Sosial sığorta stajı və əmək stajının fərqi nədir?
Bəzi məqamlarda sosial sığorta stajı, bəzi məqamlarda isə əmək stajı ifadəsi istifadə olunduğundan bu ifadələr dəyişik salınır. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov “vergiler.az”a sosial sığorta və əmək stajı anlayışlarını şərh edir.
Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin, eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
Əmək stajı isə işçinin faktiki işlədiyi, yəni faktiki olaraq əmək sərf elədiyi vaxt və Əmək Məcəlləsində göstərilmiş digər dövrlərin məcmusudur.
Əmək Məcəlləsində göstərilmiş digər dövrlərə aiddir:
a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əməkhaqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;
b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;
c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.
Sosial sığorta stajı əsasən işçinin pensiya təminatı üçün istifadə edilir. Əmək məzuniyyətinin verilməsi üçün isə əmək stajı tələb olunur.
Qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.
Sosial sığorta stajına isə aşağıdakı müddətlər daxil edilir:
- Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
Sığortaolunanın sığorta stajına yuxarıda qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər də daxil edilir:
- işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;
- yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət;
- müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;
- işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yeni peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət;
- əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət;
- zabit heyəti, gizir, miçman və müddətdən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerdə ərləri ilə yaşadıqları müddət;
- şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;
- mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət;
- hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
Əsas: Əmək Məcəlləsinin 132-ci maddəsi, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsi