Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması YENİLİK
Əmək Məcəlləsində son dəyişikliyə qədər, bu Məcəllənin 108-ci maddəsinin birinci hissəsinə əsasən, Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılırdı.
Maddədə qeyd edilən “göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti” ifadəsi bəzi həmkarlarımız tərəfindən fərqli yanaşmalara səbəb olurdu.
Misal. 2025-ci ildə Azərbaycan xalqının Milli Qurtuluş Günü (15 iyun) bazar gününə təsadüf edirdi. Bəzi həmkarlar hesab edirdilər ki, beş günlük iş rejimində 15 iyun 2025-ci il tarixindən öncəki iş günü cümə günü olan 13 iyun 2025-ci il tarixidir və bu səbəbdən də həmin gün iş vaxtının müddəti bir saat qısaldılmalıdır. Təbii ki, bu cür yanaşma düzgün hesab edilə bilməzdi.
Dövlət orqanlarına daxil olan sorğuların xüsusi çəkisi nəzərə alınaraq, Əmək Məcəlləsinin 108-ci maddəsində “günü qabağı” sözlərinin “günündən bilavasitə əvvəl gələn” sözləri ilə əvəz edilməsi qərara alındı.
Misal. 8 mart tarixi (Beynəlxalq Qadınlar Günü) bazar gününə təsadüf edir. Beş günlük iş rejimində 8 mart tarixli bayram günündən bilavasitə əvvəl gələn iş günü mövcud olmayacaq. Çünki 7 mart tarixi şənbə gününə təsadüf etdiyindən həmin tarix iş günü hesab edilmir.
Həmkarlarımıza bildirmək istəyirik ki, Əmək Məcəlləsinin 108-ci maddəsi ilə tənzimlənən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəl gələn iş gününün müddətinin bir saat qısaldılmasının tabeldə qeydiyyatına xüsusi diqqət yetirsinlər. Təcrübədə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş gününün müddətinin bir saat qısaldılmaması hallarında inzibati cərimələrin tətbiq edilməsi hallarına rast gəlinir.
Mənbə: mks.az
