22 Aprel 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Torpaqlarımızın işğaldan azad edilməsi iqtisadiyyatımızın qarşısında yeni vəzifələr qoyur

Müzəffər Azərbaycan Ordusu işğalda olan ərazilərimizi düşmən tapdağından azad etdi. Bu ərazilərin bərpasının və infrastruktur quruculuğunun ölkəmizin iqtisadi qüdrətinin artmasına əhəmiyyətli töhfə verəcəyi zaman isə uzaqda deyil.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, 2015-ci ildə dünya iqtisadi böhranının təsiri ilə ölkəmiz 2016-cı ildə iqtisadi böhranla üzləşsə də, biz bu vəziyyəti çox qısa zaman ərzində nizamlaya bildik. Bir ildən sonra iqtisadiyyatda yaranmış durum sabitləşdirildi, bundan sonrakı illərdə isə artıq böhrandan əvvəlki axarına üz tutmağa başladı.

Koronovirus pandemiyasına qədərki son iki ildə Azərbaycan iqtisadiyyatı yüksəliş dövrünə qədəm qoymuşdu. Çox təəssüf ki, iqtisadiyyatımız yenicə özünə gəldiyi bir vaxtda - 2019-cu ilin sonlarından dünyanı bürümüş koronavirus pandemiyası Azərbaycana və onun həyatının bütün sferalarına öz təsirini göstərməyə başladı. Ölkənin iqtisadiyyatı da pandemiyanın yaratdığı neqativ durumlara adekvat cavab verməli oldu. Hökumət ölkə iqtisadiyyatının onurğa sütunu olan kiçik və orta biznesin postpandemiya dövrünə qədər qorunub saxlanmasını iqtisadi siyasətin prioriteti kimi qəbul etdi. Belə bir vəziyyətdə iqtisadiyyatın dayanıqlığını təmin etmək məqsədilə bütün mümkün imkanlardan istifadəyə rəvac verildi. İqtisadi sektora təqdim olunan yardım zərfində müəssisələrə, biznes strukturlarına verilən vergi güzəştləri və vergi tətilləri ilk yerdədir. Belə bir şəraitdə insanların iş yerlərinin maksimum qorunub saxlanması və yeni iş yerlərinin açılması kimi məsələlər də ön plana keçdi.

Qarabağda uzun illər erməni vandallarının işğalı altında qalmış torpaqlarımızın işğaldan azad olunması uğrunda başladığımız Vətən Müharibəsi isə dövlətin heç də az olmayan maddi və maliyyə resurslarının bu məqsədlə istifadə olunması ilə müşayət olundu.

Koronovirus pandemiyası hələ bitməyib, Vətən müharibəsi isə şanlı qələbəmizlə başa çatıb. Bəs bu şəraitdə biz iqtisadiyyatımızın 2015-ci ilə qədərki inkişaf sürətini bərpa etmək üçün nələr etməliyik?

Biz baş vermiş Pandemiya və Vətən Müharibəsi qarşısında bir məsələni tam aydınlaşdı: hər iki cəbhədəyalnız güclü iqtisadiyyat və geniş maliyyə imkanları şəraitində qalib gəlmək mümkündür! Deməli, bundan sonrakı dönəmlərdə biz daha güclü iqtisadiyyat qurmağa və daha böyük nəticələr əldə etməyə köklənməliyik. Bunun üçün ilk növbədə nələr edilməlidir? Bu gün Azərbaycan iqtisadiyyatının ən böyük problemi ümumi daxili məhsulda xüsusi çəkisi 62%-ə yaxın olan qeyri-neft sektoruna aid ixracınümumi ixracın 10%-i səviyyəsində olmasıdır. Bu paradoks ölkənin iqtisadi və maliyyə dayanaqlığı baxımından diqqətdə saxlanılmalıdır. Dünyada siyasi alət kimi istifadə edilən neftin qiymətlərinin sabit qala bilməsi daima şübhə altındadır. Ona görə ixractarazlığının təmin edilməsi başlıca vəzifələrdən biri olmalıdır.

Fəxriyyə İkramqızı