13 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Alıcı ticarət obyektinə vurduğu zərərə görə cavabdehlik daşıyır?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti alıcının ticarət obyektinə vurduğu zərərə görə cavabdehlik daşıyıb-daşımamasına aydınlıq gətirib.

Dövlət Xidmətindən "Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına bildirilib ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Delikt nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir: "Hər hansı şəxs bilərəkdən və ya bilməyərəkdən əmlaka zərər vurursa, onda o, əmlakın dəyərini tam həcmdə ödəməlidir. Əgər istehlakçı bilməyərəkdən hər hansı bahalı əşyaya zərər vurursa, buna görə satıcı da məsuliyyət daşıyır. Çünki nümunəvi xüsusi mallar xüsusi vitrinlərdə, istehlakçı üçün əlçatmaz yerlərdə qoyulmalıdır. Bu əşyalar şüşə arxasında olmalıdır ki, şəxs bilərəkdən, ya bilməyərəkdən onlara zərər yetirə bilməsin. Satıcı, yaxud mağaza sahibi bu əşyaların qorunmasına mütləq şəkildə nəzarət etməlidir".

Xidmətdən qeyd edilib ki, Mülki Məcəllənin müvafiq maddələrinə görə, zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bundan əlavə, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz elan edilmiş və yetkinlik yaşına çatmayan şəxslərin də vurduqları zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 14 yaşına qədər yetkinlik yaşına çatmayanların vurduqları zərərin əvəzini onların valideynləri ödəyir. 14 yaşdan 18 yaşadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Əgər 14 yaşdan 18 yaşadək olan və himayəçiliyə ehtiyac duyan yetkinlik yaşına çatmayan müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun himayəçisi olan digər oxşar müəssisədədirsə, həmin müəssisə zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərərin hamısını və ya çatışmayan hissəsini ödəməyə borcludur. 14 yaşına qədər yetkinlik yaşına çatmayan, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu və ya ona nəzarət etməli olan təşkilat, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəyirlər: “Fəaliyyət qabiliyyətli fiziki şəxs və ya 14 yaşdan 18 yaşadək olan yetkinlik yaşına çatmayan öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə mülki hüquq pozuntusu törətdikdə vurduğu zərər üçün məsuliyyət daşımır. Əgər zərərçəkənin həyatına və ya sağlamlığına zərər vurulubsa, məhkəmə zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə digər halları nəzərə almaqla, zərərin əvəzini tamamilə və ya qismən ödəmək vəzifəsini zərərvuranın üzərinə qoya bilər. Əgər psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilməyən şəxs mülki hüquq pozuntusu törədibsə, məhkəmə zərərin əvəzini ödəmək vəzifəsini həmin şəxslə birlikdə yaşayan, zərərvuranın psixi pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamış arvadının (ərinin), valideynlərinin, yetkinlik yaşına çatmış uşaqlarının öhdəsinə qoya bilər”.

İlhamə İSABALAYEVA

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?