24 Avqust 2019

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Saxta məhsulların hazırlanması ilə məşğul olan sexlər aşkar edilib

Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı sahəsində vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi, istehlak bazarında məhsulların qanunsuz dövriyyəsi və haqsız rəqabətə yol verilməsi halları ilə mübarizə çərçivəsində nəzarət tədbirlərini davam etdirir.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş əməliyyat məlumatı əsasında vergi əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən "Mini market"də və Gəncə prospektində fəaliyyət göstərən "Şərab evi mağazası"nda həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu obyektlərdən külli miqdarda qanunsuz istehsal edilmiş və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar olunub.

Müəyyən edilib ki, Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsində yerləşən fərdi yaşayış evlərindən birində vətəndaş Şahin Hacı oğlu Əliyevin başçılığı ilə spirt məhsulları kustar üsulla bahalı içkilərə aid şüşə qablara doldurulur. Məhkəmə qərarı əsasında fərdi yaşayış evində aparılmış axtarış zamanı Rusiya və yerli istehsala aid 1.059 ədəd saxta aksiz markası, 286 ədəd alkoqollu içki, 52 qutu boş şüşə, 15 qutu qapaq, 5 qutu tıxac, 1 qutu və 2 bağlama etiket aşkar edilib. Bundan başqa, bir neçə qutu saç rəngləyiciləri də aşkar edilib və hazırda həmin kimyəvi qatqıların alkoqol məhsullarının istehsalında istifadə olunub-olunmadığı araşdırılır.

Beləliklə, keçirilmiş əməliyyat tədbiri zamanı qanunsuz gəlir əldə etmək məqsədilə istehlakçıların kütləvi şəkildə aldadılması, insan orqanizmi üçün təhlükə yarada biləcək saxta məhsulların hazırlanması, aksiz markalarının saxtalaşdırılması hallarına yol verilməsi müəyyən edilib. Aşkar edilmiş faktlar üzrə cinayət işi qaldırılıb, Şahin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsində yerləşən həyət evində bir sıra brend markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Xəzər Rayon Məhkəməsinin qərarı əsasında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən həmin ünvanda Əlövsət Akif oğlu Həmidova məxsus həyət evində keçirilən nəzarət tədbiri zamanı bir sıra brend markaların, o cümlədən "Ariel", "Vernel", "Calgon" və "Domestos" markalarına aid yuyucu və təmizləyici vasitələrin satış məqsədilə saxta üsulla hazırlandığı müəyyən edilib. Ə.Həmidov qonşu ölkələrdən ucuz yuyucu vasitələri alaraq onları texniki duzla qarışdırıb brend markalı yuyucu vasitələrin qutularına doldurulduğunu və müxtəlif obyektlərə, o cümlədən "Sədərək" ticarət mərkəzində fəaliyyət göstərən satış obyektlərinə verdiyini etiraf edib. Baxış zamanı məhsulların hazırlanması məqsədilə istifadə olunmamış boş qutular və etiketlər də aşkar edilib.

Saxta məhsulların hazırlanmasında Həmidov Əlövsət Akif oğlundan başqa, daha 4 nəfərin əmək müqaviləsi olmadan bu işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub. Qeyd edilən faktlarla əlaqədar araşdırma aparılır.

Vergilər Nazirliyi vergi ödəyicilərinin nəzərinə çatdırır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Bununla belə, son zamanlar vergi orqanlarına daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, ölkə ərazisində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində, xüsusilə şadlıq evlərində vətəndaşlara qanunsuz istehsal edilmiş və saxta aksizli, o cümlədən kustar üsulla hazırlanmış alkoqollu içkilər təqdim edilir. Gəlir əldə etmək məqsədilə belə işbazlarla sövdələşməyə gedən vergi ödəyiciləri bilməlidirlər ki, bununla onlar həm qeyri-qanuni istehsalçıların fəaliyyətinə rəvac verir, həm də vətəndaşların sağlamlığını təhlükə altına atmış olurlar. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

Vergilər Nazirliyi ölkə vətəndaşlarına müraciət edərək bildirir ki, ticarət şəbəkələrində və ictimai iaşə obyektlərində alkoqollu içkilər alarkən onların aksizinin olub-olmamasına, malın qiyməti və məhsulun keyfiyyətinin uzlaşmasına diqqət yetirsinlər və hər hansı şübhələri yaranarsa, aidiyyəti dövlət qurumlarına müraciət etsinlər.