25 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Anar Bayramov: “Distant iş formasında əmək şəraitinin əlavə şərtləri əmək müqaviləsi ilə müəyyən ediləcək”

Xəbər verdiyimiz kimi, gələn ildən Əmək Məcəlləsində 100-dən çox dəyişikliyin edilməsi gözlənilir. Artıq dəyişikliklər layihəsi Milli Məclisə təqdim olunub və birinci oxunuşda qəbul edilib.

Gözlənilən yenilikləri “vergiler.az”a şərh edən iqtisadçı ekspert Anar Bayramov Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin üç əsas istiqamət üzrə hazırlandığını deyib. Birinci istiqamət kimi Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiyalarının tələbləri nəzərə alınmaqla Əmək Məcəlləsində müvafiq düzəlişlərin təklif olunduğunu qeyd edib: “Misal olaraq, BƏT-in 156 nömrəli “Kişi və qadın işçilər — ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” Konvensiyasının tələbləri nəzərə alınmaqla “ailə vəzifələri olan işçi” anlayışının Əmək Məcəlləsinə daxil edilməsi nəzərdə tutulur. Konvensiya tələblərinə əsaslanan digər bir nümunə kimi, hamiləlik və doğuşa görə məzuniyyətin doğuşdan sonrakı hissəsinin azaldılmasına yol verilməməsi ilə bağlı təklif olunan düzəlişi qeyd etmək olar. Bu dəyişiklik BƏT-in “Analığın mühafizəsi haqqında” 1952-ci il Konvensiyasına yenidən baxılması barədə 183 nömrəli Konvensiyasının tələblərindən irəli gəlir”.

A.Bayramov əlavə edib ki, ikinci istiqamət üzrə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbləri nəzərə alınmaqla Əmək Məcəlləsində bəzi terminoloji və struktur dəyişikliklərin edilməsi nəzərdə tutulur. Məcəllədə qeyd olunan “əmək müqaviləsinin ləğv edilməsi” ifadəsinin “əmək müqaviləsinə xitam verilməsi” anlayışı ilə əvəz edilməsi təklif olunur: “Digər bir nümunə kimi, Əmək Məcəlləsinin 65-ci maddəsinin 2-ci hissəsinin ləğv edilməsi ilə bağlı təklifi göstərmək olar. Belə ki, həmin hissədə yalnız müvafiq iş yerində azı bir il çalışan işçilərin attestasiyadan keçirilə biləcəyi qeyd edilib. Eyni məzmunlu norma Əmək Məcəlləsinin 66-cı maddəsində - “Attestasiya olunmayan işçilər” adlı maddədə də əks olunub. Hər iki maddə eyni hüquqi nəticəni ifadə etdiyindən, normativ təkrarlılığın aradan qaldırılması məqsədilə 65-ci maddənin 2-ci hissəsinin ləğv olunması təklif edilir”.

Üçüncü istiqamət üzrə dəyişikliklər isə Əmək Məcəlləsinin təkmilləşdirilməsi və onun müasir əmək münasibətlərinə uyğunlaşdırılması məqsədi daşıyır. A.Bayramov bu istiqamətdə gözlənilən dəyişikliklərə nümunə kimi, Məcəllənin 3-cü maddəsində istifadə olunan anlayışlar sırasına “ezamiyyət” və “məsafədən (distant) iş” anlayışlarının daxil edilməsini göstərib. Vurğulayıb ki, Əmək Məcəlləsinin 117-ci maddəsinə təklif edilən dəyişikliklərə əsasən, işçinin məzuniyyətdə olduğu müddət ərzində aldığı əməkhaqqının sonuncu əməkhaqqından az olmamaqla ödənilməsi nəzərdə tutulur: “Əmək Məcəlləsinin 3-cü maddəsinə - “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” bölməsinə distant işlə bağlı yeni bənd əlavə edilməsi təklif olunur. 9-2. Məsafədən (distant) iş – əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi üçün münasib digər yerdə) yerinə yetirilməsidir”.

Əmək Məcəlləsində distant işçilərlə əmək münasibətlərinin tənzimlənməsinə gəlincə, ekspert bildirib ki, bu, əmək müqaviləsi ilə müəyyən ediləcək: “Əmək Məcəlləsinin 55-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə bağlı əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi vasitəsilə müəyyən edilir. Maddədən göründüyü kimi, distant işçi ilə bağlanacaq əmək müqaviləsində fərqli yanaşmalar – əmək şəraiti (məzuniyyət, iş vaxtı və s.), əməyin mühafizəsi, işçinin istifadə etdiyi internet və digər rabitə xərclərinin ödənilməsi və s. öz əksini tapmalıdır”.

Fərqanə ALLAHVERDİQIZI

VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır?