İslahatlar sahibkarlara daha rahat, daha əlverişli biznes mühiti yaratmağa yönəldilib Video
"Real" TV-nin yayımladığı "Real intervyü" proqramının "Vergiyə sevgi ilə…" adlı xüsusi buraxılışıınn qonağı - vergilər nazirinin müavini Sahib Ələkbərov ölkənin vergi sisteminin keçdiyi tarixi yol, hazırda həyata keçirilən köklü islahatlar və onun başlıca istiqamətləri, eləcə də qarşıda duran vəzifələr barədə jurnalist Ləman Ələşrəfqızının suallarını cavablandırıb.
- Çox cavan bir strukturun çiynində dövlətin çox ağır bir yükü var - vergi yükü…Bu yükü qaldırmaq nə qədər asandır və nə qədər çətindir?
- Bugünkü Vergilər Nazirliyinin yaşı az olsa da, Azərbaycanda vergi sisteminin qurulması Azərbaycan Demokratik Respublikasından başlayır. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə hökumətin tərkibində vergi müfəttişliyi yaradılmışdı. Ölkəmizin müstəqilliyi bərpa edildikdən sonra - 1991-ci ildən başlayaraq vergi orqanlarında müxtəlif dəyişikliklər aparıldı, 2000-ci ildə isə Vergilər Nazirliyi yaradıldı.
- Vergilər Nazirliyinin başlıca funksiyası, başlıca vəzifəsi büdcəyə daxil olan vergilərə nəzarət etməkdir. Nazirlik bu işin öhdəsindən necə gəlir?
- Qanunvericiliyə görə, vergi ödəyiciləri vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Vergi orqanları isə vergilərin düzgün hesablanmasına və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirirlər. Əlbəttə, bu, çox ciddi vəzifədir. Büdcə zərfi təsdiq olunan zaman aylar üzrə il ərzində dövlət büdcəsinə ödənilməli vergilərin konkret məbləğləri təsdiqlənir və buna dövlətin maliyyə orqanları tərəfindən aylıq nəzarət edilir. Yəni hər ayın başında dövlətin büdcəsinə konkret bir məbləğ daxil olmalıdır. Bir qədər mürəkkəb məsələ olsa da, vergi orqanları həmişə çalışıblar və bu gün də çalışırlar ki, bu işin öhdəsindən gəlsinlər. Təkcə onu demək kifayətdir ki, keçən il dövlətə vergilərin ödənilməsi ilə bağlı proqnozlar da artıqlamasilə - 100, 5 faiz icra olundu. Baxmayaraq ki, ötən il keçid ili elan olunmuşdu və vergi sistemində çox ciddi islahatlar aparıldı, həm qanunvericilikdə, həm də vergi inzibatçılığında ciddi dəyişikliklər baş verdi. Ötən il dövlət büdcəsinə daxil olmuş vergilərin məbləği 7,4 milyard manatdan bir qədər çoxdur. Buna əsasən deyə bilərik ki, vergi orqanları üzərlərinə düşən vəzifənin öhdəsindən gəlirlər.
- Vergidən yayınma halları da olmamış deyil. Vaxtaşırı eşidirik ki, hansısa müğənni vergidən yayınır. Bu məsələ hansı səviyyədədir? Yəni müğənnilər həmin o vergidən yayınanların bir qismidir. Ən çox sizi incidənlər kimlərdir?
- Dövlət yaranandan onun vergisi olub. Vergi yaranandan da vergidən yayınma halları olub. Vergi orqanlarının əsas vəzifələrindən biri vergidən yayınanlarla mübarizə aparmaqdır. Daha çox vergidən yayınma halları, bir qayda olaraq, ticarət şəbəkələrində baş verir. Təkcə Azərbaycandan söhbət getmir, bütün dünyada belədir. İaşə, tikinti sektorlarında və digər sahələrdə də vergidən yayınma halları olur. Bu həmişə var və vergi orqanları bununla mübarizə aparırlar. Şəffaflıq artdıqca və “kölgə iqtisadiyyatı”nın miqyası azaldıqca vergidən yayınma halları da azalır. Biz də çalışırıq ki, bu istiqamətdə işimizi elə quraq ki, vergidən yayınmanın qarşısını maksimum səviyyədə ala bilək.
- Ötən il Vergilər Nazirliyi sahibkarları bir çağırışla şəffaflığa dəvət etdi. Bu məntiqlə ən çox vergidən yayınan sahibkarlardır, yəqin ki…Ümumiyyətlə, bu çağırışdan sonra ortada nə nəticə var?
- Şəffaflıq bu gün həyatımızın bütün sahələrini əhatə etməkdədir və bu, vergi üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Çünki şəffaflığı təmin etmədən haqqında danışdığımız digər məsələlərlə məşğul olmaq da kifayət qədər çətindir. Şəffaflıq hər yerə sirayət etməlidir. Birinci növbədə, uçot və qeydiyyata. Dövlət öz tərəfindən sahibkarlarımıza yaxşı, əlverişli biznes mühiti yaratmağa çalışır. Bu gün Azərbaycanda qeydiyyatla bağlı elə bir şərait yaradılıb ki, fiziki şəxslər cəmi bir neçə dəqiqəyə, hüquqi şəxslər isə təxminən 20 dəqiqə ərzində elektron qaydada qeydiyyatdan keçə bilirlər. Bu proses çox sadələşib. Ümumiyyətlə, qeydiyyat məsələsinin sadəliyi üzrə Azərbaycan dünya ölkələri arasında biznesə başlamağın sadəliyinə görə 9-cu yerdədir. Ən yaxşı göstəricilərdən biri bizdədir. Digər tərəfdən, şəffaflıq vergi uçotunu əhatə etməlidir. Vergilərin hesablanması üçün məhsul istehsalını, ticarətin dövriyyəsini və s. dəqiq bilmək lazımdır. Amma bu sahədə bizdə bir sıra problemlər var. Biz onların qarşısını almaq üçün tədbirlər görməyə çalışırıq. Bu il yanvarın 1-dən vergi qanunvericiliyində qüvvəyə minmiş dəyişikliklərin bir qismi də məhz bu istiqamətə yönəlib. Vergi güzəştləri kifayət qədər çoxdur. 1999-cu ildən etibarən Azərbaycanda kənd təsərrüfatı, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır. Bu, çox böyük bir güzəştdir. Dünyada belə hallara çox az rast gəlinir. Bu ildən həmin güzəşt daha 5 il müddətinə uzadıldı. Amma bəzi vergi ödəyiciləri bunu hesabatlılığın pozulması kimi başa düşərək, bəyannamələrini vaxtlı-vaxtında vermirlər, rəqəmləri düzgün göstərmirlər, bu da vergi uçotunun pozulmasına gətirib çıxarır və nəticə etibarilə vergidən yayınma halları yaranır... Məsələn, kənd təsərrüfatını götürsək, bu sahədə yayınma tədarükçülərin, satıcıların, ixracatçıların və digərlərinin vergidən yayınmasına şərait yaradır. Bunların qarşısını almaq üçün gərək birinci növbədə şəffaf və dürüst vergi uçotu olsun. Bu istiqamətdə biz digər dövlət qurumları ilə birlikdə çox ciddi işlər aparırıq.
- 2018-ci ildə Vergi Məcəlləsinə 240-dan çox dəyişiklik edilib. Bu qədər dəyişiklik nədən qaynaqlanır? Zərurət nədən doğdu? Bu dəyişikliklərlə nəyə nail olacağıq?
- Bunun təməlində, ilk növbədə, dövlət başçımızın - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı iqtisadi siyasət durur. Hər şey ona yönəldilib ki, sahibkarlara daha rahat vergi mühiti yaradılsın, daha əlverişli biznes mühiti formalaşdırılsın. Bu dəyişikliklərlə sahibkarlara verilən güzəştlərin həcmi kifayət qədər artırılıb. Burada birinci yerdə sahibkarların dəstəklənməsi durur. İkinci yerdə "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması kimi mühüm bir məsələ var. Vergi inzibatçılığının sadələşdirilməsi, təkmilləşdirilməsi kimi digər dəyişikliklər də ona yönəldilib ki, sahibkarlar daha rahat işləyə bilsinlər. Bilirsiniz ki, bizdə çox sayda sadələşdirilmiş vergi ödəyicisi var. Bu gün qeydiyyatda olan 980 minə yaxın vergi ödəyicisinin təxminən 442 mini aktiv vergi ödəyicisidir. Bunların hardasa 96 faizi sadələşdirilmiş verginin ödəyiciləridir. Onların da 300 mindən çoxu Bakıda yaşayır. Bizdə iki sadələşdirilmiş vergi dərəcəsi tətbiq edilirdi: Bakı şəhərində dövriyyənin 4 faizi, digər ərazilərimizdə, şəhər və rayonlarda isə 2 faiz. Bu da bəzən müəyyən suallara və problemlərə səbəb olurdu. Ona görə də bu ildən vahid bir sadələşdirilmiş vergi dərəcəsi müəyyən edildi. Yəni 4 faiz ləğv olundu, hamı üçün 2 faiz vergi dərəcəsi tətbiq edildi. Bu da bir çox sahibkarlarımızın daha az vergi ödəməsinə, onların sərəncamında daha çox məbləğin, vəsaitin qalmasına səbəb olacaqdır.
- Bir dəyişiklik xüsusilə əhalinin maraq dairəsindədir - ƏDV-nin bir hissəsinin istehlakçıya qaytarılması. Bunun mahiyyəti nədir və vaxt tətbiq olunacaq?
- Bu, ciddi və hamını maraqlandıran - həm sahibkarların, həm də sadə vətəndaşların, alıcıların maraq dairəsində olan bir məsələdir. Dünyanın bəzi ölkələrində də belə bir təcrübə var. Uzun müddət idi ki, Azərbaycanın vergi xidməti bu təcrübəni öyrənirdi. Bu ildən biz onun tətbiqinə başlamışıq. Söhbət ondan gedir ki, ödəniş POS-terminal vasitəsilə, yəni nağdsız qaydada aparılanda sahibkarlara nağdsız dövriyyənin 25 faizi qədər mənfəət vergisinin məbləğindən güzəşt əldə edir, alıcılara isə ƏDV-nin 15 faizi, nağd qaydada, nəzarət-kassa aparatı vasitəsilə aparılanda 10 faizi qaytarılmalıdır. Təbii ki,bunun üçün müvafiq infrastruktur yaradılmalıdır. Bunların hamısının fövqündə nağdsız ödənişlərin stimullaşdırılması durur. Bu, Azərbaycan üçün önəmli bir məsələdir. Hazırda bizdə nağd ödənişlərin səviyyəsi olduqca yüksəkdir. Bəzi ölkələr, məsələn, Skandinaviya ölkələri, İsveç bəyan edib ki, onlar yaxın vaxtlarda nağd puldan ümumiyyətlə imtina edəcəklər. Bu istiqamətdə bizdə də müəyyən işlər görülür.
Bu ildən real vaxt rejimində işləyən onlayn nəzarət-kassa aparatlarının tətbiq olunmasına başlanılır. Artıq test rejimində bir neçə yanacaqdoldurma məntəqəsində, ticarət müəssisələrində belə kassa aparatları quraşdırılıb. Biz çalışırıq ki, ilin sonunadək bu prosesi başa çatdıraq. Yeni nəsil kassa aparatlarında lazım olan məlumatlar əks etdirildikdən sonra ödənilmiş ƏDV-nin bir hissəsi mövcud "tax free" sistemindəki kimi, hətta daha sadə yolla istehlakçıların kartlarına qaytarılacaq. Bu, ona yönəldilib ki, nağdsız ödənişlər stimullaşdırılsın. Ödənişlər nağdsız qaydada aparılanda bir çox məsələlər avtomatik olaraq öz həllini tapır. Hazırda bəzi məsələlərlə üzləşirik. Real vaxt rejimində işləyən kassa aparatları quraşdırılıb başa çatdırılmalıdır.
Bu infrastrukturun mahiyyəti nədir? Alıcı, məsələn, gəlir bir ticarət şəbəkəsinə, ordan hansısa bir malı alır, onlayn rejimdə işləyən nəzarət-kassa aparatına çek vurulur və ya ödəniş POS-terminal vasitəsilə həyata keçirilir. Həmin rəqəmlər avtomatik olaraq, dərhal nazirliyin məlumat bazasına oturur. Bunun bir üstün tərəfi də var. Bəzən vergi ödəyiciləri aparılan səyyar vergi yoxlamalarından narazılıq edirlər. Vergi orqanı isə yoxlama aparmalıdır, çünki vergi orqanı nəzarət orqanıdır. Yoxlama da nəzarəti həyata keçirməyin üsullarından biridir. Amma biz çalışırıq ki, bu yoxlamaların sayı mümkün qədər minimuma endirilsin. Təkcə onu demək kifayətdir ki, 2017-ci ilə nisbətən 2018-ci ildə fəaliyyəti səyyar vergi yoxlamaları ilə əhatə olunan vergi ödəyicilərinin ümumi sayı 3,3 dəfə azaldılıb. Bu, çox böyük işdir. Təsəvvür edin: 442 minə minə yaxın aktiv vergi ödəyicisindən cəmi 1.692-si yoxlanılıb. Biz gələcəkdə də fəaliyyətimizi bu istiqamətdə davam etdirəcəyik ki, vergi ödəyiciləri narahat edilməsinlər. Onlayn kassa aparatları vasitəsilə vergi orqanına lazım olan informasiya əldə olunandan sonra yoxlamaya nə ehtiyac qalır?
