16 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tahir Mirkişili: “Biznesə dəstək mexanizmləri sahibkarların yeni bazarlara çıxışını asanlaşdıra bilər”

Tahir Mirkişili: “Biznesə dəstək mexanizmləri sahibkarların yeni bazarlara çıxışını asanlaşdıra bilər” AÇIQLAMA

Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2026-cı il tarixli Fərmanı ilə Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən nəqliyyat xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanır. Bu dəstək sahibkarların logistika xərclərini azaldacaq və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini gücləndirəcək. Dəstək bu ilin sentyabrın 1-dən etibarən tətbiq olunur.

Kiçik və orta sahibkarlar üçün ixrac imkanları genişlənir

Yeni dəstək mexanizmi 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara şamil olunur. Məsələni “vergiler.az”a şərh edən millət vəkili Tahir Mirkişili vurğulayıb ki, daşıma xərci xarici bazara məhsul çıxaran sahibkar üçün əsas məsələlərdən biridir. Bəzən məhsulun keyfiyyəti yüksək, maya dəyəri isə kifayət qədər münasib olsa da, nəqliyyat xərcləri əlavə olunduqda xarici bazarlarda rəqabət aparmaq çətinləşir. Deputat deyir ki, dövlət başçısının müəyyənləşdirdiyi yeni dəstək mexanizmi də məhz bu maneəni aradan qaldırmağa, yerli istehsalçıların xarici bazarlara çıxışını asanlaşdırmağa xidmət edir.

Nəqliyyat xərclərinin 70 faizədək hissəsinin dövlət tərəfindən qarşılanması sahibkara məhsulunu xarici alıcıya daha sərfəli qiymətlə təklif etmək imkanı yaradır. T.Mirkişilinin sözlərinə görə, sözügedən dəstək xüsusilə ixraca yeni başlayan kiçik və orta sahibkarlar üçün əhəmiyyətlidir. Çünki ilk sifarişlərdə daşınma xərcinin yükü daha çox hiss olunur. Həmin yükün azalması sahibkarın yeni bazara çıxmasını asanlaşdıra bilər.

Yerli daşıyıcıların xidmətlərinə tələb arta bilər

Millət vəkili qərarla bağlı fikirlərini bildirərkən bir məqama xüsusi diqqət yetirməyin vacibliyini vurğulayır. Belə ki, daşımalar üzrə xərclərin avtomatik olaraq 70 faizi ödənilmir. Dəstək məbləği nəqliyyat vasitəsinin növü, faktiki daşıma xərci və məhsulun gömrük dəyəri nəzərə alınmaqla hesablanır. Bu zaman müəyyən edilmiş iki məbləğdən daha aşağı olanı ödənilir. Azərbaycan qeydiyyatlı avtomobillərlə həyata keçirilən daşımalar üçün daha yüksək dəstəyin nəzərdə tutulması isə yerli daşıyıcıların xidmətlərinə tələbatın artmasına da şərait yarada bilər.

Uzunmüddətli dəstək sahibkarların investisiya planlarını asanlaşdıracaq

Naxçıvanda istehsal olunan məhsulların ölkənin digər bölgələrinə daşınmasına dəstək ayrıca əhəmiyyət daşıyır. Deputat qeyd edib ki, bu, yerli istehsalçıların ölkə daxilində daha geniş alıcı dairəsinə çıxmasına, mağaza və satış şəbəkələri ilə əməkdaşlığı artırmasına şərait yaradır. Satış imkanları genişləndikcə istehsalı böyütmək və yeni iş yerləri yaratmaq üçün də zəmin yaranır.

Mexanizmin uzunmüddətli olması sahibkara gələcək sifarişlərini və investisiyalarını daha inamla planlaşdırmağa imkan verir. Əsas məsələ müraciət və ödəniş prosesinin sadə, şəffaf və operativ təşkil edilməsidir. Sahibkar hansı dəstəyi alacağını əvvəlcədən bilməli, hesablamalarını buna uyğun aparmalıdır.

Gözlənilən nəticə daha çox yerli sahibkarın ixraca yönəlməsi, mövcud ixracatçıların yeni bazarlara çıxması və ölkəyə qeyri-neft-qaz sektoru hesabına valyuta daxilolmalarının artmasıdır. T.Mirkişili qeyd edib ki, keyfiyyətli istehsal, düzgün satış strategiyası və sərfəli daşıma bir-birini tamamladıqda bu dəstək davamlı ixrac artımına çevrilə bilər.

Faiq KƏRİMOĞLU

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?