Stolüstü oyunlar üzrə yarışların təşkili zamanı vergi öhdəliyi
Stolüstü oyunlar üzrə yarışlar təşkil etmək istəyən fiziki şəxs necə qeydiyyatdan keçməlidir və onun vergi öhdəliyi nədən ibarətdir?
Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergiödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Həmçinin pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda, əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200 min manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.
Eyni zamanda, “Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək idman-sağlamlıq obyektləri sahəsindəki sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək.