11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstirahət günü ezamiyyətə gedən işçilərə əməkhaqqının ödənilməsi qaydası

Əmək münasibətləri dövründə işçi işəgötürən tərəfindən başqa bölgəyə və yaxud xarici ölkələrə xidməti ezamiyyətə göndərilə bilər. Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin  “x” bəndinə əsasən, xidməti ezamiyyətdə olan işçi ezamiyyətdə olduğu müddətdə iş yeri və orta əməkhaqqı saxlanılır. Bəs ezamiyyət müddəti qeyri-iş günlərinə düşərsə, işçiyə ödəniləcək məbləğ necə hesablanır? “vergiler.az”ın sualına insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir.

Əmək Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmini həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

İstirahət günü işə cəlb olunan işçilərə isə əməkhaqqı Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə əsasən, gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir. Həmin maddənin 2-ci hissəsində isə göstərilib ki, istirahət günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Həmçinin, Məcəllənin 164-cü maddəsinin 1-ci hissəsinə əsasən, aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı verilə bilər.

Yuxarıda qeyd olunanları misallarla izah edək:

Misal 1: Beşgünlük iş rejimi ilə fəaliyyət göstərən müəssisədə işçi yanvar ayında ezamiyyətə göndərilir, işçinin ezamiyyə dövrü 2 istirahət gününə təsadüf edir. İşçinin aylıq vəzifə maaşı 1200 manat təşkil edir. İşçinin ezamiyyətdə olduğu istirahət günlərinə görə əməkhaqqı aşağıdakı qaydada hesablanmalıdır:

Bunun üçün ilk növbədə işçinin 2 istirahət gününə görə əlavə əməkhaqqı tapılmalıdır.

1 istirahət gününə görə hesablanmış məbləğ:
1200 : 19 = 63.15 manat;
63.15 x 2 = 126.30 manat.

2 istirahət gününə görə hesablanmış məbləğ:
126.30 x 2 = 252.60 manat.

Yanvar ayında işçiyə hesablanacaq əməkhaqqının məbləği:
1200 + 252.60 = 1452.60 manat.

Misal 2: İstirahət günləri ezamiyyətdə olan işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə istirahət günü verilərsə, işçiyə maaşdan əlavə əməkhaqqının hesablanması qaydası:

1 istirahət gününə görə hesablanmış əlavə əməkhaqqının məbləği:
1200 : 19 = 63.15 manat.

2 istirahət gününə görə hesablanmış məbləğ:
63.15 x 2 = 126.30 manat

Yanvar ayında işçiyə hesablanacaq əmək haqqının məbləği:
1200 + 126.30 = 1326.30 manat

Təcrübədə bəzən istirahət günləri işə cəlb olunan işçilərə həmin günlərə görə əvəzgün verilərkən maaşdan əlavə əməkhaqqı hesablanmır. Lakin Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci bəndinə əsasən, iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, ona maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla əməkhaqqı ödənilir.

Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, işçiyə istirahət günləri işə cəlb edildiyinə görə onun arzusu ilə əvəzgün verilsə belə, həmin günlərə görə maaşdan əlavə olaraq gündəlik vəzifə maaşı məbləğində əməkhaqqı ödənilməlidir.

Onu da qeyd edək ki, işçinin əməkhaqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi inzibati məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunverciliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək cərimə edilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?