Balaxanı poliqonunun istifadə müddəti 20 ilə qədər uzadılıb
Ötən əsrin ortalarından başlayaraq Bakı şəhərində əmələ gələn bərk məişət tullantıları Balaxanı tullantı poliqonuna gətirilərək burada yandırılırdı. İllərlə həmin ərazidə yaşanan ekoloji gərginlik həm Bakı şəhərinin havasını çirkləndirirdi, həm də ətrafda yaşayan insanlar qoxu və tüstüdən şikayətlənirdi. İndi isə həmin ərazidə əvvəlki kimi nə tüstü, nə qoxu, nə də ekoloji gərginlik var. Əksinə, abadlaşdırılaraq yaşıllıq zolaqları salınan ərazi, yeni nəsil avadanlıqlarla təchiz edilən tullantıların emal müəssisələri ətraf mühitə töhfə verməklə yanaşı iqtisadi səmərə də gətirir.
Balaxanı poliqonu 2009-cu ildə “Təmiz Şəhər” ASC-nin balansına verildikdən sonra burada ilk növbədə illərlə qalaqlanaraq yandırılan tullantıların söndürülməsi prosesinə başlanılıb. 120 hektar sahəni əhatə edən əvvəlki poliqonun yerində yeni və müasir standartlara cavab verən sanitar poliqonun tikintisi həyata keçirildi. Ötən müddət ərzində poliqon ətrafında 14 mindən çox müxtəlif növ ağac əkilərək yaşıllıq zolaqları salındı. Bir vaxtlar qoxudan və tüstüdən yaxınlığına getmək mümkün olmayan Balaxanı tullantı poliqonunun görünüşü tamamilə dəyişdi. Yaxınlıqda Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Bakı bərk məişət tullantılarının yandırılması zavodu və Balaxanı Sənaye Parkı inşa olunaraq istifadəyə verildi.
“Təmiz Şəhər” ASC tərəfindən Bakı şəhərində il ərzində 750-800 min tona qədər tullantı qəbul edilir. Qəbul edilən tullantılar çeşidləndikdən sonra təkrar emala yararlı kütlə ayrılaraq Balaxanı Sənaye Parkına və digər istehsal müəssisələrinə göndərilir. Çeşidləmə prosesindən sonra ayrılmış istehsala yararsız, amma yanmağa yararlı qalan hissə isə Bakı bərk məişət tullantılarının yandırılması zavodunda yandırılaraq elektrik enerjisi əldə edilir. Təkrar emal və istehsala yararsız, qabaritli tullantılar isə Balaxanı şəhər tullantılarının zərəsizləşdirilməsi poliqonunda basdırılır.
Bu barədə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, tullantıları böyük həcmdə zərərsizləşdirən Bakı bərk məişət tullantılarının yandırılması zavodu 2012-ci ildən fəaliyyət göstərir. İllik yandırma gücü 500 min ton olan zavodda tullantıların yandırılması nəticəsində ildə 231,5 milyon kilovat/saat elektrik enerjisi istehsal olunur. Əldə edilən elektrik enerjisi yüksək gərginlikli xətlər vasitəsilə Bakı şəhərinin ümumi şəbəkəsinə ötürülür. Qeyd edək ki, zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Dördüncü nəsil (4G) texnologiyaların tətbiq edildiyi bu zavod ətraf mühitin mühafizəsi sahəsində Avropa İttifaqının ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub.
Zavod fəaliyyətə başlayandan 2021-ci ilin sonuna kimi 4 milyon tondan çox tullantı zərərsizləşdirilib və nəticədə 1,586,394 meqavat/saat elektrik enerjisi istehsal edilib. Ötən müddət ərzində termik üsulla emal edilən tullantılar ümumi həcmi 10 dəfəyə qədər azaldıb və yandırılmadan sonra yaranan dib külü yol tikintisində istifadə olunub. Bununla da poliqonun daha tez dolmasının qarşısı alınıb və ömrü daha 20 ilə qədər uzadılıb. Bu o deməkdir ki, 2013-cü ildən 2021-ci ilə qədər ötən 9 il ərzində basdırılma üsulu ilə zərərsizləşdirməyə təxminən 20 il qənaət edilib.