6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarşılıqlı fəaliyyət beynəlxalq aləmdə maraqlarımızın təbliği baxımından əhəmiyyətlidir

Moldova Respublikasının Dövlət Vergi Xidmətinin direktor müavini İqor Surkanu "vergilər.az"-ın suallarını cavablandırıb:

- Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Moldova Respublikası Dövlət Vergi Xidməti arasında ikitərəfli əməkdaşlığın perspektivlərini necə görürsünüz?

- Bu gün vergitutma və vergi inzibatçılığının təkmilləşdirilməsi məsələləri, eləcə də müxtəlif ölkələrin vergi administrasiyaları ilə əməkdaşlıq Moldova Respublikası Dövlət Vergi Xidmətinin gündəmində olan prioritetlərdəndir. Bizim vergi administrasiyası ilə Azərbaycanın Vergilər Nazirliyi arasındakı əməkdaşlığa gəldikdə isə, əminliklə deyə bilərəm ki, bu qarşılıqlı fəaliyyət həm Moldovanın vergi xidməti üçün müxtəlif məsələlərin praktiki həllində, həm də beynəlxalq aləmdə maraqlarımızın təbliği baxımından əhəmiyyətlidir.

- Bakıya səfəriniz zamanı Azərbaycanın vergi administrasiyasının rəhbərliyi ilə görüşlər keçirdiniz, ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivlərini müzakirə etdiniz. Bu görüşlərin əməkdaşlığın inkişafına təsirini necə qiymətləndirərdiniz?

- Azərbaycanın vergi orqanlarının rəhbər vəzifəli şəxsləri ilə görüşlər zamanı bir sıra sahəvi beynəlxalq və regional təşkilatların üzvü olan hər iki ölkənin vergi administrasiyaları üçün xüsusi maraq kəsb edən məsələlərə toxunuldu. Vergi qanunvericiliyinə əməletmə, elektron ticarətin vergiyə cəlb olunması, vergi borclarının yığılması, səmərəli məlumat mübadiləsi, ikiqat vergitutmanın aradan qaldırılması kimi müasir vergitutma məsələləri yalnız universal yanaşmaların və qaydaların tətbiqi, kollektiv tədbirlərin görülməsi nəticəsində öz effektiv həllini tapa bilər.

- Necə düşünürsünüz, Azərbaycanın vergi sahəsində əldə etdiyi hansı nailiyyətlər Moldova vergi xidməti üçün maraqlı ola bilər?

- İşgüzar səfər zamanı müzakirə edilən başlıca mövzulardan biri vergi xidmətinin inteqrasiya olunmuş informasiya sistemi ilə bağlı idi. Biz Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi – AVİS-in fəaliyyəti ilə tanış olduq, fiziki şəxslər üçün çoxfunksiyalı xidmət mərkəzi olan "ASAN xidmət"ə və Vergilər Nazirliyinin Çağrı Mərkəzinə baş çəkdik. Bu strukturlar bizim informasiya sistemlərimizlə müqayisə edilməsinə və bəzi yeniliklərin ölkəmizdə tətbiqi baxımından ciddi marağımıza səbəb oldu.

- Sizin fikrinizcə, bu gün dünyada hansı maliyyə, vergi trendləri daha aktualdır?

- Beynəlxalq səviyyədə aktual vergi trendlərindən danışdıqda, ilk növbədə, elektron vergi inzibatçılığının tətbiqini və təkmilləşdirilməsini qeyd etməliyik. Çünki bu, həm hesabatların keyfiyyətinin artmasına, həm də vergi ödəyiciləri ilə fiskal orqanlar arasında qarşılıqlı əməkdaşlığın əsaslı şəkildə sadələşdirilməsinə səbəb olur. Vergi orqanları arasında avtomatlaşdırılmış məlumat mübadiləsi vasitəsilə vergidən yayınma ilə mübarizəyə yönəlmiş beynəlxalq əməkdaşlığın zəruriliyi də xüsusi vurğulanmalıdır. Bundan başqa, ayrı-ayrı ölkələrin vergi sistemləri və vergi siyasətlərinin uyğunlaşdırılması, fiskal siyasət və vergi qanunvericiliklərinin unifikasiyası, qeyri-rezident vergi ödəyicilərinin diskriminasiyasının aradan qaldırılması kimi məsələlər az əhəmiyyət daşımır.

- Ölkəmiz və Azərbaycanın vergi sistemi ilə bağlı təəssüratlarınız da çox maraqlıdır...

- Ümumilikdə, ölkəniz haqqında təəssüratlarım olduqca müsbətdir. Görə bildiklərim bütün gözləntilərimi aşdı. Münasibətləri qarşılıqlı hörmət üzərində quran gözəl insanlarla tanış oldum.

Azərbaycanın vergi sisteminə gəlincə, qeyd etməliyəm ki, son illər ərzində ölkənizdə vergi inzibatçılığının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, vergi ödəyicilərinə xidmətin mükəmməl səviyyədə qurulması iqtisadiyyatın inkişafına, o cümlədən dövlətin, iş adamlarının və sadə vətəndaşların iqtisadi maraqlarının uzlaşmasına yönəldilmiş biznes mühitinin fomalaşması ilə nəticələnib...

Müsahibəni hazırladı:
Fəxriyyə İkramqızı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?