19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Həlak olmuş döyüşçülərin övladları da vergi güzəştindən istifadə edə biləcəklər

Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Bu, o deməkdir ki, muzdlu işçi kimi əməkhaqqı alan həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladları yanvarın 1-dən əməkhaqqının 400 manatadək hissəsindən gəlir vergisi ödəməyəcək.

Muzdlu işlə əlaqədar alınan gəlirdən tutulan gəlir vergisi üzrə tətbiq edilən güzəşt və azadolmalardan istifadə hüququnun müvafiq sənədlərlə əsaslandırılmamasına görə məsuliyyəti vergi agenti, yəni işəgötürən daşıyır. Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququ Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları bu hüquqdan istifadə etmək üçün aşağıdakı sənədləri çalışdıqları iş yerinə təqdim etməlidirlər:

  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

  • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

  • Nikah və ya doğum haqqında şəhadətnamə.

Xatırladaq ki, indiyədək bu güzəşt yalnız həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına (yaxud ərlərinə) şamil edilirdi. Vergi Məcəlləsinin 102-ci maddəsinə (Gəlir vergisindən azadolmalar və güzəştlər) edilmiş dəyişikliklə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (yaxud ərləri) ilə yanaşı, onların övladları da bu kateqoriyaya aid edilib.

Elxan SALAHOV

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?