Bu məsələnin bir tərəfidir. Digər tərəfi də yoxlamalar distant, yəni məsafədən aparılacaq. Vergi ödəyicisi heç bilməyəcək ki, onun fəaliyyəti yoxlanılır. Əgər nəsə bir sual, problem ortaya çıxarılarsa, ona bildiriş göndəriləcək. Bu ildən Məcəlləyə edilmiş dəyişikliklərdə mühüm bir amil var: birinci dəfə qanun pozuntusu aşkar olunarsa, vergi orqanının vergi ödəyicisini cəzalandırmaq, ona sanksiya tətbiq etmək hüququ yoxdur. Bu, qadağan olunub. Birinci dəfə mütləq qaydada yazılı surətdə xəbərdarlıq edilməlidir. Sonrakı dövrdə bir neçə dəfə xəbərdarlıq olarsa, sanksiyalar ödəniləcək. Bu ildən sanksiyaların da məbləği artırılıb. Biz hamımız çalışırıq ki, sahibkar öz işini, fəaliyyətini düzgün və şəffaf qursun. Vergi müfəttişi normal fəaliyyət göstərən sahibkara yaxın getməyəcək. Kimsə vergidən yayınırsa, təbiidir ki, ona münasibət intizamlı vergi ödəyicisinə olan münasibətdən fərqləndirilməlidir.
- Vergidən yayınmanın göstəriciləri üzrə real mənzərəni əks etdiqən rəqəmlər varmı?
- Bu rəqəmlər var. Bircə şeyi qeyd etmək kifayətdir ki, yoxlama aparılan vergi ödəyicilərinin əksəriyyətində nöqsanlar aşkarlanır. Özü də xırda yox, ciddi nöqsanlar. Yəni dövriyyələrin gizlədilməsi, rəqəmlərin düzgün göstərilməməsi, xərclərin şişirdilməsi və s. kimi hallar kütləvi xarakter daşıyır. Amma indi bunlardan çox danışmaq istəmirəm.
Sahibkarlar arasında bərabər rəqabət mühiti olmalıdır. Düzgün işləyən sahibkarla fəaliyyətini vergidən yayınmaq məqsədilə dövriyyəsini gizlədən sahibkarlara fərq qoyulmalıdır. Normal fəaliyyət göstərən sahibkara vergi orqanı hər bir dəstəyi göstərməlidir və göstərir. Amma vergidən yayınanlar da gərək başa düşsünlər ki, o dövran başa çatdı, belə işləmək olmaz. Elə etmək lazımdır ki, hamı öz fəaliyyətini şəffaf qursun. Onda bütün suallar və problemlər aradan qalxacaq.
- Son günlər mətbuatla bağlı bir problem yaranıb. KİVDF-nin onlara ayrılan yardımla bağlı tərəddüdü ortaya çıxıb. Dünən, bu gün Türkiyədə Ərdoğanın göstərişi ilə qəzetlər və jurnallar ƏDV-dən azad olundu. Azərbaycanda qəzetləri düşdükləri böhrandan azad etmək üçün belə bir hal ola bilərmi?
- Burada qəzetlərdən daha çox jurnal, kitab satışı da var və onların dövriyyəsi daha böyükdür. Vergilər Nazirliyi heç vaxt bu məsələnin əleyhinə olmayıb. Əgər belə bir təklif olacaqsa, biz onun əleyhinə deyilik. Burada çox da böyük məbləğlərdən söhbət getmir. Həqiqətən də oxuyan vətəndaşlarımızın sayının artması üçün bu, yaxşı addım ola bilər. Amma bu, bizdən asılı deyil. Biz icra orqanıyıq. Qərarı verən parlamentdir. Belə bir təklif olarsa, biz onu dəstəkləməyə hazırıq.
