12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqının hesablanması
“vergiler.az” əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilovun mövzu ilə bağlı sual doğuran məsələlərə dair şərhini təqdim edir.
Əmək Məcəlləsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məcəllə işçilərin hüquqularını müdafiə etmək məqsədi daşıyır. Məntiqlə ayın ortasında işə qəbul olunan işçi 12 aydan az işləyib məzuniyyətə çıxan zaman onun orta əməkhaqqı məbləği aşağı olacağı üçün məzuniyyət haqqı da az hesablanmalıdır. Buna yol verməmək üçün ayın ortası işə qəbul və ya xitam olarsa, bu, məzuniyyət haqqının hesablanmasında nəzərə alınmır.
Amma işçinin tam işləmədiyi ay işə qəbul və xitamla bağlı deyilsə (ödənişsiz məzuniyyət və s. bu kimi səbəblərə görə), bu hal orta əməkhaqqının hesablanaması zamanı nəzərə alınacaqdır. Məsələn, tutaq ki, aprelin 13-də işə qəbul olmuş işçi dekabrın 26-da məzuniyyətə çıxmaq üçün müraciət edib. İşçinin iyun ayında 10 günlük ödənişsiz məzuniyyətdə olduğunu fərz etsək, orta aylıq əməkhaqqının hesablanması zamanı may-noyabr ayları nəzərə alınacaq. İyun ayında işçi ödənişsiz məzuniyyətdə olduğundan əməkhaqqı digər aylara nisbətdə az olacaq və orta əməkhaqqının hesablanması zamanı bu, nəzərə alınacaq.
Lakin 12 aydan artıq işləyib məzuniyyətə çıxanlar üçün belə bir tələb müəvyənləşdirilməyib. İşçinin hər hansı səbəbdən son 12 təqvim ayında işləmədiyi dövrlər orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır.
Misal 1. 2022-ci il yanvar ayının 18-də işə qəbul olmuş işçi, avqust ayının 3-də məzuniyyət hüququndan istifadə etməklə bağlı müraciət edib. İşçinin əməkhaqqı məbləği 500 manatdır. İşçi yanvar ayında işə ayın ortasında qəbul olduğu üçün 250 manat əməkhaqqı alıb. Bu halda orta əməkhaqqının hesablanması zamanı yanvar ayı nəzərə alınmayacaq. Məzuniyyətdən əvvəlki 6 tam təqvim ayının əməkhaqqına əsasən orta əməkhaqqı müəyyən ediləcək və məzuniyyət haqqı hesablanacaq.
Misal 2. Müəssisənin işçisi 18 mart 2020-ci ildə işə qəbul olunub və 5 may 2021-ci ildə əmək məzuniyyətindən istifadə etmək üçün müraciət edib. İşçi 2020-ci ilin oktyabr və noyabr aylarını ödənişsiz məzuniyyətdə olub. Orta əməkhaqqının hesablanması necə aparılacaq?
Bu halda, orta əməkhaqqının hesablanması zamanı işçinin ödənişsiz. məzuniyyətdə olduğu aylar nəzərə alınacaq və 10 aydakı əməkhaqqının cəmi (2 ay ödənişsiz məzuniyyətdə olduğu üçün əməkhaqqı almayıb) 12 aya bölünərək orta aylıq gəlir tapılacaq. Yəni işçinin ümumi gəliri 10 aya deyil, 12 aya bölünərək orta aylıq gəlir tapılacaq. Bu halda işçinin iki ay gəliri olmadığı üçün orta aylıq gəlir aylıq əməkhaqqından az olacaq.
Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı