3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fərdi hesabda toplanan pensiya kapitalının indeksləşdirilməsi

Vətəndaşların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının indeksləşdirilərək artırılması üçün Dövlət Statistika Komitəsi istehlak qiymətləri indeksinin illik səviyyəsini açıqlamalıdır. Artım necə hesablanır? “vergiler.az”ın sualını Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili cavablandırır.

“Əmək pensiyaları haqqında” qanunun 29.1-1-ci maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Qanunvericiliyə uyğun olaraq sığortaolunanların, yəni hazırda əmək fəaliyyətini davam etdirən vətəndaşların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı (pensiya təyinatında istifadə edilməmiş kapital) ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən indeksləşdirilir:

“Məsələn, ötən ilin istehlak qiymətləri indeksinin illik səviyyəsi (infilyasiya) 6,7 faiz olub. Tutaq ki, vətəndaşın 35 yaşı var və onun fərdi hesabının sığorta hissəsində 45.000 manat pensiya kapitalı qeydə alınıb. Qaydaya uyğun olaraq hələ pensiya hüququ yaranmamış vətəndaşın pensiya kapitalı 1 yanvar 2022-ci il tarixindən 6,7 faiz indeksləşdirilərək 48.015 manata çatdırılıb:

45.000 x 6,7% = 48.015 manat.

R.Mehdili pensiya təyin olunan vətəndaşların pensiya kapitalının da indeksləşdirildiyini deyib. Bu zaman əvvəlki ilin orta aylıq əməkhaqqındakı artım tempi əsas götürülür:

“Qanunvericiliyə uyğun olaraq pensiya təyin edilmiş sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən indeksləşdirilir. Məsələn, ötən ilin orta aylıq əməkhaqqının illik artım səviyyəsi 3,4 faiz olub. Bununla bağlı fərdi hesabının sığorta hissəsində artımı hesablayaq:

Tutaq ki, fərdi hesabında 72.000 manat pensiya kapitalı olan vətəndaş 500 manat əmək pensiyası alır.

72.000:144 = 500 manat.

1 yanvar 2022-ci il tarixindən həmin şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınan 72.000 manat pensiya kapitalı orta aylıq əməkhaqqının artım tempinə uyğun - 3,4 faiz indeksləşdirilməklə 72.000 manatdan 74.448 manata çatdırılır.

72.000 x 3,4% = 74.448 manat.

Buna müvafiq olaraq həmin vətəndaşın pensiyası 500 manatdan 517 manata çatdırılıb:

74.448 :144 = 517 manat.

Departament müdiri əlavə edib ki, Dövlət Statistika Komitəsi tərəfindən 2022-ci ilə dair istehlak qiymətləri indeksinin illik səviyyəsi müəyyən edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bu ilin 1 yanvar tarixindən fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək artırılacaq. Fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının indeksləşdirilməsi bütün sığortaolunanlara eyni qaydada şamil olunur. Sığortaolunanın əmək müqaviləsi və mülki müqavilə ilə işləməyindən aslı olmayaraq fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı eyni qaydada indeksləşdirilir.

Fərqanə ALLAHVERDİQIZI

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