9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə sanksiyasının tətbiqinə səbəb olan hallar

Vergi məbləğinin azaldılması, yaxud məbləğin düzgün hesablanmaması, vergi məbləğinin bilərəkdən gizlədilməsi və digər qanun pozuntularına görə Vergi Məcəlləsində maliyyə sanksiyaları nəzərdə tutulub. Mövzunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev şərh edir.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əslində, bu maddə maliyyə sanksiyaları vasitəsilə vergi intizamının formalaşdırılması, vergi inzibatçılığının və nəzarətin daha asan üsulla həyata keçirilməsi, o cümlədən könüllü vergi ödəmə mədəniyyətinin formalaşdırılmasına xidmət edir. Burada müxtəlif vergi dərəcələrinə görə hər hansı sahibkarlıq subyekti öz vergi funksiyasına uyğun olaraq hər hansı bir vergi dərəcəsini gizlətdikdə və yaxud azaltdıqda ona müvafiq olaraq bir sıra sanksiyalar nəzərdə tutulub.

Vergi Məcəlləsinin 58.4-cü maddəsində göstərilib ki, bu Məcəllənin 155-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal: Tutaq ki, “MM” şirkəti fəaliyyətinin 12 aylıq dövründə və ya hər hansı ayda 200 min manatlıq dövriyyə çərçivəsini keçib. Bu zaman şirkət ƏDV qeydiyyatına alınmaq üçün müraciət etməlidir. Lakin həmin şirkət qeydiyyat üçün müraciət etməyərək, əvvəlki vergi rejimində fəaliyyətini davam etdirir. Onun bu fəaliyyəti vergi orqanları tərəfindən aşkarlandığı zaman Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən, ƏDV qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV-nin 50 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur.

2020-ci il martın 1-də ƏDV ödəyicisinə çevrilən şirkətin qeydiyyatsız fəaliyyəti avqustun 1-də aşkarlanarsa, şirkət həm 5 ay müddətində ödənilməli olan məbləği, üstəlik də həmin məbləğin 50 faizini ödəməli olur. Yəni bu müddət ərzində dövlət büdcəsinə 2.000 manat ƏDV ödəməli olan şirkət 1.000 manat cərimə (2.000x50%) ilə birlikdə 3.000 manat ödəyir.

Maliyyə sanksiyasının tətbiq olunduğu hallardan biri də kassa aparatları, POS-terminallardan istifadə edilməməsidir. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir. Sanksiyanın məbləği belə müəyyən edilib:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?