Sahibkarlar Konfederasiyası Vergilər Nazirliyi ilə sıx əməkdaşlıq edir
Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilmiş forumda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin fəaliyyəti olduqca mühümdür. Qeyd olunub ki, iqtisadiyyatın ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsi, beynəlxalq standartlara uyğun çevik vergi sisteminin formalaşdırılması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi iqtisadi strategiyanın tərkib hissəsidir: "Bu gün vergi sisteminin təkmilləşdirilməsi istiqamətində görülən davamlı işlər, bəzi boşluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə həyata keçirilən islahatlar sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaradır. Elektron hökumətin əsas elementlərindən olan "Bir pəncərə" sisteminin tətbiqi sahibkarlıq mühitində bürokratik əngəllərin sayının azaldılmasına, ölkədə sağlam biznes mühitinin formalaşmasına və sahibkarlıq fəaliyyətinə mənfi təsir edən müxtəlif maneələrin aradan qaldırılmasına münbit şərait yaradıb".
Bildirilib ki, "Bir pəncərə” sisteminin tətbiqinə başlandıqdan sonra qısa müddətdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində bir sıra mütərəqqi yeniliklər baş verib, qeydiyyat prosedurları sadələşdirilib, müddət isə dəfələrlə azaldılıb. Elektron xidmətlərin sürətlə və davamlı şəkildə inkişaf etdirilməsi sahibkarlarla dövlət orqanları arasında mövcud olan əlaqələrə yanaşma tərzini dəyişib: "Azərbaycan Respublikası Vergilər Nazirliyi və "ASAN xidmət" Mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gələn "ASAN imza" sahibkarlar və investorlar üçün optimal biznes mühiti yaradıb. Bu sahədə həyata keçirilən ardıcıl və davamlı hökumət siyasəti əcnəbi və yerli sahibkarlar üçün mühüm üstünlüklər təqdim edir".
İqtisadiyyatın ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsi, beynəlxalq standartlara uyğun çevik vergi sisteminin formalaşdırılması
ölkə rəhbərliyinin müəyyənləşdirdiyi iqtisadi strategiyanın tərkib hissəsidir
Diqqətə çatdırılıb ki, "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə kiçik və orta sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub. "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna edilmiş son dəyişiklikdə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları nəzərə alınıb. Bildirilib ki, Azərbaycan sahibkarları üçün Vergi Məcəlləsində 129 güzəşt və azadolma müəyyənləşdirilib. Bununla yanaşı, bir sıra dövlətlərlə bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin inzibatçılıq qaydaları sadələşdirilib, elektron müraciət, bütün gəlir növləri üzrə güzəştlərin tətbiq edilməsi, hesabat formasının təsdiqinin vergi ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanı yaradılıb. Kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır: "Azərbaycanda kiçik müəssisələr və fərdi sahibkarlar üçün sadələşdirilmiş vergi sisteminin tətbiqi kiçik biznesin əlavə xərclərinin azaldılmasına və bütövlükdə bu sahənin inkişafına şərait yaradır. Vergi amnistiyası haqqında qanunun qəbulu sahibkarların sərəncamında kifayət qədər sərbəst vəsaitlərin qalmasına və işgüzar fəaliyyətin genişlənməsinə gətirib çıxarıb. Bu qanunun tədbiqi ilə artıq minlərlə sahibkarın faiz və maliyyə sanksiyasına görə hesablanmış borcu silinib. Bütün bu tədbirlər sahibkarlığın inkişafının stimullaşdırılmasına və vergi yükünün optimallaşdırılmasına xidmət edir. Görülən işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə açılıb, özəl bölmənin payı ümumi daxili məhsulda 80 faizi, məşğulluqda 75 faizi ötüb, dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektlərinin sayı isə 900 mindən çox olub".
Uğurlu tərəfdaşlığın göstəricisidir ki, sahibkarların bizə ünvanladıqları məsələlərlə bağlı müraciətlərimizə Vergilər Nazirliyi hər zaman vaxtında cavab verir və
onların həlli istiqamətində dəstəyini əsirgəmirlər
M.Musayev qeyd edib ki, rəhbərlik etdiyi konfederasiya əmək müqavilələrinin bağlanması, uçotun aparılması, maliyyə hesabatlarının hazırlanması, vergi ödənişlərinin həyata keçirilməsi və əməyin mühafizəsi sahələrinin təşviqi məqsədilə mütəmadi olaraq sahibkarlar üçün təlim və seminarlar təşkil edir, sahibkarları bu sahədə mövcud olan yeniliklərlə tanış edir: "Qanunvericilikdə edilmiş dəyişikliklər barədə sahibkarlar mütəmadi olaraq maarifləndirilir və bu istiqamətdə Azərbaycan Sahibkarlar Konfederasiyası Vergilər Nazirliyi ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır. Uğurlu tərəfdaşlığın göstəricisidir ki, sahibkarların bizə ünvanladıqları məsələlərlə bağlı müraciətlərimizə Vergilər Nazirliyi hər zaman vaxtında cavab verir və onların həlli istiqamətində dəstəyini əsirgəmirlər. Yaxın gələcəkdə Vergilər Nazirliyi ilə birlikdə vergi siyasəti və vergi münasibətləri sahəsində sahibkarlığın inkişafına kömək göstərilməsinə xidmət edən məlumatların mübadiləsi və məsləhətləşmələrin həyata keçirilməsini düşünürük. Ümumiyyətlə, sahibkar-vergi münasibətlərində elə bir forma seçilməlidir ki, vergi ödəyicisi vergi ödəməkdən qürur hissi keçirsin. Azərbaycan Sahibkarlar Konfederasiyası bu münasibətlərin daha da təkmilləşdirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək".