76 min ailənin büdcəsinə dəstək: 200 manat məbləğində yardım kimlərə veriləcək?
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində aztəminatlı ailələrin sevincinə səbəb olan mühüm bir qərar verilib. Belə ki, Prezident İlham Əliyevin dekabrın 22-də imzaladığı Sərəncamla 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Sərəncama əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb.
Sərəncam ünvanlı sosial yardım alan ailələr üçün bayram günlərində əlavə maliyyə dəstəyi imkanı yaradır. Birdəfəlik ödəniş aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu barədə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, bu qərar dövlətin sosial siyasətində vətəndaşların rifahının yaxşılaşdırılmasına və sosial dəstəyin gücləndirilməsinə önəm verildiyini göstərir. Deputat 200 manatlıq sosial yardımın kimlərə və hansı qaydalarla ödəniləcəyinə də aydınlıq gətirib.
Bayram öncəsi xoş xəbər
Millət vəkilinin sözlərinə görə, hazırda aktiv ünvanlı sosial yardım alan ailələr bu dəstəkdən yararlana biləcəklər. Başqa sözlə, proqramın mövcud iştirakçıları üçün yardımın alınması ayrıca müraciət tələb etmir. Həmin yardımı alan ailələrin sayının 76 min olduğunu nəzərə alsaq, bu, 335 min 200 nəfər ailə üzvü deməkdir.
Ödəniş hansı qaydada həyata keçiriləcək?
Yardımların alınması üçün yeni karta və bank hesabına ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələr bayramla bağlı nəzərdə tutulan birdəfəlik maddi yardımı hazırda istifadə etdikləri kartlarda görə biləcəklər. V.Bayramov vurğulayıb ki, yardımların təyinatı və ödənilməsi proaktiv olduğundan, mövcud elektron baza əsasında kartlara ödəniş həyata keçiriləcək.
Digər sosial proqramların iştirakçıları yardımdan yararlana bilərlərmi?
200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur. Bəs sosial yardıma müraciət edən, amma hələlik yardım təyin olunmayan ailələrə 200 manat ödəniləcəkmi? Millət vəkili vurğulayıb ki, 200 manatlıq birdəfəlik maddi yardım artıq ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailələrə şamil olunur.
Qeyd edək ki, ünvanlı sosial yardım proqramı aztəminatlı ailələr üçün əsas sosial dəstək mexanizmlərindən biridir və bu dəstəyin həcmi illər üzrə mərhələli şəkildə artırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı rəqəmlərə əsasən, 2018-2025-ci illər ərzində bu yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıb və hazırda 425 manat təşkil edir. Ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi isə qeyd edilən dövrdə 2,2 dəfə artırılaraq 285 manata çatdırılıb və növbəti ildə 300 manata çatdırılması nəzərdə tutulub.