- Nazirlik həm də özəl sektoru əməkhaqqından tutulan gəlir vergisindən azad etdi. Bu, dövlət büdcəsindən iri məbləğdə maliyyə itkisinə hesablanmış bir addım idi. Buna hansısa bir fiormada ehtiyac var idimi? Bu addımın ardınca nə gözlənilir?
- Rəsmi statistik məlumatlara əsasən, muzdlu işdə çalışan 1 milyon yarım vətəndaşımız var. Əmək qabiliyyətli insanların sayı isə 4 milyon yarımdır. Bunların bir hissəsi öz həyətyanı təsərrüfat sahəsində və ya digər sahələrdə çalışanlardır… Amma bu insanların böyük bir qisminin "kölgə iqtisadiyyatı"nda çalışdıqları ehtimal olunur. Əmək müqaviləsi imzalanmadan işlərə cəlb olunan insanların əmək hüquqları pozulur. Onlar gələcəkdə layiqli pensiya təminatından məhrum olunurlar. İstehsalat zamanı qəza və ya başqa bir problem çıxanda öz haqlarını tələb edə bilmirlər. Bütün bunlar hamısı vətəndaşların ziyanınadır. Buna görə də əməkhaqqının leqallaşdırılması bu gün gündəmdə olan ən ciddi məsələlərdəndir. Burada məsələni təkcə inzibatçılıq yolu ilə həll etmək qeyri-mümkündür. Yəni neçə illərdir bu istiqamətdə iş aparılır, söhbətlər gedir, mübarizə aparılır, amma istənilən nəticə əldə olunmur. Bunu nəzərə alaraq dövlət belə bir ciddi addımı atdı.Yəni özəl sektorda, qeyri-neft, qaz sektorunda çalışan və əməkhaqqının məbləği 8.000 manata qədər olanlar əməkhaqqından gəlir vergisini 0 dərəcə ilə ödəyəcəklər. Bunun hesabına əmək müqaviləsinin bağlanması üçün sahibkarlarda da stimul yaranır və əlavə olaraq onların sosial sığorta yükü 22 faizdən 15 faizə qədər azalır. Biz bu yollarla sahibkarı gizlin iqtisadiyyatdan çəkinməyə sövq etməyə çalışırıq. Bu, ilk növbədə, vətəndaşımızın xeyrinədir. Bununla bir çox məsələlər də avtomatik şəkildə öz həllini tapacaq, ilk növbədə vətəndaşların hüquqları qorunacaqdır.
- Azərbaycanda "kölgə iqtisadiyyatı" nə qədər geniş bir spektri əhatə edir?
- Bu, bir qədər mürəkkəb bir məsələdir və rəqəm söyləmək çətindir. Bunu hesablamaq digər qurumların səlahiyyətlərinə aiddir və vergi orqanının səlahiyyətində deyil. Biz bilirik ki, bu çoxdur və onu minimuma endirməyin vaxtı çoxdan çatıb. Əgər "kölgə iqtisadiyyatı"nın miqyası azaldılsa, bu, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə çox ciddi bir məsələ olacaq. "Kölgə iqtisadiyyatı"nın azaldılması vətəndaşların həyat şəraitinin, maddi rifahının yüksəlməsinə müsbət təsir edən bir amildir. "Kölgə iqtisadiyyatı" dünyanın hər yerində var: Amerika Birləşmiş Ştatlarında da, inkişaf etmiş Avropa ölkələrində də. Özü də onun səviyyəsi 1-2 faizlə yox, 10 faizlərlə ölçülür. Bu, bizdə də var və çox təəssüf ki, həcmi yüksəkdir.
- Çox sağ olun, Sahib müəllim, söhbətə görə Sizə təşəkkür edirəm. Bir daha Sizi və Sizin timsalınızda bütün vergi işçilərini peşə bayramı münasibətilə təbrik edirəm.
- Mən də Sizə təşəkkür edirəm. Bayram ərəfəsində biz bir xoş xəbər də aldıq. Möhtərəm Prezidentimiz vergi orqanlarında çalışan bir qrup əməkdaşı dövlət mükafatları ilə təltif etdi, nazirimiz Mikayıl Cabbarova və daha iki nəfər həmkarımıza ali xüsusi rütbə verdi. Bütün bunlar vergi orqanı əməkdaşlarını daha yaxşı işləməyə ruhlandıracaq və biz çalışacağıq ki, bundan sonra da dövlətin bizim qarşımızda qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gələk.