İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya vergiyə necə cəlb edilir?
“vergiler.az” mövzu ilə bağlı əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilovun şərhini təqdim edir.
Məzuniyyətə görə pul əvəzi iki şəkildə - cari və keçmiş illərə görə kompensasiya şəklində ödənilə bilər. Hər iki halda ödənilən kompensasiyanın vergi və sosial sığorta haqqlarına cəlb edilib-edilməməsi və ya hansı şəkildə cəlb edilməsi bəzən çaşqınlıq yaradırdı. Bununla bağlı Dövlət Vergi Xidmətinin izahatı vardır. İzahata görə, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın vergi və sosial sığorta haqqına cəlb edilməsi aşağıdakı şəkildə aparılmalıdır:
Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.
Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.
Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üçün ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.
Misal 1: Qeyri-neft və özəl sektorda çalışan işçi cari il ərzində məzuniyyət hüququndan istifadə edə bilmir və əvəzində məzuniyyətin kompensasiyası üçün müraciət edir. Aprel ayında işçinin əməkhaqqı məbləği 400 manat olub, məzuniyyətin kompensasiyası isə 379 manat təşkil edib. Aprel ayında işçiyə cəmi 779 manat gəlir hesablanıb. Bu halda işçinin əməkhaqqı məbləği vergi və sosial sığorta haqqına necə cəlb olunmalıdır? Əməkhaqqı məbləği ayrı, kompensasiya ayrı, yoxsa birlikdə vergi və sosial sığorta haqqına cəlb olunmalıdır?
Cari iş ilinə görə isitfadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.
Misalımıza əsasən, müəssisə qeyri-neft və özəl sektora aid olduğu üçün 2019-cu il yanvarın 1-dən 7 il müddətinə fiziki şəxslərin gəlir vergisi əməkhaqqı 8.000 manatdan aşağı olduğuna görə tutulmur. Dövlət və neft sektoru olsaydı ayrı-ayrılıqda cəlb olunacaq idi. Nəticədə 400 manat əmək haqqı şəkilində ayrılıqda, 379 manat isə kompensasiya şəkilində ayrılıqda sosial sığorta haqqına cəlb ediləcəkdir.
Əməkhaqqından hesablanan sosial sığorta haqqı:
İşçidən: 200 x 3% = 6 manat;
200 x 10% = 20 manat;
Cəmi: 6 + 20 = 26 manat.
İşəgötürəndən: 200 x 22% = 44 manat;
200 x 15% = 30 manat;
Cəmi: 44 + 30 = 74 manat.
İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan hesablanan sosial sığorta haqqı:
İşçidən: 200 x 3% = 6 manat;
179 x 10% = 17,9 manat;
Cəmi: 6 +17,9 = 23,9 manat.
İşəgötürəndən: 200 x 22 = 44 manat;
179 x 15% = 26,85 manat;
Cəmi: 44 + 26,85 = 70,85 manat.
Misal 2: İşçi bankda 1 yanvar 2015-ci ildən kredit mütəxəssisi vəzifəsində fəaliyyət göstərir. 2021-ci ilin aprel ayında öz xahişi ilə əmək müqaviləsinə xitam verilib. İşçi müəyyən səbəblərdən 2019, 2020 və cari ilin məzuniyyətindən istifadə etməyib. Nəticədə onun cari tarixə 70 gün (30+30+10) istifadə edilməmiş məzuniyyəti vardır. İşçiyə əmək müqaviləsinə xitam verildiyi zaman 5.000 (2000+2000+1000) manat kompensasiya, 1.200 manat cari aya görə əməkhaqqı hesablanıb. Əməkhaqqı və kompensasiyanın vergi və sosial sığorta haqqlarına cəlb edilməsinə aydınlıq gətirək.
Öncə qaydanı xatırlayaq. Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə isitfadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və sostal sığorta haqqına cəlb olunur.
Deməli, 2019 və 2020-ci illərin istifadə edilməmiş məzuniyyət haqqları hər il üzrə 2.000 manat olmaqla illər üzrə ayrılıqda, 2021-ci ilin kompensasiyası isə aprel ayının əməkhaqqına əlavə edilmədən ayrılıqda 1.000 və 1.200 manat şəklində vergi və sosial sığorta haqqına cəlb olunacaq. İş yerinin dövlət və ya özəl sektor olmasından asılı olaraq, hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat azadolma məbləği çıxılaraq digər məbləğlər hesablanacaq.
Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu”