Əməyin mühafizəsi qaydalarına əməl etməyən işçinin işdən kənarlaşdırılması qaydası
Əməyin mühafizəsi – işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Bəs bu standartlar harada və necə reallaşdırılır?
“vergiler.az”ın sualına əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova aydınlıq gətirir.
Əmək şəraitinin təmin edilməsindən biri də əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsidir. Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən, işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün də işəgötürən “Əməyin mühafizəsi” bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydaları hökmən:
- işçilərin;
- istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin;
- müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların;
- məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların;
- təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin, eləcə də inzibati tənbeh və ya cəza növü kimi ictimai işləri yerinə yetirən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir.
Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:
- bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını;
- işçilərin əməyin mühafizəsi normaları üzrə təlimatlandırılmasını, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini.
Əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aşağıdakılar daxildir:
- əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
- xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
- əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr barədə işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;
- müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq;
- əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək.
Bəs işçi əməyin mühafizəsi normasına əməl etmədikdə işdən kənar edilə bilərmi?
Əmək Məcəlləsinin 62-ci maddəsinin tələblərinə əsasən, müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər.
İşçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
İnzibati Xətalar Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:
- əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;
- binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;
- bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına;
- işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə;
- normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə;
- işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə;
- işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə;
- kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə;
- maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə işəgötürən 500 manatdan 1.000 manatadək məbləğdə cərimə edilir.
