Fiziki şəxsin uçotdan çıxarılması
Fiziki şəxsin uçotdan çıxarılmasının hüquqi şərtləri bəzən sahibkarlar arasında müəyyən sualların yaranmasına səbəb olur. Mövzu ilə bağlı maraq doğuran məqamları iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.
Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən fiziki şəxsin uçotdan çıxarılması - onun fəaliyyətinə xitam verildikdə, məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda və vəfat etdikdə mümkün olur.
Fiziki şəxsin özü uçotdan çıxmaq üçün ilk növbədə ərizə ilə müraicət etməlidir. Uçotdan çıxmaq istəyən fiziki şəxs kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron formada Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi Portalına (e-taxes.gov.az) müraciət edə bilər. Əgər fiziki şəxsin fəaliyyətinə xitam verilirsə, o, “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əslini təqdim etməlidir. Fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda məhkəmənin müvafiq qərarı və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli; fiziki şəxs vəfat etdikdə isə ölüm haqqında şəhadətnamə və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli təqdim olunmalıdır. Daha sonra vergi ödəyicilərinin uçot məlumat bazasında vergi uçotundan çıxarılan şəxs barədə aşağıdakı halların mövcud olub-olmamasını yoxlanılacaq:
• uçotdan çıxarılan vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması;
• vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) vergi uçotunda olub-olmaması;
• vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması;
• vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) Pos-terminalının qeydiyyatda olub-olmaması;
• vergi ödəyicisinin aktiv bank hesablarının olub-olmaması;
• vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun olub-olmaması;
• təqdim edilməmiş bəyannamələrin (hesabatların) olub-olmaması.
Fiziki şəxsin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi, vergi ödəyicisinin filialın, nümayəndəliyin və ya digər təsərrüfat subyektinin (obyektin) olduğu yer üzrə uçotdan çıxarılması, nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması, POS-terminalların qeydiyyatdan çıxarılması, aktiv bank hesablarının bağlanması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi, son səyyar vergi yoxlaması prosedurları başa çatdırıldıqdan sonra yenidən müraciət etdikdə vergi uçotundan çıxarılır. Vergi ödəyicisi uçotdan çıxarıldıqda onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilməlidir ki, vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat versin.