizəni imzalayan səlahiyyətli şəxsin soyadı, adı və atasının adı və 4.5 sətrində ərizənin vergi orqanına təqdim edilmə tarixi qeyd edilir. Ərizə 4.6 sətrinə uyğun yerdə imzalanır. Möhür olduqda ərizə möhürlə də təsdiqlənməlidir.

5. “Vergi orqanının qeydləri” bölməsi vergi orqanının vəzifəli şəxsi tərəfindən doldurulur.

Ərizənin rekvizitlərinin boş saxlanılmasına yol verilmir.