Dünya Bankı Azərbaycanda vergi xərcləri proqramının hazırlanmasını təklif edib
Bakıda keçirilmiş vergi forumunda xarici ekspertlər, Azərbaycanın tərəfdaşı olduğu beynəlxalq qurumların nümayəndələri də iştirak edib. Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi öz mülahizələrini bölüşüb: "Bu forumun əsas mövzusu şəffaflıqdır. Düşünürəm ki, iqtisadiyyat yalnız işəgötürənlər, işçilər və hökumət arasında qarşılıqlı inam, etibar və şəffaflıq şəraitində şaxələndirilə bilər. Mən Vergilər Nazirliyinin işinə, irəli sürdüyü çağırışlara böyük rəğbətlə yanaşıram. İstər Dünya Bankı, istərsə digər qurumlar - biz hamımız çağırışlarla dolu bir yolun yolçusuyuq".
N.H.Naqvi "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması məsələsinə toxunaraq bildirib ki, bu məsələ Dünya Bankının da diqqət mərkəzindədir: "Düşünürəm ki, vergi yükünün artırılmasından əvvəl "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması doğru müəyyənləşdirilmiş prioritetdir. Dünya Bankı Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birgə forum keçirəcək. Burada da əsas müzakirə mövzusu özəl sektorun şaxələndirilməsi və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması olacaq. Bu məsələlərlə bağlı qlobal səviyyədə ekspertlərlə birlikdə müzakirələr aparacağıq".
Dünya Bankının rəsmisi bəzi müqayisəli rəqəmləri də açıqlayaraq bildirib ki, 2018-ci ildə Azərbaycanın vergi gəlirləri ÜDM-in 14 faizini təşkil edib. Bu, neft-qaz və təbii resurslar əsasında formalaşan iqtisadiyyata malik digər ölkələrlə müqayisədə orta göstəricidir: "Məsələn, Qazaxıstanda ötən il vergilərin ÜDM-də xüsusi çəkisi 23 faiz, Rusiyada isə 30-35 faiz təşkil edib. Bu mənada, Azərbaycan qeyri-rəsmi, qanundankənar proseslərin qarşısını almaq, onların rəsmiləşdirilməsinə nail olmaq və beləliklə, "kölgə iqtisadiyyatı"nın xüsusi çəkisini azaltmaq üçün çox iş görə bilər".
Vergi yükünün artırılmasından əvvəl "kölgə iqtisadiyyatı"nın
aradan qaldırılması doğru müəyyənləşdirilmiş prioritetdir
Dünya Bankının uzun müddətdir Vergilər Nazirliyi ilə tərəfdaş kimi çalışdığını xatırladan N.H.Naqvi bu müddətdə vergi inzibatçılığı və digər islahatlarla bağlı texniki yardım göstərildiyini qeyd edib. Dünya Bankının rəsmisi vergi xərcləri proqramının hazırlanması ilə bağlı tövsiyələrini də səsləndirib: "Zənnimcə, kritik əhəmiyyət kəsb edən məsələ odur ki, biz vergidən azadolmaları düzgün təhlil edərək xərclərin büdcəsini hazırlamalıyıq. Azərbaycan hökumətinin konkret olaraq vergi güzəştləri ilə bağlı əldən çıxan gəlirlər haqqında məlumatı olmalıdır. Bu, dəqiq hesablanmalıdır. Həmin hesabatlar daha çox Vergi Məcəlləsinin fonunda öz əksini tapmalı, vəsaitlər vergi xərcləri kimi qeydə alınmalıdır. Şəffaflığın artırılması nəzərə alınmaqla hər kəs bilməlidir ki, güzəşti nə üçün və hansı müddətə əldə edib. Vergi güzəştlərinin faydaları lazımınca təhlil olunmalıdır. Vergi xərcləri proqramı bu təhlillər əsasında hazırlanmalıdır".
N.H.Naqvi artıq bununla bağlı hökumətin müəyyən addımlar atdığını qeyd edib. Bildirib ki, ölkədə ciddi vergi islahatları aparılır və hiss olunur ki, miqyası davamlı olaraq genişlənəcək. Digər tərəfdən, Maliyyə Nazirliyində ortamüddətli xərclər çərçivəsi hazırlanır, fiskal qaydalar gündəmə gəlir və getdikcə Azərbaycan hökumətində sistemli yanaşma formalaşır: "Biz müxtəlif təşəbbüslər və iqtisadi şaxələnmə layihələri üzrə Azərbaycan hökumətinin tərəfdaşı olmaqda davam edəcəyik və iş birliyi əzmindəyik. İqtisadiyyat təkcə neft üzərində deyil, həm də qeyri-neft sektorunda çalışan sahibkarların gücü üzərində qurulur. Ümid edirik ki, bu forum ənənə halını alacaq, vergi siyasəti və vergi inzibatçılığı istiqamətində məsələlər birgə müzakirə ediləcək".