26 Sentyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müasir vergi sistemi modernləşmə tələb edir

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilmiş forumuna qonaq kimi dəvət edilmiş Böyük Britaniyanın Gəlirlər və Gömrük Xidmətinin maliyyə institutlarının əməletməsi üzrə aparıcı mütəxəssisi Patrisiya Navaz-Xan "vergiler.az"ın suallarını cavablandırıb:

- Xanım Navaz-xan, hazırda bütün dünyada vergi sahəsində elektron xidmətlərin sadələşdirilməsi, vətəndaşların istifadəsi üçün mümkün qədər asanlaşdırılması istiqamətində işlər aparılır. Müasir vergi inzibatçılığının inkişaf etdirilməsi və şəffaflığın təmin edilməsində informasiya texnologiyalarının tətbiqi hansı real nəticələri verir?

- Müasir vergi sistemi modernləşmə tələb edir. İnformasiya texnologiyalarının yaratdığı imkanların tətbiqi vergi inzibatçılığının yeni mərhələyə qədəm qoyması ilə nəticələnir. Belə olan halda, vergi ödəyiciləri, vətəndaşlar və digər şəxslər subyektiv münasibətdən, neqativ hallardan tamamilə azad olur, vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı inam və işgüzar münasibətlər yaranır. Elektron vergi inzibatçılığı müasir dövrdə elə qurulub ki, vergi ödəyicilərinin bütün əməliyyatları, vergi ilə əlaqədar öhdəlikləri real vaxt rejimində nəzarətdədir. Bu isə vergidən yayınma hallarının vaxtında aşkar edilməsinə, dövlət büdcəsinə ödəmələrin təmin olunmasına şərait yaradır. Hazırda Birləşmiş Krallığın Gəlirlər və Gömrük Xidmətində "Rəqəmsal transformasiya" proqramı fəaliyyət göstərir. Düşünürəm ki, bu proqramın çox böyük gələcəyi var. Onun nəticəsində vergi ödəyicilərinə xidmətlər daha münasib, daha asan, kommunikasiyaya meyilli olacaq. Bu, gələcəyə doğru böyük bir addımdır.

Elektron vergi inzibatçılığı müasir dövrdə elə qurulub ki,
vergi ödəyicilərinin bütün əməliyyatları, vergi ilə əlaqədar
öhdəlikləri real vaxt rejimində nəzarətdədir

- Böyük Britaniya ilə Azərbaycan arasında vergi qanunvericiliyi sahəsindəki əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Azərbaycanla ikiqat vergitutmanın qarşısının alınması haqqında saziş imzalamışıq. Bu sənəd xüsusilə o baxımdan daha əhəmiyyətlidir ki, biz Azərbaycandan olan vergi ödəyicilərimiz haqqında, Azərbaycan vergi orqanları da Böyük Britaniyada olan vətəndaşlarının vergi öhdəlikləri barədə dolğun məlumat əldə edə bilir.

- Vergidən yayınma hallarının qarşısının alınmasında hansı yollardan istifadə edirsiniz?

- Müasir vergi idarəetmə sistemi vergi ödəyiciləri ilə birbaşa təmasların minimuma endirilməsi, xidmətlərin çoxunun elektron variantda təqdim olunması, vergilərin könüllü ödənilməsi səviyyəsinin artırılması ilə yanaşı, vergi nəzarətinin gücləndirilməsini də tələb edir. Təbiidir ki, vergi inzibatçılığının bütün sahələrində olduğu kimi, vergi nəzarəti sahəsində də modernləşdirmə aparılmalıdır və bu zaman müasir informasiya texnologiyalarının tətbiqi və vergi orqanı əməkdaşlarının peşəkar biliklərinin artırılması ön plana çıxır.

Azərbaycan dünya təcrübəsindən yararlanmaqla, inkişaf etmiş ölkələrin
vergi qanunvericiliyini dərindən təhlil etməklə öz vergi sisteminin
beynəlxalq proseslərə inteqrasiyası istiqamətində inamla irəliləyir

- Vergi sisteminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi baxımından IOTA-ya üzv olan dövlətlər birlikdə müxtəlif tədbirlər həyata keçirirlər. Böyük Britaniya IOTA-ya hansı layihələri verib?

- IOTA yarandığı tarixdən Birləşmiş Krallıq bu təşkilatla birgə işləyir. Biz IOTA-ya dəstək verən ölkələrdən biri kimi xüsusi, konkret bir mövzu ətrafında deyil, təşkilatın bütün tədbirlərində və önəmli layihələrində iştirak edirik. IOTA çərçivəsində bir sıra üzv ölkələrlə ikitərəfli və çoxtərəfli razılaşmalarımız və sazişlərimiz var. Vergidən yayınan vergi ödəyicilərinin vergi qanunvericiliyinə əməletmədə düzgün yola gətirilməsinə hesablanmış bu razılaşmalar qarşılıqlı məlumat və fikir mübadiləsinə, vergi sahəsində boşluğun aradan qaldırılmasına yönəldilib. Düşünürəm ki, IOTA kimi təşkilatlar üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin bölüşdürülməsi işinə mühüm töhfələr verir.

- Azərbaycanın vergi sistemi haqqında təəssüratlarınızı bilmək istərdik...

- Forum zamanı verilən suallar və açıqlmalardan da bu qənaətə gəlmək olar ki, Azərbaycan dünya təcrübəsindən yararlanmaqla, inkişaf etmiş ölkələrin vergi qanunvericiliyini dərindən təhlil etməklə öz vergi sisteminin beynəlxalq proseslərə inteqrasiyası istiqamətində inamla irəliləyir.

Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI